Əlaqə Arxiv
news Image
2018.09.06
09:30
| A A A
Türkdilli dövlətlərin yeni inteqrasiyası başlanır
Azər Həsrət: “Azərbaycan bu zirvə görüşlərindən fayda görəcək”

Xəbər verildiyi kimi, sentyabrın 3-də Qırğız Respublikasının Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşü baş tutub. Görüşdə, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan dövlət başçıları, hətta müşahidəçi statusunda Macarıstanın baş naziri də iştirak edib. Prosesin gedişi onu göstərir ki, türk dünyası arasındakı əlaqələr günü-gündən daha yüksək fazaya daxil olur. Bu əlaqələr getdikcə daha da möhkəmlənir. 

Siyasi icmalçı Azər Həsrətin fikrincə, türkdilli dövlətlərin zirvə toplantısı bu xalqlar arasında inteqrasiyanın daha da dərinləşməsinə növbəti bir yol açacaq: “Türkdilli dövlət başçılarının bir araya gəlməsi faktının özü böyük bir irəliləyişdir. Yəni bu insanların bir yerə toplaşaraq istənilən məsələni müzakirə etməsi həm türk dövlətləri, həm də dünya üçün bir mesajdır. Bölgəmiz və türk dövlətləri üçün bu amil o mesajı verir ki, dövlət başçıları türk xalqları arasında münasibətlərin dərinləşməsi istiqamətində real olaraq cəhd göstərirlər. Eyni zamanda, onlar bu yolla xalqlar arasında inteqrasiyanın dərinləşməsinə çalışırlar. 
Digər tərəfdən, bu sayaq görüşlər dünyaya o mesajı verir ki, türkdilli dövlətlər birdir, bir-birinin maraq və mənafelərinə daim hörmətlə yanaşırlar. Həmçinin, türkdilli dövlətlər bir-birini müdafiə edir. Əsasən də belə görüş və orada qəbul olunan qərarlar türk dövlətlərinə düşmən olanlara, yad münasibət bəsləyənlərə bir mesajdır. Əsas məqamlardan biri də odur ki, VI Zirvə toplantısında əvvəllər olduğu kimi 4 deyil,  5 türk dövlətinin başçısı iştirak edib. Bu günə qədər Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan belə görüşlərdə iştirak edirdisə, indi Özbəkistan da ona qoşuldu. Hətta Özbəkistan prezidenti ölkəsinin türk birliyində daha yaxından iştirak etməsi üçün bir sıra təkliflərlə çıxış etdi. Bu təkliflərdən biri də Türk Şurası mərkəzinin İstanbuldan Özbəkistanın Xivə şəhərinə daşınması məsələsi idi. Yəni Daşkənd birliyə qoşulmaqla bərabər, eyni zamanda, onun mərkəzinin Orta Asiyada, Özbəkistanda yerləşməsinin vacib olduğunu da məntiqi şəkildə təklif etdi. Düşünürəm ki, dövlət başçıları yəqin ki, bunu da nəzərə alaraq müzakirə edəcəklər. Görüşdə ümumilikdə türk dövlətlərinin qarşılaşdığı müxtəlif problemlərlə bağlı geniş müzakirə və çıxışlar oldu. Əsasən də Azərbaycan Prezidentinin çıxışını diqqətlə izlədik. Gördük ki, Azərbaycanın ən ümdə problemi olan Ermənistanın işğal etdiyi torpaqlar və qaçqınlar məsələsi xüsusi olaraq vurğulandı. Nəticədə bu məsələ bir daha türk dövləti başçılarının diqqətinə çatdırıldı. 
Digər tərəfdən, Azərbaycan Prezidenti burada idmanla bağlı məsələlər ətrafında da geniş danışaraq təkliflərini dilə gətirdi. Azərbaycanın artıq idman ölkəsinə çevrildiyi bütün dünyaya bəllidir. Bütövlükdə görüşdə Avropa Birliyi, Qərblə münasibətlər məsələsinə də toxunuldu. Enerji daşıyıcıları, yol infrastrukturu, yüklərin Şərqdən-Qərbə və əks istiqamətə daşınması kimi məsələlər ətrafında da söhbətlər aparıldı. Bu istiqamətdə Azərbaycan Prezidenti ilə bərabər Türkiyə Prezidenti və digər ölkə başçıları da öz fikirlərini səsləndirdi. Bu zirvə görüşündə ən azından 5 türk dövlətinin daha dərin inteqrasiyası istiqamətində çox ciddi mesajlar verildi. Ciddi addımların atılması istiqamətində qərarlar verildi. Təbii ki, bunun faydasını görməkdəyik və görməkdə də davam edəcəyik. Hələlik, Türkmənistan bu birlikdən kənardadır. Arzu edirik ki, Aşqabad da birliyə tam hüquqlu üzv kimi qoşulsun. 
Prosesdə diqqət çəkən faktorlardan biri də Avropa Birliyinin üzvü olan, bu qitənin tam mərkəzində yerləşən Macarıstan dövlətinin baş nazir səviyyəsində müşahidəçi statusunda tədbirdə iştirakı məsələsidir. Macarıstan baş naziri çıxışında qeyd etdi ki, onlar qədim hunların nəticələridir. Belədə hunların nəticəsi olmaqla türk ailəsinin də üzvüdürlər. Bu mənada Macarıstan da istəyir ki, türk dövlətlərilə daha yaxın münasibətlərdə olsunlar. Məhz Macarıstan baş naziri Viktor Orbanın çıxışında bu məsələlərə toxunuldu. Sevindiricidir ki, Avropanın mərkəzində yerləşən, Avropa Birliyinin üzvü olan, Şengen ərazisinə daxil olan Macarıstan türk birliyində bu səviyyədə iştirak edir. Ümumilikdə bu zirvə toplantısı çaxsaylı diqqət çəkən məqamlarla yadda qaldı. 
Əsas məqamlardan daha biri ondan ibarət oldu ki, növbəti zirvə görüşünün gələn il, özü də Azərbaycanda keçirilməsinə qərar verildi. Qazaxıstanda fəaliyyət göstərən Türk Akademiyası, eləcə də Azərbaycanda fəaliyyət göstərən Türk Mədəniyyəti Fondu ilə bağlı, ümumilikdə türk xalqlarının inteqrasiyası üçün təxirəsalınmadan daha nələrin müzakirə edilməsi vacibliyi barədə aparılan müzakirələr, sonda isə prezidentlərin səmimi şəkildə bir araya gələrək şəkil çəkdirməsi türk birliyi məsələsinin  çox yaxın zamanda gerçəkləşməsi üçün dünyada bir mesaj verdi. Yəni görüş çox yüksək səviyyədə keçirildi və yüksək səviyyəli nəticələr də əldə olundu. Təbii ki, bundan Azərbaycan da fayda görəcək”. 
Rüfət NADİROĞLU      

Sizin Reklam Yeriniz