Əlaqə Arxiv
news Image
2018.09.04
09:15
| A A A
Trampın Amerikası ağalıq arzusu fonunda nüfuzunu itirir
Qarşılıqlı hörmət və etimad olmadan dünya siyasətində dominantlıq etmək olmaz, çünki zaman dəyişib

ABŞ ənənəvi mütəffiq saydığı Türkiyə ilə münasibətləri kəskinləşdirir. Düzdür, bu prosesdə heç də ölkənin bütün siyasi qüvvələri iştirak etmir. Lakin bütün qüvvələrdən üstün olan prezident qərarları hələ ki, bu istiqamətə yönəlib və Donald Trampın heç də hamı tərəfindən təqdir olunmayan siyasəti münasibətləri ardıcıl olaraq pisləşdirməkdədir. 

Situasiya sanki kritik məcraya dirənib. Ancaq vəziyyət üzdə göründüyü kimi deyil. Yəni, Amerikanın Türkiyəyə qarşı sərgilədiyi “sanksiyalar müharibəsi” ilə türklərin axırına çıxmaq arzusu reallaşmayacaq. Əksinə, Türkiyə iqtisadiyyatı və siyasi mentaliteti bu mübarizədə daha da möhkəmlənəcək. Belə ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan dəfələrlə elan edib ki, ABŞ-ın təzyiqlərinə heç bir vəchlə boyun əyməyəcəklər. 
Vəziyyəti dərindən təhlil edəndə aydın görünür ki, Trampın məqsədi onun dediyi kimi, casusluq fəaliyyətinə görə amerikalı keşiş Bransonun hənsdən azad edilməsi yox, Türkiyənin ucaldığı mənəvi-siyasi zirvədən məhrum edilməsidir. İndiki fəaliyyəti ilə bu ölkə dünyada Amerika hökmranlığına qarşı yaranmış ictimai-ciyasi cəbhənin liderliyinə yüksəlib. Üçüncü dünya ölkələri bu mübarizədə Türkiyə ətrafında getdikcə daha sıx birləşməyə başlayıb. Digər supergücləır, məsələn Rusiya və Çin isə Türkiyə simasında özlərinə yeni tərəfdaş tapıblar. 
Bu proses ayrı-ayrı halqalarına görə dövlət başçılarının fərdi qərarları və siyasətləri ilə çulğalaşsa da, əslində tarixin qanunauyğun gedişinin yeni məzmunudur. Belə ki, ABŞ-ın demək olar ki, bütün sahələrdə dominantlığı və aşkar ağalıq etmək arzusu dünya ölkələrinin müasir inkişaf tempi ilə uzlaşmır. Buna görə də onunla əməkdaşlıq edənlərin qəlbində gizli bir etiraz hikkəsi həmişə olub. Lakin güc həmişə işini görür və ona qarşı çıxış etmək hər hansı ölkəni təklikdə məhvə aparır. Məsələn, son olaraq İraq müharibələrini yada salaq. Dünya bilirdi ki, Amerikanın bu ölkəyə hücumu haqsızdır. Lakin buna baxmayaraq, 30 sanballı ölkə bu hücumda ABŞ-ın yaratdığı koalisiyaya daxil olmuşdu. Həmin müharibədə İraq xarabazarlığa çevrildi, amma müharibəyə bəhanə göstərilmiş səbəblər təsdiq olunmadı. Əvəzində isə İraqın neft sənayesində rus mütəxəssislər və fransız texnologiyaları ABŞ-ın texnologiyaları ilə əvəz olundu. Hətta koalisiyaya daxil olan ölkələr də Amerikanın yanında olduqlarından məyus qaldılar. Çünki, dünya hökmranlığı möhkəmlənən amerikalıların onlara da təzyiqi gücləndi. İndi Türkiyəyə qarşı Trampın təhdidləri eyni xarakterdədir. Lakin Türkiyə dünya tarixinin ən önəmli və güclü dövlətlərindən biri olduğundan ona qarşı təhdidedici siyasəti qəbul edə bilmir və buna qarşı mübarizə aparmağa qabildir. 
Tramp Türkiyəyə hücumunda öz koalisiyasını yarada bilməyib. Əksinə, ABŞ-a qarşı Türkiyə ətrafında birinci dairə, Türkiyənin Rusiya, Çin və İranla birlikdə ikinci dairə yaranıb ki, beş Tramp da gəlsə bu ittifaqlara qarşı dura bilməyəcək. Çünki, dünya iqtisadiyyatı yalnız Amerikadan ibarət deyil və digər dünya öz iqtisadi və siyasi əlaqələrini sahmana salsalar, Vaşinqton hakimiyyəti özü təcridə məruz qalacaq. 
Bəzi siyasi təhlilçilər Donald Trampın əsas məqsədinin Ərdoğanı devirmək olduğunu söyləyirlər. Lakin bu, belə deyil. Ərdoğan güclü siyasətçi və möhkəm liderdir. Ancaq onu fərdi keyfiyyətləri ilə yanaşı zamanın tələblərini də diqqətə almaq gərəkdir. Dövr və şərait Türkiyə liderinin siyasətini istiqamətləndirir. Təbii ki, bir şəxsiyyət olaraq R.T.Ərdoğan da zamanın tələblərinə cavab verməyi bacarır.   
Bu gün Almaniya, Rusiya, Çin, Türkiyə, İran, Şimali Koreya və digər dövlətlərlə ABŞ-ın münasibətləri böhran içərisindədir. Böhranda hədəf Çindir. Rusiya, İran və Türkiyə bu sıranı tamamlayır. Ancaq digər üç ölkəyə gedən yol Türkiyədən keçir. Türklər ABŞ-ın yolu üstündə sipər rolunu oynayır. Bu amilə görə digər ölkələr, o cümlədən regionda türklərdən nicat uman dövlətlər Trampın başıpozuqluğuna qarşı mübarizədə Türkiyənin yanındadırlar. Üstəlik, Avropanın bəzi sayılan dövlətləri də Türkiyəni müdafiə etmək məcburiyyətindədirlər, ona görə ki, Türkiyə ABŞ-a boyun əysə, Tramp həmin ölkələri də “ayaqlamaq” arzusuna düşəcək.
Beləliklə, dünyadakı hazırkı siyasi və iqtisadi durum və bu sahələrdə gələcək perspektivlər göstərir ki, ABŞ-Türkiyə təhdidlərində Ankara lirənin ucuzlaşması kimi çətin anlar yaşasa da sonda iqtisadi və siyasi yüksəlişini davam etdirərək qalib durumda addımlayacaq.
N.NOVRUZ
 

Sizin Reklam Yeriniz