Əlaqə Arxiv
news Image
2018.09.08
10:00
| A A A
Moskvanın qəzəbi Ermənistanda «zəlzələ effekti» yaradır
Elşən Manafov: “Moskva ilə İrəvan arasında münasibətlərin gərginləşməsi fonunda Ermənistanda hakimiyyət uğrunda mübarizə kəskinləşəcək”

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Rusiya tərəfi Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşündən açıq və ciddi söhbət gözləyir:  “Həm biz, həm də erməni tərəfində həllini gözləyən bir çox məsələlər yığılıb qalıb. Odur ki, biz bu dəfəki görüşdən həm ikitərəfli münasibətlərin bütün aspektləri, həm də Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da daxil olmaqla, beynəlxalq təşkilatlarda birgə işimizin bütün məsələlərilə bağlı açıq və ciddi söhbət gözləyirik”. 

Bu açıqlamadan aydın görünür ki, Rusiya Paşinyandan hesabat sormağa hazırlaşır. Qeyd edək ki, bir müddət əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov da Ermənistanın yeni hakimiyyətinə münasibətdə anoloji fikirlər səsləndirmişdi. Onun da dediyindən belə çıxırdı ki, Moskva Paşinyandan Putinlə görüşdə fəaliyyəti barədə hesabat verməsini istəyir. Paşinyan isə Rusiyaya qarşı addımlarını davam etdirir. Düzdür o, Kremlin təzyiqindən sonra keçmiş prezident Robert Köçəryan və KTMT-nin hazırkı rəhbəri Yuri Xaçaturovu həbsdən azad etməli oldu. Bununla belə, aydın şəkildə görünür ki, Paşinyan Rusiyaya qarşı fəaliyyətini heç də dayandırmaq niyyətində deyil. Bu günlərdə ABŞ-ın İrəvandakı səfirinin Paşinyanı müdafiə edən açıqlaması da Ermənistanın yeni hökumətinə Moskvaya qarşı çıxmaqda gələcək üçün yeni stimul verə bilər. Hər halda görünən odur ki, Paşinyan gələndən Moakva ilə İrəvan arasında münasibətlərdə gərginlik toxumu səpilib. Kreml də özünün Ermənistanın hazırkı hakimiyyətilə olan münasibətlərinin gələcəyini dəqiqləşdirmək üçün Paşinyanı hesabat verməyə dəvət edir.Belə vəziyyət Rusiya-Ermənistan münasibətlərinin sonrakı gedişinə nə vəd edir? 
Politoloq Elşən Manafov bildirdi ki, mövcud vəziyyətdə Ermənistanla Rusiya arasında münasibətlərin sonrakı gedişi İrəvan üçün heç də yaxşı olmayacaq: “Paşinyan Rusiyanın ölkəsilə münasibətlərinin hazırkı durumu ilə bağlı təkliflərini nəzərə almasa və bundan sonra da birmənalı şəkildə Ermənistanın Qərbə inteqrasiyası istiqamətində prosesin sürətləndirilməsinə rəvac vermək istəsə, yaranmış durum hər halda İrəvanla Kreml arasında münasibətlərdə gərginliyin daha da yüksəlməsinə səbəb olacaq. Münasibətlərdəki gərginliyin səbəbləri isə bəllidir. Əslində, Paşinyan hökumətində təmsil olunan nazirlərin böyük əksəriyyəti Qərblə bağlı adamlardır. Zamanında onlar müxalifətdə olarkən ABŞ-ın institutları, o cümlədən Soros İnstitutu tərəfindən kifayət qədər qrant alıblar.  Bundan əlavə, Paşinyan hələ müxalifətdə olarkən Ermənistanın Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsilçiliyi məsələsində Moskvanın heç də ürəyincə olmayan fərqli fikirlər söyləyib. 
Əslində, onun hakimiyyətə gəlməsindən sonra səsləndirdiyi ilk fikirlər də kifayət qədər ziddiyyətli idi. Bu fonda onun Putinlə Soçi görüşünü nəzərdə tuturam. Elə məhz bu görüşdən sonra Paşinyan bir qədər ehtiyatlı fikirlər səsləndirməyə başladı. Bəyan etdi ki, İrəvan Avrasiya Birliyi və KTMT-dən çıxmaq niyyətində deyil. Amma şübhəsiz ki, hazırda MDB məkanı və Cənubi Qafqaz uğrunda ABŞ-Rusiya qarşıdurmasının gücləndiyini müşahidə edirik. Qarşıdurmanın güclənməsinin işartılarından biri də bu oyunda təkcə ABŞ-ın deyil, bu və ya digər mənada Avropa Birliyinin də iştirak etməsidir. Məsələn, Almaniya kansleri Angela Merkelin keçən ay Cənubi Qafqaz ölkələrinə olan məlum səfərini xatırlatmaq istərdim. Ermənistanın indiki iqtidarının Qərblə münasibətlərə fərqli rakusdan yanaşması, eyni zamanda, zamanında Rusiya ilə münasibətlərdə olan və əslində, Moskvanı İrəvanda təmsil edən “Qarabağ klanı” təmsilçilərinin hakimiyyətdən kənarlaşdırılması və təqib olunması, yalnız Putinin məlum mövqeyindən sonra Köçəryanin həbsdən azad edilərək ölkəni tərk etməyə icazə verilməsi onu göstərir ki, Kreml Paşinyan hakimiyyətinin siyasətindən kifayət qədər narazıdır. Bu mənada Ermənistanda hakimiyyət uğrunda mübarizənin kəskinləşəcəyi heç kimdə şübhə doğurmur. Çünki “Qarabağ klanı”nın revanş götürmək istəyi çox böyükdür. Məsələn, həbs olunan və sonra buraxılan Robert Köçəryanı ad günü ilə bağlı Putinin təbrik etməsi dünya ekspertlərinin diqqətindən yayınmadı. Məhz Putinin məlum zəngi və təbrikindən sonra Köçəryan kifayət qədər fəallaşdı. 
Eyni zamanda, Paşinyanın KTMT-nin hazırkı rəhbəri Xaçaturovu həbs etməsi, qurumun özünə münasibətdə yeni baş nazirin mövqeyi də onu göstərir ki, Ermənistanla Rusiya arasında gərginlik kifayət qədər sezilir. Ona görə birmənalı şəkildə bəllidir ki, Kreml Paşinyandan Rusiyanı narahat edən məsələlərə aydınlıq gətirməsini tələb edəcək. Düşünürəm ki, Paşinyan da bunun mahiyyətinə varır. Əslində, özünü sığortalamaq üçün addımlar atmaq fikrindədir. Bu addımların bir qismi “Qarabağ klanı”nın sıxışdırılması, ikincisi Ermənistanda məlum parlament seçkiləri ərəfəsində ölkənin əsas qanununda dəyişikliklər etmək cəhdindən irəli gəlir. Bildiyiniz kimi, növbədənkənar seçkilər ərəfəsində Paşinyan iqtidarı istefaya getməlidir. O isə əsas qanunda dəyişiklik edərək baş nazir olaraq seçkilərə getməyi düşünür. Çünki seçkilərdə inzibati resursun əhəmiyyətinin güclü olduğunu başa düşür. “Qarabağ klanı” isə ölkənin bank və iqtisadi sferasında, güc strukturlarında hələ də ciddi təmsil olunmaqda davam edirlər. Onlar da Paşinyana ciddi müqavimət göstərə bilərlər. Rusiyanın dəstəyilə isə bu təzyiq daha böyük olacaq. Paşinyanı narahat edən amillərədn biri də bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Putinlə görüşü və imzalanan müqavilələr oldu. Habelə Rusiyada Kremlə yaxın bəzi politoloqların işğal altındakı torpaqlarımızın Azərbaycana qaytarılacağı ilə bağlı mövqe sərgiləməsi də  İrəvanı narahat edib. Rusiya ilə Azərbaycan arasında hərbi əməkdaşlığın genişlənməsi də İrəvanı qıcıqlandırır. Bu mənada düşünürəm ki, 
Rusiya ilə Ermənistan arasındakı gərginlik bütün hallarda Azərbaycan dövlətçiliyinin xeyrinə işləyir. Çünki Azərbaycanın Cənubi Qafqazdakı mövqe və rolunu Moskva gözəl başa düşür. Əslində Paşinyan gerçəkdən Ermənistanın bir dövlət olaraq varlığının qorunub saxlanılmasına çalışırsa, bütün hallarda “Qarabağ klanı”nın Qarabağla bağlı mövqeyindən geri çəkilməli, işğal altında olan torpaqların geri qaytarılması istiqamətində mövqe sərgiləməlidir”.   
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz