Əlaqə Arxiv
news Image
2018.09.13
08:00
| A A A
Qarabağ münaqişəsi ilə bağlı yeni diplomatik fəallıq dövrü başlanır
Elşən Manafov: “Ərdoğanın, ardınca Putinin Bakıya olacaq səfərləri regional dövlətlərin yaxın perspektivdə Ermənistanla münasibətləri necə quracaqlarına dair məsələlərə kifayət qədər aydınlıq gətirməlidir”

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqları davam etdirmək üçün Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında yaxın gələcəkdə növbəti təkbətək görüşün keçirilməsi mümkündür. Bunu Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan keçirdiyi mətbuat konfransında jurnalistlərin “azərbaycanlı həmkarınızla yaxın gələcəkdə görüş keçirəcəksinizmi?” sualını cavablandırarkən deyib.

Aydın məsələdir ki, Mnatsakanyan sadəcə, ölkəsinin guya danışıqlar prosesinə sadiq olduğunu göstərmək naminə xarici işlər nazirləri arasında təkbətək görüşün keçirilməsi mümkünlüyünü vurğulayıb. Amma reallıqda Ermənistanın hərəkətləri, xüsusən də baş nazir Nikol Paşinyanın son açıqlamaları onu deməyə əsas verir ki, İrəvanın Qarabağla bağlı mövqeyində hər hansı bir dəyişiklik yoxdur. Əksinə, Paşinyan sələflərilə müqayisədə bu məsələdə özünü daha aqressiv göstərir. Bunu onun Dağlıq Qarabağ separatçılarının danışıqlar prosesinə qatılmasını tələb etməsi, habelə həyasızcasına sözügedən ərazinin Ermənistana birləşdirilməli olduğunu deməsi də təsdiqləyir. Paşinyanın belə mövqe sərgiləməsi isə aydın məsələdir ki, danışıqlar prosesində irəliləyişin əldə edilməsinə maneə olacaq.

Bu əsasda Nikol Paşinyanın son açıqlamaları fonunda demək olarmı ki, Ermənistan mövqeyində konkret dəyişikliyə getməyənə qədər Qarabağ danışıqları nəticəsiz olacaq? Bu hal savaşı nə dərəcədə tətikləyir?

Politoloq Elşən Manafov da bildirdi ki, Ermənistan konstruktiv danışıqlara getməyənə qədər danışıqlar prosesi nəticəsiz olaraq qalacaq: “Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra verdiyi açıqlamalar ümumiyyətlə, Qarabağ probleminin tənzimlənməsilə bağlı danışıqları izləyən bütün ekspert və siyasətçiləri əməlli-başlı çaşbaş salıb. Çünki son 20 ildə Ermənistan siyasətçilərindən heç biri belə bir açıqlama ilə çıxış etməyib. Ümumiyyətlə, İrəvan perspektivdə Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi olaraq qəbul edir və bu prosesin legitimliyini təmin etmək niyyətindədir.

Eyni zamanda, Paşinyanın bu açıqlamasından sonra verilən məlumatlara görə, Ermənistan qoşunlarının Dağlıq Qarabağa yeridilməsi və Azərbaycan-Ermənistan sərhədi boyunca dislokasiya edilməsi istiqamətində mövqelərin gücləndirilməsi istiqamətində qəbul edilən qərarlar göstərir ki, yeni baş nazirin mövqeyi sələflərinin mövqeyindən daha fərqli və kəskindir. Amma ümumiyyətlə, Paşinyanın Putinlə keçirdiyi görüşdə Rusiya tərəfini məmnun etməyən və narazı salan bir sıra məqamlar olub. Məsələn, protokol qaydalarının kobud şəkildə pozulması, Paşinyanın Putin tərəfindən saymazyana şəkildə qəbul edilməsi, üstəlik Rusiya prezidentinin ayın 25-də Azərbaycana səfər etməsi göstərir ki, Moskva-Bakı münasibətlərində hələlik həllini gözləyən problemlər var və bu problemlər də məhz Bakı görüşündə öz həllini gözləyir.  Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin 2,5 milyard dollara qalxması təbii ki, bizi də sevindirir. Amma bununla bağlı Azərbaycan ictimaiyyətini düşündürən vacib məqam Rusiyanın Qarabağ münaqişəsinin tənzimlənməsində rolunun nədən ibarət olması amilidir. Rusiya öz missiyasını gücləndirmək niyyətindədirmi və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində problemi necə həll etməyi düşünür?

Bu məqamlar hamımızı düşündürür. Fikrimcə, Putinin Bakıya olan səfəri məhz bu kimi məsələlər aydınlıq gətirməlidir. Paşinyanın verdiyi son açıqlamalar isə kifayət qədər ziddiyyətli açıqlamalardır. Belə olan halda Ermənistan xarici işlər nazirinin iki ölkənin diplomatik rəhbərləri arasında görüşün ola biləcəyini deməsi ziddiyyətli açıqlamadır. Paşinyan seytnot vəziyyətdə qalan siyasətçini xatırladır. Ermənistan daxilində “Qarabağ klanı” ilə yerli ermənilər arasında hakimiyyət uğrunda savaş yaxın perspektivdə yeni bir mərhələyə daxil olacaq. Putinin Köçəryana olan məlum münasibəti və bu fonda “Qarabağ klanı”nın daha da aktivləşməsi belə düşünməyə əsas verir ki, Paşinyanın vediyi açıqlamalara ciddi əhəmiyyət vermək lazım deyil. Onun mövqeyi kifayət qədər kövrəkdir və Paşinyanı şəxsən keçid dövrünü təmsil edən siyasətçi kimi qəbul edirəm. Düşünürəm ki, hər halda Paşinyandan sonrakı dövrü təmsil edəcək növbəti siyasi elitanın danışıqlara münasibətinin necə olacağına daha geniş önəm verməliyik. Rusiyanın isə Ermənistana təsir etmək imkanları bildiyiniz kimi kifayət qədərdir. Paşinyanın Qərbin təhlükəsizlik sisteminə inteqrasiya olunmaq istəyi göstərir ki, Moskva belə iqtidarla əməkdaşlıqda məmnun deyil. Hər halda Ərdoğanın sentyabrın 15, Putinin isə 25-də Bakıya olacaq səfərlərindən böyük gözləntilərimiz var. Bu səfərlər regional dövlətlərin yaxın perspektivdə Ermənistanla münasibətləri necə quracaqlarına dair məsələlərə kifayət qədər aydınlıq gətirməlidir. Paşinyanın isə diplomatik etiket qaydalarını gözləməyən sərsəm açıqlamaları Ermənistanda siyasi elita və ictimaiyyətin özünü belə çaşbaş salıb. Ona görə də onu keçid dövrünün siyasətçisi kimi qəbul edərək, açıqlamalarına ciddi önəm vermək lazım deyil.

Moskva, Ankara və regionda marağı olan digər dövlətlər də bilir ki, bölgənin ən güclü dövləti Azərbaycandır. Sadəcə olaraq, ATƏT-in Minsk qrupu kənara çəkilsə və dünya gücləri Azərbaycanın haqqını tanısa, problemin həlli də asanlaşar. Lakin indiki halda xarici qurumların müharibə variantını istisna etmələri problemin həllini ləngidir. Hazırda münaqişənin həllinə ciddi təsir göstərmək gücündə olan tərəf Rusiyadır. Düşünürəm ki, Moskvanın Azərbaycan iqtidarından müəyyən gözləntiləri var. Bu gözləntilərlə bağlı məsələyə 25 sentyabr görüşündən sonra aydınlıq gətirilməsilə Qarabağ probleminin həllilə bağlı perspektivlərin daha geniş və çeşidli olacağını düşünürəm. Bu hal baş verməyəcəyi təqdirdə isə yaxın perspektivdə Azərbaycan özünün beynəlxalq hüquqla təsdiq olunmuş hüququndan istifadə edərək savaş aça bilər. Hansı ki, savaşın açıqlması nə Rusiya, nə Avropa, nə Amerika, nə də digərlərini məmnun etməməlidir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində önəmli rol oynayan dövlətdir. Savaşın başlanması da bu mənada təkcə bölgədə sabitliyin pozulması deyil, həm də neft-qaz kəmərinin təhlükəsizliyi məsələsini sual altında qoyacaq. Bu mənada Rusiya və digər dünya gücləri gözəl başa düşür ki, məhz savaş risqi böyükdür. Ona görə də vasitəçi tərəflər danışıqların konstruktiv keçməsinə nail olmaq üçün əllərindən gələni əsirgəməməlidirlər”.

Rüfət NADİROĞLU 

  

 

Sizin Reklam Yeriniz