news Image
2018.09.06
08:00
| A A A
Qarabağ məsələsində dplomatik fəallıq yenidən artır
Natiq Miri: “Bütün bunların əsas səbəbi isə prosesin sonda Rusiyaya dirənməsi ilə bağlıdır” Oqtay Sadıqzadə: “Son səfərləri bir xəttin müxtəlif halqaları hesab etmək olar”

Məlumdur ki, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi Tomas Qreminger regionda səfərdədir. Artıq o, sentyabrın 4-də Ermənistanda işgüzar səfərdə olub. Bakıya isə sentyabrın 12-də gələcək. 

Qeyd edək ki, bundan əvvəl ölkə rəhbəri İlham Əliyev Rusiyaya rəsmi səfər etdi. Həmçinin avqustun 25-də Almaniya kansleri Angela Merkel, 18 iyulda isə İtaliya prezidenti Sercio Mattarella ölkəmizə gəldilər. Düzdür, səfərlər çərçivəsində müzakirə edilmiş məsələlər məlumdur. Lakin bunlarla yanaşı İtaliya, Almaniya, Rusiya kimi ölkələrlə əlaqələrdə Qarabağ probleminə toxunulması da xüsusi əhəmiyyət kəsb edib. 
Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri hesab edir ki, bu cür görüşlərdən uzağa gedən nəticələr gözləmək düzgün olmazdı: “Çünki sədrliyə gələn dövlətlər adətən protokola  uyğun bu cür görüşlər keçirməyə başlayırlar. ATƏT-in missiyası münaqişələrin həlli ilə məşğul olmaqdır. Bu mənada müəyyən görüntü yaradırlar. Bundan əvvəl də Avropanın ən hegemon dövləti olan Almaniya ATƏT-ə sədrlik etdi. Ciddi bəyanatlar verilirdi. Almaniya prezidenti Valter Ştaynmayer müəyyən təkliflərlə çıxış edirdi. Ancaq sonda təklif planlarından imtina edildi və böyük susqunluq yarandı. Bütün bunların əsas səbəbi isə prosesin sonda Rusiyaya dirənməsi ilə bağlıdır. Çünki bu münaqişəni yaradan və idarə edən əsas böyük dövlət Rusiyadır.  
Minsk qrupunda üç həmsədr dövlətin olmasına baxmayaraq, prosesdə həlledici siyasi amil kimi Rusiya çıxış edir. Ona görə də ATƏT-in baş katibi Tomas Qremingerin Azərbaycana səfəri sadəcə protokol xatirinə olan görüşdür. Əsas, Rusiya razılıq verməsə, digər həmsədr dövlətlər Dağlıq Qarabağ problemini prioritet siyasətə çevirməyənə qədər bu cür görüşlərin ciddi nəticəsi olmayacaq”. 
Digər politoloq Oqtay Sadıqzadə bildirdi ki, son səfərləri bir xəttin müxtəlif halqaları hesab etmək olar: “Çünki bu görüşlər bir-biri ilə əlaqəlidir. Xüsusi ilə də Prezident İlham Əliyevin Moskvaya səfərini vurğulamq lazımdır. Güman ki, orada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlük məsələsi müzakirə edildi. Hansı ki, üzvlük məsələsi gündəmə gəlirsə, bunun birbaşa Qarabağa aidiyyatı var. 
Avropanı isə Qarabağ probleminin həllinə təsir imkanları qismən məhduddur. Elə ATƏT-i də demək olar. Bu məsələdə əsas söz sahibi Rusiyadır. Düzdür, üzvlüklə bağlı Ermənistanın müqaviməti var. Rəsmi İrəvan etirazını bildirib. Ancaq Nikol Paşinyanın Rusiyaya səfəri olacaq. Əminik ki, V.Putin ona Azərbaycanın lazımlı ölkə olduğunu izah edə biləcək. Azərbaycanın bu gün beynəlxalq arenada çəkisi Ermənistandan qat-qat artıqdır. Bundan başqa nəzərə alaq ki, Moskva ilə İrəvan arasında soyuq küləklər əsir. Bundan da müəyyən mənada faydalanmağa çalışmalıyıq. Azərbaycanın indiki mərhəldə KTMT-də müşahidəçi olmasından söhbət gedir. Odur ki, torpaqların bir hissəsini geri qaytarılması üçün Moskva İrəvana təzyiq göstərməlidir. Nəzərə alaq ki, Moskva bu məsələdə maraqlıdır. Lakin nə qədər əzm nümayiş etdirə biləcəyini zaman göstərəcək. Elə Avropa İttifaqı da bu səfəri gözləyir”.