news Image
2018.09.04
07:00
| A A A
Ermənistanda vəziyyət «ruscadır»
Elman Məmmədov: “Ermənistanda iqtisadi və siyasi böhran daha da dərinləşəcək” Tofiq Abbasov: “Ermənistanda analoqu olmayan gərgin vəziyyət yaranıb”

Məlumdur ki, Nikol Paşinyan hakimiyyətə gələndən bəri öz yerini bərkidə bilmir. Əksinə, ölkədə hər ötən gün vəziyyət daha da gərginləşir. Əksər analitiklərin fikrincə,  Ermənistanda qarşıdurma daha da kəskin xaratker alacaq. Bu isə ölkənin gələcəyinə, ən əsası isə Qarabağ münaqişəsinin gedişinə təsirsiz ötüşməyəcək. 

Millət vəkili Elman Məmmədov bildirir ki, Nikol Paşinyanın hakimiyyətə gətirilməsi Ermənistanda qeyri-müəyyənlik yaradıb: “Bu qeyri-müəyənlik isə getdikcə daha da kəskinləşəcək. Çünki uzun illər kök salmış kriminal Sarkisyan-Köçəryan cütlüyü Ermənistanda bütün sahələrə sirayət ediblər. Yəni, onlar hələ də güclüdürlər. Xüsusi ilə parlament, hərbi, iqtisadiyyatın böyük hissəsi onların idarəçiliyindədir. Onların xaricdən də böyük dəstəkləri var. Bu fonda Ermənistanda iqtisadi və siyasi böhran daha da dərinləşəcək. 
Həmçinin hərbi istiqamətdə də zəifləməsinə gətirib çıxardacaq. Azərbaycan isə bu məqamlardan bəhrələnməyi bacarmalıdır. Onu da unutmaq olmaz ki, Ermənistan-Rusiya münasibətləri pisləşməyə doğru gedir. Bu da bizə şans verir. Həmçinin sentyabrın 1-də ölkə rəhbərinin Rusiyaya səfəri və imzalanan sənədlər Azərbaycanın xeyrinədir. Bütün bunların yaxın gələcəkdə bəhrəsini görəcəyik”.
Digər politoloq Tofiq Abbasov bildirdi ki, Ermənistanda analoqu olmayan gərgin vəziyyət yaranıb: “Bir tərəfdən rəsmi hakimiyyət var. Digər tərəfdən isə meydanlarda insanlar var. Yəni, böyük anlaşılmaz vəziyyət yaranıb. Parlament buraxılmayıbsa, deməli, xalqın təmsilçiləri orada əyləşiblər. Necə olur ki, həm parlament var, həm də küçədə insanlar səlahiyyət sahibinə çevrilirlər?! Paradoks da bundadır. 
Nəzərə alaq ki, parlamentdə əyləşənlərin hər biri xalqın təmsilçisidir. Yəni, sözün əsl mənasında ermənisayağı vəziyyət yaranıb. Ona görə də başıpozuqluq baş alıb gedir. Bununla da Ermənistan daxilində dağıdıcı qüvvə yetişir. İctimai-siyasi vəziyyət son dərəcədə gərgin və qeyri-sabitdir. Vəziyyət get-gedə də dərinləşəcək.  Digər tərəfdən Ermənistanda qisas hissi həddən artıq yüksəlib. Dağıdıcı meyllərin gücləndiyi bir vaxtda partlayış qaçılmaz olacaq. Emənistanda sosial vəziyyətin də yaxşı olmadığını nəzərə alsaq, hadisələr daha pis istiqamətdə cərəyan edəcək. Bu hərəkatın qarşısını almaq mümkün olmayacaq. Problemlərin həlli isə anti-böhran proqramından keçir. Bu isə yoxdur. Vəziyyətin bu istiqamətdə davam etməsi ölkədəki bütün sahələrə təsirsiz ötüşməyəcək”.
Mübariz BAYRAMOV