Əlaqə Arxiv
news Image
2018.09.19
08:00
| A A A
Düşmənin cəbhə təxribatları yeni irimiqyaslı müharibəni tətikləyir
Araz Aslanlı: “Son dövlər atəşkəs pozuntularını Ermənistan daxilindəki problemlərlə əlaqələndirmək olar” Ramiyyə Məmmədova: “Hazırda keçirilən hərbi təlimlər Ermənistan və işğal olunmuş ərazilərdə böyük narahatlığa səbəb olub”

Son günlər düşmən tərəfi atəşkəsi intensiv şəkildə pozmağa başlayıb. Xüsusən də mülki əhaliyə qarşı təxribatı artırıblar. Siyasilər ermənilərin cəbhədə aktivləşməsini müxtəlif səbəblərlə izah edirlər. Belə ki, bu, daha çox Azərbaycanın uğurları və Ermənistan daxilində artan gərginliklərlə əlaqələndirilir. Ancaq cəbhədə proseslər bu cür davam edərsə, onun irimiqyaslı döyüşlərə keçəcəyi də istisna edilmir. 

Politoloq Araz Aslanlı bildirir ki, Ermənistanına atəşkəsi pozma halları bir neçə cür xarakterizə olunur: “İlk növbədə Ermənistan tərəfindən periodik xarakterli atəşkəs pozuntuları hallarını görürük. Bu da atəşkəs əldə olunandan bu günə qədər davam edir. Tarix də göstərir ki, bu, Ermənistanın ümumi xarakterinə uyğundur. Ancaq düşmənin atəşkəsi pozmaq məsələsində xüsusi yanaşması da var. Bu da müəyyən dövrlərdə baş verir. Məsələn, Azərbaycanda hansısa əhəmiyyətli tədbir olan zamanı atəşkəsi pozurlar. Bununla da Azərbaycanı qeyri-sabit kimi göstərməyə çalışırlar. 
Bundan başqa, Ermənistan daxilində iqtisadi, sosial gərginlik olanda cəmiyyətin diqqətini cəbhəyə tərəf yayındırmaq üçün atəşkəsi pozmağa başlayırlar. Eyni zamanda Azərbaycan dövlət və cəmiyyət olaraq Qarabağ probeminə daha çox diqqət yetirəndə, özünə inamı artıranda, iqtisadi, siyasi gücümüzdə irəliləyiş əldə ediləndə düşmənin qıcıqlanaraq, təxribat xarakterli addımlarını görürük. Son dövlər atəşkəs pozuntularını Ermənistan daxilindəki problemlərlə əlaqələndirmək olar. Həmçinin Bakının Qurtuluş günü ilə əlaqədar ola bilər. Ancaq hadisələr göstərir ki, Ermənistan məqsədinə nail ola bilmir”.
Digər siyasi şərhçi Ramiyyə Məmmədova hesab edir  ki, düşmənin aktivləşməsini ilk növbədə Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi təlimlər ilə izah etmək olar: “Aprel döyüşləri də məhz təlimlərin nəticəsində effekt vermişdi. Hazırda keçirilən hərbi təlimlər Ermənistan və işğal olunmuş ərazilərdə böyük narahatlığa səbəb olub. Onlar isə bunu təxribat, atəşkəsi pozmaqla cavab verməyə çalışırlar. 
Erməni saytlarının yazdığına görə, təlimlər çərçivəsində Azərbaycan Ordusu Dağlıq Qarabağı atəşə tutub. Lakin belə deyil. Sadəcə, Azərbaycan Ordusunun təlimləri onlarda böyük qorxu hissi yaradıb. Müharibənin başlamasından qorxduqları üçün əks cavab verməyə çalışırlar. Bundan başqa, bildiyimiz kimi, Ermənistanın daxili siyasətində böhran yaşanmaqdadır. Nikol Paşinyanın səriştəsiz siyasəti Ermənistanda problemlər yaratmağa başlayıb. Eyni zamanda Paşinyan hökuməti Rusiyanın əvvəlki dəstəyini görə bilmir. Bu fonda sanki özlərini yalqız hiss edirlər”.
Politoloq əlavə etdi ki, Ermənistan normal siyasətə dönməsə, təlimlərin davamı olaraq müharibə ehtimalı böyükdür: “Hətta bir neçə rayon azad oluna bilər. Düzdür, hazırda bu vəziyyət deyil. Ancaq Ermənistan qorxu fonunda atəşkəsi daha çox pozarsa, Azərbaycan daha sərt cavab verəcək. Bu zaman növbəti “Aprel döyüşləri” formatında müharibə görə bilərik”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz