Əlaqə Arxiv
news Image
2018.09.18
09:40
| A A A
Moskva Ermənistanı qurban verir
Natiq Miri: “Suriyada Ankaranın tam dəstəyini almaq üçün Moskvanın Qarabağ məsələsində güzəştə gedə biləcəyilə bağlı rusiyalı ekspertin söylədiyi fikirlər nəzəri baxımdan mümkün variantdır”

Rusiyalı hərbi ekspert Pavel Felgenhauer bildirir ki, Suriyada Türkiyənin tam dəstəyi üçün Moskva Dağlıq Qarabağ münaqişəsində güzəştlərə gedə və bununla da Ermənistanı qurban verə bilər. 

Qeyd edək ki, Suriya məsələsi ətrafında Ankara ilə Moskva arasında yaxınlaşma prosesi başlayan ilk anlardan iki ölkə arasında həmin yaxınlaşma və birliyin özünü Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində də 
göstərə biləcəyinə dair fikirlər səslənir. Başqa bir tərəfdən, Ermənistan baş naziri Nikol Paşinyanın Qərbpərəst siyasət yürütmək cəhdləri fonunda da bir sıra ekspertlər düşünür ki, Kreml belə vəziyyətlə barışmayaraq sonda düşmən ölkənin hazırkı hökumətini cəzalandırmalı olacaq. Moskvanın Ermənistana 
münasibətdə atacağı cəzalardan biri də Azərbaycan ordusunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. 
Suriyaya gəldikdə, hazırda Bəşər Əsəd rejimilə Rusiya İdlibi də ələ keçirməyə çalışır. Hansı ki, bu əyalət Türkiyə ilə sərhəddə yerləşir və ora münasibətdə həyata keçirilən hərbi əməliyyatlar Türkiyə üçün növbəti bir böyük qaçqın axının gəlməsi baxımından ciddi problemlər yarada bilər. Məhz həmin səbəbdən Rusiya, Türkiyə və İran dövlət başçılarının Tehran görüşündə Rəcəb Tayyb Ərdoğan İdlib istiqamətində hərbi əməliyyatların keçirilməsinin arzuolunmaz olduğunu bəyan etdi. Lakin o da var ki, Kreml terrorçuları tam məhv etmək adı altında İdlibin də Əsədin nəzarəti altına düşməsində maraqlıdır. Bu isə o deməkdir ki, Rusiya və Əsəd rejimi sözügedən əyaləti birmənalı olaraq nəzarətə götürməkdə israrlıdırlar. Belə olan halda prosesin hamar getməsi, müttəfiqlik münasibətlərində çatların yaranmasına yol verməmək üçün həmin məsələ ətrafında Ankara ilə də razılıq əldə etmək, Suriyada növbəti əməliyyatlar üçün onun da tam olaraq dəstəyinin alınması vacibdir. Görünür, məhz bunu əsas tutaraq rusiyalı hərbi ekspert belə bir qənaətə gəlib ki, Suriya məsələsində Ankaranın tam dəstəyini almaq üçün Kreml Qarabağ məsələsində Ermənistanı qurban verə bilər. 
Politoloq Natiq Miri  Pavel Felgenhauerin açıqlamasını 
nəzəri baxımdan mümkün saysa da, indiki şəraitdə Rusiyanın belə bir addıma gedəcəyini zənn etmir: “Rusiya bütün zamanlarda siyasi bazarlıqlara açıq olan ölkə kimi tanınıb. Ayrıca bir məsələni də diqqətdən qaçırmayaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycanda olarkən ölkə Prezidenti İlham Əliyevlə təkbətək görüşdə Dağlıq Qarabağ problemini də müzakirə edib. Bu istiqamətdə Ərdoğanın konkret açıqlaması da var. Həmin açıqlamada ATƏT-in Minsk üçlüyünü tənqid edən Ərdoğan Soçidə Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşdə Dağlıq Qarabağ problemini növbəti dəfə müzakirə edəcəyini bildirib. 
Ərdoğan bəyan edib ki, keçən 26 ildə Minsk qrupu münaqişəni həll etmək əvəzinə, sadəcə, baş qatmaqla məşğul olub. Türkiyə Prezidenti məhz bu istiqamətdə Putinlə ciddi şəkildə danışacağını deyib. Təbii ki, siyasi danışıqlarda bu cür məsələlər müzakirə olunarkən, belə bazarlıqların ortaya çıxma ehtimalı da istisna deyil. Yəni Suriyada Ankaranın tam dəstəyini almaq üçün Moskvanın Qarabağ məsələsində güzəştə gedə biləcəyilə bağlı rusiyalı ekspertin söylədiyi fikirlər nəzəri baxımdan mümkün variantdır. Ancaq indiki şəraitdə, konkret İdlib məsələsində milyonlarla insanın taleyi ortada ikən, düşünmürəm ki, bütün müsəlman dünyasının lideri səviyyəsində olan Ərdoğan həmin insanların taleyini bazarlıq predmeti etsin. 
Pavel Felgenhauer belə açıqlamanı nəzəri olaraq mümkün hesab etsə də, məsələnin mənəvi tərəfini düşünməyib. Putinin özünün də Dağlıq Qarabağ problemilə bağlı Suriya məsələsində Türkiyə ilə bazarlıq predmetinə gedəcəyi də inadırıcı deyil. Çünki, Dağlıq Qarabağ problemindən danışarkən dərhal Rusiyanın Ermənistandakı geosiyasi maraqlarını düşünmək lazımdır. Moskva zamanında müəyyən güclər vasitəsilə cırtdan və süni Ermənistan dövlətini iki türk cümhuriyyəti arasında yaradanda özünün geosiyasi maraqlarını nəzərə alaraq buna gedib. Onun nəticəsidir ki, indi iki türk cümhuriyyəti arasında Ermənistan dövləti yerləşir. Belə vəziyyət heç də təsadüfən seçilməyib. 
Ermənistan bilavasitə Türkiyənin sərhədləri yaxınlığındadır. Ona görə də bütün bunlar Rusiyanın geosiyasi maraqlarını ehtiva etdiyindən, indiki şəraitdə birmənalı olaraq Putinin Ermənistanı qurban verəcəyini gözləmək əbəsdir. Onu da unutmayaq ki, Bakı səfərindən sonra Rusiya prezidentinin Ermənistana da səfəri planlaşdırılıb. 
Bu rəsmi səfərin özü də göstərir ki, Moskva Ermənistandakı hakimiyyət dəyişikliyinə rəğmən, bu ölkənin heç bir vəchlə öz nəzarətindən çıxmasına imkan verməyəcək. Bu, dolayısı ilə müəyyən dünya gücləri, eyni zamanda, Paşinyan hökumətinə dəstək olan Qərb dünyasına da bir mesajdır. Ona görə də düşünürəm ki, Rusiyanın Cənubi Qafqazdakı geosiyasi maraqları heç də Suriyadakından az deyil. Bu əsasda praktik olaraq, indiki şəraitdı Qarabağla Suriya məsələsinin Ərdoğanla Putin arasında bazarlıq ediləcəyini düşünmürəm”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz