news Image
2018.09.07
07:00
| A A A
Azərbaycan və Türkiyədən Ermənistana sərt mesaj
İbrahim Rüstəmli: “Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasındakı hərbi əməkdaşlıq bütün dövrlərdə strateji əhəmiyyət daşıyıb” Azad İsazadə: “Qoşun növündən, dövlətdən asılı olmayaraq, birgə təlimlərin böyük faydası var”

Məlumdur ki, Azərbaycan pilotları növbəti “TURAZ Şahini - 2018” təlimlərində iştirak etmək üçün Türkiyədədirlər. Mütəxəssislərin sözlərinə görə, Azərbaycan Hərbi Hava Qüvvələri Komandanlığı ilə Türkiyə Hərbi Hava Komandalığının birgə keçirdiyi təlimlər  iki ölkə arasında hərbi əməkdaşlığın inkiaşfına böyük töhfələr verir.  Eyni zamanda düşmən ölkələrə də bir mesajdır. Hansı ki, hər dəfə bu mesaj erməni cəmiyyətində narahatçılıq formasında hiss edilir. 

Ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli bildirir ki, Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasındakı hərbi əməkdaşlıq bütün dövrlərdə strateji əhəmiyyət daşıyıb: “Bu əlaqələr hər iki ölkənin istər siyasi, istərsə də hərbi maraqları ilə üst-üstə düşdüyündən, günbəgün artan dinamika ilə şaxələndirilir və xüsusilə Azərbaycan üçün müstəsna əhəmiyyət daşıyır. 
Türkiyə kifayət qədər zəngin hərbi təcrübəyə malik, hərbi sənaye sahəsində öncül sıralarda qərar tutan, öz təşəbbüskarlığı və yaradıcı potensialı ilə fərqlənən dövlətlərdəndir. Dünyanın ən aparıcı ölkələri belə bu təcrübədən yararlanmağa üstünlük verir. O üzdən Azərbaycan Ordusunun yaradılmasında, formalaşmasında və üstün mövqeyə çıxmasında qardaş ölkə ilə hərbi əlaqələrin müstəsna əhəmiyyət daşıdığını tərəddüdsüz iddia edə bilərik. Yəni, Azərbaycan Hərbi Hava Qüvvələri Komandanlığı ilə Türkiyə Hərbi Hava Komandalığının birgə keçirdiyi təlimləri  iki ölkə arasında hərbi əməkdaşlığın inkişafında ciddi hadisə kimi dəyərləndirilməlidir. Məsələnin ən önəmli məqamı isə bu əlaqələrin bütün sahələri əhatə etməsidir. Kompelks yanaşma Ordumuzun hərtərəfli şəkildə, yəni paralel olaraq modernləşdirilməsinə ciddi töhfələr verəcək”.
Polkovnik-leytenant əlavə etdi ki, hadisələrin dinamikası Ermənistan üçün istər siyasi, istərsə də hərbi baxımdan yaxşı heç nə vəd etmir: “Bu səbəbdən  düşmən ölkənin əndişələnməsi təşəbbüsün əldən verilməsi anlamına gəlir. Yol dalana dirəndikcə, imkanlar get-gedə daha da məhdudlaşır. İndi irəliyə baxanda, xüsusilə işğal faktının Ermənistan üçün baha başa gələcəyini düşünmək şübhə doğurmur”.
Hərbi məsələlər üzrə ekspert Azad İsazadə bildirdi ki,  söhbət yalnız Türkiyədən getmir: “İstənilən xarici dövlətlə birgə keçirilmiş hərbi təlim Azərbaycan hərbiçilərinə böyük dəstəkdir. Təcrübə mübadiləsi keçir, yeni texnika ilə tanış olur, yeni taktiki üsullar öyrənilir.
Ümumiyyətlə, qoşun növündən, dövlətdən asılı olmayaraq, birgə təlimlərin böyük faydası var. Konkret Türkiyəyə gəldikdə, bu ölkə ilə ən geniş hərbi əməkdaşlıüa malikik. Nəzərə alaq ki, silahlı  qüvvələrimizin bütün qoşun növləri Türkiyə ilə birgə təlimlər keçib. Hərbi Hava Qüvvələrində isə bir qədər özəllik var. Çünki, Azərbaycanın istifadə etdiyi qırıcılar Rusiya istehsalıdır. Türkiyə isə ABŞ təyyarələrindən istifadə edir. Odur ki, hazırda fərqli sistemləri birgə təlimlərdə istifadə etməklə, havada birgə əməliyyat keçirmək təcrübəsi qazanılır”.
Ekspert əlavə etdi ki, bu cür təlimlər düşmənə də, dosta da mesaj verir: “Nəzərə alaq ki, hər iki ölkənin ətrafında nadinc vəziyyət formalaşıb. O baxımdan birgə təlimlər bütün qonşulara mesajdır ki, iki ordu istənilən anda birgə əməliyyat keçirə bilər”.
Mübariz BAYRAMOV