Əlaqə Arxiv
news Image
2018.09.12
08:00
| A A A
Ermənistan üçün yeni aprel dərsləri gəlir
Elçin Mirzəbəyli: “Paşinyanın bu sayaq bəyanatlarının sonunda Ermənistana aprel dərsindən daha artıq və kəskin şəkildə dərs veriləcək” Akif Nağı: “Artıq Azərbaycanın antiterror əməliyyatı və yaxud genişmiqyaslı hərbi əməliyyat keçirməkdən başqa digər yolu qalmır”

Xəbər verildiyi kimi, Moskvaya səfəri çərçivəsində biznes nümayəndələri ilə görüşü zamanı Ermənistanın baş naziri Nikol Paşinyan sərsəmcəsinə qondarma “Dağlıq Qarabağ Respublikası”nın gələcəkdə Ermənistan ərazisinin tamhüquqlu bir hissəsi olacağını bəyan edib. 

Ardınca qeyd edib ki, Ermənistan Azərbaycanla Dağlıq Qarabağ ərazisi ilə bağlı mübahisələrdə güzəştə getməyəcək. Paşinyan həmçinin bildirib ki, “bu konteksdə hər hansı bir güzəşt zəiflik” kimi qəbul ediləcək və “Ermənistanın regionun ərazi mənsubiyyətində mövqeyi dəyişilməzdir”. 
Qeyd edək ki, Paşinyan hakimiyyətə sahib çıxan ilk andan bu kimi sərsəm fikirləri səsləndirməyə başlayıb. O, əvvəllər də Dağlıq Qarabağın guya Ermənistana aid olduğuna dair ağılsız bəyanatlarla çıxış edib. Hətta baş nazir olan kimi qanunsuz olaraq Dağlıq Qarabağa da səfər edib. Paşinyanın bu addımları bir daha onu göstərir ki, o da öz sələfləri kimi işğal siyasətini davam etdirmək niyyətindədir. Belədə isə yaranmış durum həm də onu göstərir ki, Ermənistanın yeni rəhbərliyi əvvəlkilər tək münaqişənin çözülməsində maraqlı deyil. Münaqişənin çözülməmiş qalması və bu əsasda düşmən tərəfin Dağlıq Qarabağla bağlı sərsəm fikirlər səsləndirməkdə davam etməsi fonunda isə, aydın məsələdir ki, əvvəl-axır ədalətli həllə nail olmaq üçün başqa vasitələrə əl atılacaq.   
BAXCP sədrinin müavini Elçin Mirzəbəyli bildirdi ki, Paşinyanın Dağlıq Qarabağla bağlı məsuliyyətsiz fikirləri fonunda Ermənistan aprel döyüşlərində aldığı zərbədən daha artıq dərəcədə sarsıdıcı zərbələrə məruz qalacaq: “Paşinyan eyni anda bir-birilə ziddiyyət təşkil edən fərqli fikirlər səsləndirib. Paşinyan əvvəlcə Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi hesab etdiyini bəyan etdi. Daha sonra isə münaqişə ətrafında güzəştlərə hazır olduğunu bildirib. Qısa zamanda belə açıqlamalarla çıxış etməsi onda psixoloji problemlərin olduğunun göstəricisidir. Yəni, siyasət adamı biri digərilə ziddiyyət təşkil edən fikirləri ən azından eyni anda səsləndirməz. 
Ermənistan bu günə kimi guya Dağlıq Qarabağda öz müqəddəratını təyinetmə əsasında hansısa bir rejim formalaşdırıb və  onu təhlükəsizliyinin guya İrəvan tərəfindən təmin edildiyini önə çıxarırdı. Belədə işğal faktını gizlətməyə çalışırdı. Amma Paşinyanın açıqlamaları açıq şəkildə Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsi niyyətinin ifadə olunmasıdır. Bu da şübhəsiz ki, açıq şəkildə işğalın etirafı kimi qiymətləndirilməlidir. İşğala münasibətdə BMT nizamnaməsi və prinsiplərinə uyğun olaraq Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün istənilən an müvafiq addımlar atacaq. Düşünürəm ki, Paşinyanın bu sayaq bəyanatlarının sonunda Ermənistana aprel dərsindən daha artıq və kəskin şəkildə dərs veriləcək. Nəticə etibarı ilə  Paşinyan özünün məsuliyyətsiz bəyanatlarına da son qoyacaq”.
Qarabağ Azadlıq Təşkilatının(QAT) sədri Akif Nağı da  bu qənaətdədir ki, Paşinyanın həmin açıqlaması torpaqlarımızın azad edilməsi üçün hərbi əməliyyatların başlanmasını qaçılmaz edir: “Paşinyanın Moskvada verdiyi açıqlamadan sonra artıq Azərbaycanın antiterror əməliyyatı və yaxud genişmiqyaslı hərbi əməliyyat keçirməkdən başqa digər yolu qalmır. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Paşinyanın həmin sərsəm açıqlamasına münasibət bildirərək qeyd etdi ki, bununla Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərindən çıxmaq niyyətində olmadığını göstərdi. Ona görə də münaqişənin həlli istiqamətində hərbi əməliyyatlara başlamaqdan savayı başqa digər yolun olduğunu görmürəm. 
Paşinyan isə ağ yalan danışaraq deyir ki, guya Dağlıq Qarabağ Ermənistana qaytarılımalıdır. Ermənistan dövləti olub ki, onun da tərkibində Qarabağ olsun? Ermənilər tarixi faktları da saxtalaşdırır. Bir çox ekspertlər Paşinyanın bu açıqlamasının guya daxili auditoriyaya hesablandığını düşünür. Hara hesablanır, hesablansın, dəxli yoxdur. Onun səsləndirdiyi fikirlər Azərbaycana qarşı bir iddiadır. Onun qarşısını almaq üçün də hərbi əməliyyatlara başlamaq lazımdır. Başqa digər yol yoxdur. Artıq Ermənistan Azərbaycana heç bir yol qoymayıb. Azərbaycan hətbi əməliyatlara başlamalı, aprel dərslərini vermək deyil, son nəticəyə, qələbəyə qədər getməlidir. Azərbaycanın dünya tərəfindən tanınan 1918-ci il sərhədləri bərpa olunmalıdır. Qeyri-qanuni olaraq Ermənistana verilən Zəngəzur, Göyçə mahalı Azərbaycana qaytarılmalıdır”.
Rüfət NADİROĞLU   

Sizin Reklam Yeriniz