news Image
2018.09.08
08:00
| A A A
Erməni terrorunun Türkiyə üçün təhdidi artır
Hasan Oktay: “Türkiyənin Ermənistana verəcəyi cavab açıq və dəqiqdir” Vüqar Zifəroğlu: “Türkiyənin atacağı addımlar yalnız terror nöqtələrinin vurulması olmamalıdır”

PKK-nın Ermənistandakı düşərgələrindən sol təmayüllü təşkilatların dəstəyi ilə terrorçular Ağrı, Bingöl, Tunceli və Tokat vilayətləri ilə Qara dəniz bölgəsindəki dağlara göndərilir. Bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb. 

Qəzet yazır ki, Türkiyə Hərbi Hava Qüvvələrinin ölkənin İraqın şimalı ilə sərhədlərinin təhlükəsizliyini gücləndirməsindən sonra PKK terrorçuları Türkiyəyə Ermənistan ərazisindən keçirlər: “Son aylarda şimal-şərq vilayətlərində PKK terrorçularına qarşı keçirilən reydlər zamanı ələ keçirilən terrorçular Türkiyə ərazisinə Ermənistandan keçdiklərini deyiblər”. 
Qeyd edək ki, oxşar xəbərlər Türkiyə mətbuatında tez-tez yer alır. Hətta bəzən bunu rəsmi şəxslər də bəyan edirlər. Bununla da Ermənistanın terror dəhlizinə çevrilməsi bir daha təsdiqini tapır. Belə vəziyyətdə xüsusən Türkiyə tərəfindən Ermənistana qarşı cavab tədbirləri gündəmə gəlir. Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay bildirir ki, Türkiyə mətbuatında zaman-zaman Ermənistan üzərindən Türkiyəyə sızan terror təşkilatları haqqında xəbərlər çıxır: "Xəbərin mənbəyi isə xüsusən kəşfiyyat orqanlarına əsaslanır. Çünki, jurnalistlərin terror təşkilatının düşərgələrinə sızması və ya şəkillər çəkməsi çox çətindir. O baxımdan Türkiyədə bəzən kəşfiyyat orqanlarından alınan xəbərlər dərc edilir. Bu hesabatların doğru olub-olmadığı isə araşdırılmır. O baxımdan bu xəbərləri təhlil etmək və faktları düzgün dəyərləndirmək bir qədər çətindir. Xəbərin mənbəyi olmadığından onu analiz etmək, nəyə xidmət eydiyi başa düşmək çətindir. 
Türkiyədə il ərzində ən azı beş dəfə terror təşkilatının Ermənistanda fəaliyyət göstərməsi ilə əlaqədar xəbərlər dərc edilir. 
Jurnalist çox zaman məlumat qaynaqlarını gizli tutmaq istəyir. Lakin xəbərin qaynaqlarını sorğulamaq oxucuya buraxılır.Oxucu xəbərin şişirdilmiş olduğunu qərara alarsa, ona bənzər digər xəbərləri də ciddi qəbul etməz. Odur ki, jurnalistlər diqqətli olmalıdırlar. Əgər mətbuat Ermənistan haqqında həqiqəti demək istəyirsə, qaynağı müəyyən olmayan xəbərlər deyil, daha həqiqi və araşdırmaya söykənən, dəlilləri ilə təqdim edilən xəbərlər yaradılmalıdır. Əks halda, bu, Ermənistanın çörəyinə yağ sürtmək olacaq. Türkiyə isə öz növbəsində sərhədlərini daha yaxşı qorumalı və ölkəsinə terror təşkilatlarının sızmasına mane olmalıdır. Ermənistanda da əgər belə bir terror yuvası söz mövzusudursa, Türkiyənin Ermənistana verəcəyi cavab açıq və dəqiqdir”. 
“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, siyasi ekspert Vüqar Zifəroğlu bildirdi ki, PKK-erməni əlaqələrinin tarixi kökü var: “ASALA-nın sıradan çıxarılmasından sonra onun yerinə PKK keçdi. Kürd qruplaşmasının hərbiləşməsi, dövlətə qarşı çıxması sürətlə inkişaf etməyə başladı. Bu, onu göstərir ki, ermənilərlə separatçı qruplaşmalar arasında bir bağ mövcuddur. Hər zaman Türkiyə dövlətçiliyinin əleyhinə birlik nümayiş etdiriblər. 
Azərbaycanın da işğal olunmuş ərazilərində PKK üçün şərait yaradılıb. Bütün bunlar onu göstərir ki, Ermənistan terroru dəstəkləyən dövlətdir. Bu baxımdan Türkiyənin atacağı addımlar yalnız terror nöqtələrinin vurulması olmamalıdır. Həmçinin Ermənistana diplomatik təzyiqləri artırmalıdır. Bununla bağlı Ermənistandan izahat tələb olunmalıdır. Erməni lobbisi siyasətini elə qurub ki, sanki Türkiyə terroru dəstəkləyir, Türkiyə «soyqırım» törədib. Halbuki, tarix bunun əksini sübut edən informasiyalarla doludur. Bu mənada Türkiyənin diplomatik təzyiqlərini artırmasının zamanı çatıb. Ermənistan həmişə birmənalı şəkildə Türkiyənin əleyhinə yönəlmiş bütün terror qruplarını dəstəkləyib”.
Mübariz BAYRAMOV