news Image
2012.04.30
21:38
| A A A
BMT-də Qarabağ münaqişəsilə bağlı yeni mərhələ başlanır
Bu gündən Azərbaycan BMT Təhlükəsizlik Şurasında sədrlik səlahiyyətlərini yerinə yetirir və münaqişə ilə bağlı yeni bir qətnamənin qəbulu istisna olunmur

Ölkəmiz mayın 1-dən rəsmən BMT Təhlükəsizlik Şurasında sədrlik səlahiyyətlərinin icrasına başlayır. Ekspertlər hesab edir ki, rəsmi Bakının ali quruma sədrliyi beynəlxalq imic baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə isə Dağlıq Qarabağ münaqişəsinə dair yeni qətnamənin qəbul edilməsi istisna olunmur.

Rəsmi Bakı artıq bəyan edib ki, BMT Təhlükəsizlik Şurasında yalnız ədalətli mövqe nümayiş etdirəcək. Azərbaycan ali qurumun sədri olaraq, beynəlxalq birlikdən bütün məsələlərə olduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin həllinə də ədalətlə yanaşılmasını tələb etmək haqqından istifadə edəcək.

Azərbaycanın bu gündən sədrlik edəcəyi BMT Təhlükəsizlik Şurasında bu və yerinə yetirilməyən digər qətnamələrlə bağlı məsələni yenidən gündəmə gətirəcəyi gözlənilir. Onlardan biri də 1993-cü ilin aprelin 30-da BMT Təhlükəsizlik Şurası Kəlbəcər rayonunun ermənilər tərəfindən işğalı ilə bağlı 822 saylı qətnamədir. BMT Təhlükəsizlik Şurasının 19 il əvvəl qəbul etdiyi qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Amma həmin sənəd, o cümlədən sonradan qəbul edilmiş daha 3 qətnamə hələ də yerinə yetirilməyib. BMT isə onların icrası ilə bağlı qəti mövqe nümayiş etdirmir. Hazırda rəsmi İrəvan BMT və ATƏT -in prinsiplərinə zidd olaraq, işğal siyasətini davam etdirir. Təcavüz siyasətindən əziyyət çəkən Azərbaycan isə öz haqq səsini beynəlxalq tribunadan səsləndirmək imkanı qazanıb. Bu məqam isə artıq Ermənistanda ciddi narahatlıq doğurur.

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bildirir ki, Azərbaycanın 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi Ermənistanın fəaliyyətsizliyinin nəticəsində mümkün olub: "Xarici siyasətimizin qarşıya qoyulası bir məqsədi yoxdur və bunun nəticəsidir ki, diplomatik şouya çevrilib". Vardan Oskanyanın qənaətincə, məhz bu səbəbdən də ölkə ikitərəfli və çoxtərəfli münasibətlərdə hər hansı bir irəliləyiş əldə edə bilməyib. Ermənistan xarici siyasət idarəsinin gündəliyində duran iki əsas məsələyə - Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Ermənistanla Türkiyə arasında imzalanmış protokollara müraciət edən Oskanyan vurğulayıb ki, erməni-türk prosesində milli maraqlar qurban verilib.

Ermənistanda bu kimi fikirlər əslində getdikcə daha çox səslənir ki, İrəvan Azərbaycan qarşısında ciddi diplomatik məğlubiyyətlə üzləşib. Məsələn, Ermənistan Politoloqlar İttifaqının sədri Amayak Ovanisyan bundan öncə bildirib ki, Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının üzvü seçilməsi erməni diplomatiyasının bağışlanmaz uğursuzluğu, Ermənistan XİN-nin iflasıdır. İstənilən halda, ekspertlər hesab edir ki, Ermənistanın, həmçinin, Rusiyanın müəyyən dərəcədə maneələrinə baxmayaraq, Qarabağ münaqişəsinin müzakirələri və bu kontekstdə həll prosesinə müəyyən təsir göstərən addımların atılması ATƏT-in Minsk qrupu çərçivəsindən çıxacaq.

O da gözlənilir ki, üzvlük məsələsindən sonra əlavə imkanlar əldə etmiş Azərbaycan diplomatiyası BMT TŞ-də Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı sayca beşinci qətnamənin qəbul edilməsinə nail olacaq. Ekspertlərin fikrincə, bu qətnamədə Azərbaycan torpaqlarının hələ də Ermənistan qoşunlarının işğalı altında olması faktı, məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması problemi, yanğınlar, toponimlərin adlarının dəyişdirilməsi, təbii ehtiyatların talan edilməsi problemləri də daxil olmaqla, işğal olunmuş ərazilərdəki ümumi vəziyyət əksini tapa bilər.

Yeni qətnamənin qəbulunun əhəmiyyətli, lakin çox çətin bir məsələ olduğuna diqqət çəkən təhlilçilər onu da bildirir ki, bunun üçün BMT TŞ-nin 5 daimi üzvünün hamısının razılığı olmalıdır. BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi, səfir Fikrət Akçura da bu günlərdə verdiyi açıqlamada bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətnamənin qəbulu üçün BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan 5 ölkənin razılığı lazımdır. O, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul etdiyini xatırladıb: "Bundan sonra ATƏT-in Minsk qrupu yaradılıb və 4 qətnamənin icrası məsələsi Minsk qrupuna həvalə olunub. Amma çox təəssüf ki, münaqişə 20 ildir həllini tapmayıb. Artıq ciddi irəliləyiş əldə olunmadığı üçün insanlar da narahatdırlar. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu üçün bu məsələni orada hər zaman gündəmə gətirə bilər. Bəlkə də bu 2 il müddətində Azərbaycanın təşəbbüsü ilə BMT TŞ Qarabağ münaqişəsinin həlli məsələsini gündəmə gətirə bilər. Bu məsələ daha çox Azərbaycanın təşəbbüsündən asılıdır. Münaqişənin həlli ilə bağlı qətnamənin qəbulu üçün BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan 5 ölkənin razılığı lazımdır".

Yeni qətnamə isə Azərbaycan üçün vacib sayılır. Çünki qəbul olunan 4 qətnamə barədə artıq müxtəlif fikirlər səslənməyə başlayıb. Hətta Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda səfərdə olarkən taftoloji xarakter daşısa da belə fikir səsləndirdi ki, BMT TŞ-nin Qarabağla bağlı qəbul etdiyi bütün qətnamələr artıq icra olunub. Məhz bu şəraitdə yeni qətnamənin qəbulu köhnələrdə olan şərtləri də yada salar və çox mötəbər bir sənəd ola bilər. Qeyd olunduğu kimi, hadisələrin bu səpkidə inkişaf edə biləcəyi əvvəlcədən artıq Ermənistan tərəfindən ciddi narahatlıqla qarşılanmaqdadır.

XİN-in mətbuat katibi Elman Abdullayev Azərbaycanın BMT TŞ-da sədrliyi dövründə prioritetlərini açıqlayarkən deyib ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasında sədrliyi müddətində təhlükəsizlik məsələsi bir nömrəli prioriteti olacaq.

E.Abdullayev onu da deyib ki, BMT Təhlükəsizlik Şurasında sədrlik edən ölkə digər üzv dövlətlərlə əlaqələndirilmiş şəkildə TŞ-ın gündəliyini tərtib edir: "Gündəliyə dünya ictimaiyyətinin qarşılaşdığı problemlər, çağırışlar, ümdə məsələlər prioritetləşdirilmiş şəkildə daxil olur. Təbii ki, Azərbaycan üçün də dünyadakı bir sıra proseslər önəmlidir". XİN rəsmisi deyib ki, ən önəmlisi dünya ictimaiyyətinin üzləşdiyi təhlükəsizlik məsələsidir.

"Azərbaycan bu problemlə üzləşən ölkələrdən biridir. Ermənistanın işğalçılıq siyasəti, torpaqlarımızın hələ də 20 faizini işğal altında saxlaması yalnız bizim üçün deyil, Cənubi Qafqazın təhlükəsizliyi üçün ən böyük bəladır".

Əsgər CAVADOV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs