Əlaqə Arxiv
news Image
2018.09.07
08:00
| A A A
Ermənistanda şiddətlənən ABŞ-Rusiya qarşıdurması Qarabağ məsələsinin həllini tezləşdirir
Elşən Mustafayev: “Ermənistanın indiki hakimiyyəti Dağlıq Qarabağ faktoru ilə cəzalandırıla bilər” ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistanın daxili siyasi vəziyyətilə bağlı son bəyanatını şərh edib.

Jurnalistlərin “Lavrovun bəyanatını Ermənistan rəhbərliyinə təzyiq və ölkənin daxili işlərinə qarışmaq hesab edirsinizmi?” sualını cavablandıran Mills Rusiya XİN rəhbərinin bəyanatı ilə tanış olduğunu və bunu müsbət dəyərləndirmədiyini deyib. Bildirib ki, Ermənistan rəhbərliyi mütləq Lavrovun bu sözlərinə cavab verməlidir. Səfirin fikrincə, rəsmi İrəvanın hazırkı fəaliyyəti tamamilə düzgündür.

“Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Ermənistandakı 2008-ci ilin 1 mart hadisələri qanunun aliliyi nəzərə alınaraq obyektiv və detallı şəkildə araşdırılmalıdır”. – deyə, Mills vurğulayıb. 
Beləliklə, bu açıqlamadan aydın görünr ki, ABŞ Ermənistanın açıq müdafiəsinə qalxır və Rusiyaya əks mövqe nümayiş etdirir. Ermənistan uğrunda ABŞ-Rusiya qarşıdurmasının açıq müstəviyə keçməsi İrəvan üçün nə vəd edir? Dağlıq Qarabağ məsələsində hansı yenilik ola bilər?
Politoloq Elşən Mustafayev öncə vurğuladı ki, ABŞ-ın Ermənistandakı səfiri ilkin olaraq nəbz yoxlanışı üçün Rusiyadan fərqli olaraq İrəvanın hazırkı fəaliyyətinin tamamilə düzgün olduğunu bəyan edib: “Bilirsiniz ki,  Nikol Paşinyan tərəfdarlarının Ermənistanda mitinqləri başlayan vaxtdan prosesdə Qərb izi olduğu bildirilirdi. Amma Gürcüstan və Ukraynada olandan fərqli olaraq Ermənistan meydanlarında Avropa İttifaqı ilə bağlı hər hansı çağırışlar gözə dəymirdi. Bu da onunla bağlı idi ki, faktiki olaraq, Ermənistandakı proseslərin Qərbdən asılı olmadığını göstərmək istəyirdilər. 
Sözsüz ki, Rusiyanın Ermənistandakı mövcudluğunu nəzərə alaraq bu addıma getmişdilər. Çünki Ermənistan bütün mənalarda Rusiyanın təsiri altındadır. Son günlərə qədər də Qərb siyasələri və institutlarının Paşinyana bu qədər açıq dəstək verdiyinin şahidi olmadıq. Bunu da Rusiyanı qıcıqlandırmamaq və onu Paşinyanı devirmək üçün addımlar atmağa sövq etməmək üçün edirdilər. Paşinyanın özü də hakimiyyətə gəldiyi gündən Rusiya ilə bağlı öncəki siyasətin davam etdiriləcəyini bəyan etdi. Həmçinin, təmsil olunduğu hərbi və iqtisadi qurumlarda fəaliyyətlərini daha da genişləndirəcəyi vədini verdi. Bütün bunlar da məzh Rusiya prezidenti Vladimir Putinin etibarını qazanmağa hesablanmış addımlar idi. O da qeyd edilirdi ki, Putin də sona qədər Paşinyana inanmır və Ermənsitandakı adamları vasitəsilə indiki baş nazirə təsir etməyə çalışacaq. Bu fonda ABŞ-ın İrəvandakı səfirinin Rusiya xarici işlər naziri Sergey Lavrova cavab olaraq söylədiyi fikirləri onu deməyə əsas verir ki,  tərəflər situasiyanın necə olduğunu artıq açıq şəkildə ortaya qoyublar. Yəni artıq bu istiqamətdə nəyisə gizlətməyə ehtiyac görmürlər. Ona görə də ilkin olaraq nəbz yoxlamaq üçün ABŞ səfiri sözügedən ifadəni işlədib”.
Həmsöhbətimiz bildirdi ki, Ermənistan uğrunda ABŞ Rusiya qarşıdurmasının açıq müstəviyə keçməsilə İrəvandakı hazırkı hakimiyyət Moskva tərəfindən ciddi şəkildə cəzalandırılacaq:  “Sözsüz ki, Ermənistandakı proseslərə Rusiya ciddi təsir gücünə malikdir. Amma ortada bir nüans var, hələlik orta və aşağı təbəqə Paşinyanı müdafiə edir. Bu fonda isə Moskvanın Paşinyana qarşı indilikdə qəti addıma keçəcəyi gözlənilmir. Çünki indiki anda atılan qəti addım bumüranq kimi özünə qayıda bilər və nəticədə Ermənistanda Rusiyaya qarşı fikirlər daha da güclənər. Bununla belə, Moskva daxili gücləri maksimal dərəcədə Paşinyan əleyhinə qaldıracaq. ABŞ səfiri sözügedən bəyanatla eyhamı məhz ona vurur ki, Rusiya Ermənistandakı proseslərə qarışmasın. 
Fikrimcə, yaranmış vəziyyətdə yaxın günlərdə Rusiyanın Ermənistanla bağlı daha ciddi addımlarının şahidi olacağıq. Bu əsasda da düşünmürəm ki, indiki halda Rusiyanın atacağı addımlara indiki Ermənistan  hakimiyyəti müqavimət göstərmək gücündə olsun.  Ortada digər məsələlər də var ki, onlardan Azərbaycan maksimum dərəcəsə istifadə etməklə yararlanmalıdır. Hesab edirəm ki, Ermənistanın Rusiyaya qarşı daha güclü dirəniş göstərməsi bir o qədər ölkəmizin xeyrinədir. Çünki son olaraq dirənişə adekvat şəkildə cəza verilməsi məsələsi ortalığa gəlir. Bu fonda Ermənistanın indiki hakimiyyəti Dağlıq Qarabağ faktoru ilə bağlı cəzalandırıla bilər.  Bütün bunları nəzərə alaraq Rusiyanın İrəvana göstərdiyi təsyiqlərin Ermənistana necə təsir edəcəyini təsəvvür etmək elə də çətin deyil. Belədə Rusiyanın məsələyə reaksiyasından asılı olaraq gələcəkdə işğalçı ölkə uğrunda Vaşinqtonla Moskva arasında qarşıdurma daha da güclənə bilər. Amma indiki halda, Qərbin Ermənistanı hansı şəkildə müdafiə edə biləcəyini təsəvvür edə bilmirəm. Çünki Ermənistanda Qərb institutları yox dərəcəsindədir. Hər halda Rusiyanın açıq şəkildə Ermənistan üzərinə gəlməsi İrəvanın da marağında deyil. Lakin ABŞ səfirinin açıqlaması onu göstərir ki, Moskva artıq bu istiqamətdə addım atmağa hazırlaşır. Görünən odur ki, Ermənistanda Rusiya faktoru çox güclüdür”.   
Ermənistan uğrunda Vaşinqton Moskva qarşıdurmasının Qarabağ məsələsində hansı yeniliklərə gətirə biləcəyinə gəldikdə isə ekspert qeyd etdi ki, Azərbaycan regionda baş verən bütün proseslərdən münaqişə ilə bağlı problemin həlli istiqamətində maksimum istifadə etməlidir: “Amma Azərbaycan düşmən qonşusu uğrunda dünya gücləri arasında olan qarşıdurmaya görə öz probleminin həll olunacağına da bel bağlamamalıdır. Kiməsə ümid etməməliyik. Bütövlükdə ümidi ona bağlamaq lazım deyil, bununla belə kənar proseslərdən də lazım gəldikcə istifadə etmək lazımdır. Məsələn, Rusiya Ermənistanı cəzalandırmaq istəsə belə, əminəm ki, sadəcə olaraq, lokal əməliyyatlar vasitəsilə bəzi ərazilərimizin azad olunmasına razılıq verəcək. Ən azından aprel döyüşlərində olduğu kimi. 
Rusiya birmənalı şəkildə Ermənistanı itirmək istəmir. Azərbaycan regionda baş verən kataklizmlərdən qazanc götürməyə çalışmaqla yanaşı, bütün ümidini Ermənistan uğrunda ABŞ-Rusiya qarşıdurmasına da bağlamamalıdır”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz