Əlaqə Arxiv
news Image
2018.09.03
14:30
| A A A
Macarıstanın Debrecen Universitetində Qarabağla bağlı təqdimat və kitab sərgisi keçirilib

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Münaqişə zonalarında humanitar fəlakət və tarixi-mədəni irsin məhv edilməsi Avropa alimlərinin baxışında” adlı layihə çərçivəsində Macarıstanın Debresen universitetində gənc alimlər, doktorantlar, magistrlər üçün təqdimat və kitab sərgisi təşkil ediblər. Təqdimatlarda Ermənistan tərəfindən işğal edilmiş Qarabağda erməni cəlladları tərəfindən dağıdılmış və total saxtaraşdırılmış tarixi-arxeoloji abidələr haqqında tarixi həqiqətlər təbliğ edilmiş, gənc tədqiqatçılar üçün Azərbaycan tarixi, Qarabağ həqiqətlərindən bəhs edən kitab sərgisi təşkil edilmişdi. 

Avropa Gənc Alimlər Şurası və Macarıstan Gənc Alimlər Assosasiyasının təşkilati dəstəyi ilə təşkil olunmuş elmi təqdimat və kitab sərgisndə 200 nəfər gənc alim, doktorant və magistrlər iştirak edib. Macarıstanın Pannonia Universitetinin müəllimi, EURODOC-un İdarə Heyətinin üzvü  Peter Szabo tədbirdə çıxış edərək, həm EURODOC-la, həm də təmsil etdiyi Macarıstanın DOSZ təşkilatı ilə Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti arasında əməkdaşlıqdan danışaraq, bu cür maarifləndirici tədbirlərin gələcəkdə də həyata keçirilməsinin önəmini qeyd edib.  
Layihənin rəhbəri, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov layihənin məqsədi barədə danışaraq bildirib ki, artiq uzun illərdir Azərbaycanda multikulturalizm dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilib: “Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı ölkəyə, dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevirib. Azərbaycan multikulturalizm, tolerantlıq dəyərlərini dövlət siyasətinin əsas hissələrindən biri kimi bəyan etdiyi halda, Ermənistan işğal etdiyi Azərbaycanın tarixi Qarabağ ərazisində azərbaycanlılara məxsus tarixi-arxeoloji mədəniyyət abidələrini ya dağıdır, ya da tarixi faktları saxtalaşdıraraq özününküləşdirir. Erməni mənbələrində ayrı-ayrı vaxtlarda yer alan məlumatlara, peyk çəkilişlərinə, ATƏT-in işğal olunuş ərazilərdəki vəziyyəti araşdıran missiyasının hesabatına, habelə digər mənbələrdən toplanan məlumatlara görə, bu ərazilərdə indiyədək yüzlərlə tarixi abidə tamamilə dağıdılıb”.
Layihənin eksperti, tarix elmləri üzrə fəlsəfə doktoru, Ruslan Rəhimli çıxışında qeyd edib ki, Azərbaycanın işğal edilmiş ərazilərində 13 dünya əhəmiyyətli, 292 ölkə əhəmiyyətli və 330 yerli əhəmiyyətli, 15 dekorativ sənət nümunəsi, tarix və mədəniyyət abidələri qalıb. Hərbi təcavüz nəticəsində işğal edilmiş ərazilərdə ilk insan məskənlərindən olmuş Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılır. 
Münaqişədən əvvəlki vəziyyəti və münaqişə dövründə ermənilər tərəfindən dağıdılmış Qarabağ abidələrinin vəziyyəti şəkillər vasitəsilə iştirakçılara göstərilmişdir. 
Tədbirin yekununda iştirakçılara Qarabağın tarixi-mədəni abidələri barədə sənədli film nümayiş etdirilib. Avropali gənc alim və tədqiqatçılara edilən müraciətdə münaqişə zonalarında maddi-mədəniyyət abidələrinin dagıdılmasına biganə qalmamaları və buna qarşı mübarizə aparmaları tövsiyyə edildi. Universitetdə təşkil olunmuş kitab sərgisində Azərbaycan tarixi, Qarabağ həqiqətləri, azərbaycanlılara qarşı kütləvi qırğınlarla bağlı kitablar nümayiş olundu.

Sizin Reklam Yeriniz