Əlaqə Arxiv
news Image
2018.09.19
09:00
| A A A
Rusiya və Türkiyə təmaslarında Qarabağ münaqişəsinə xüsusi diqqət ayrılır
Beynəlxal və regional şərait elə bir həddə çatıb ki, Qarabağ münaqişəsinin həlli zamanın tələbinə çevrilib

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Soçidə Rusiya prezidenti Vladimir Putinlə Dağlıq Qarabağ məsələsini yenidən müzakirə edib. Türkiyənin Rusiya ilə təmaslarda Qarabağ məsələsini diqqətdə saxlaması konfliktin çözümünün tezləşməsinə müsbət təsri edir. Çünki, birincisi, Türkiyə Cənubi Qafqaz regionuna ciddi təsir gücünə malik böyük dövlətdir. İkincisi, Qarabağ münaqişəsində açar rola malik Rusiya ilə artıq siyasi və iqtisadi münasibətlərin inkişaf etdiyi dövrə qədəm qoyub. Üçüncüsü, bir türk dövləti olaraq Azərbaycanın probleminə biganə yanaşa bilməz və sairə. 

Dünya birliyi yaxşı bilir ki, Cənubi Qafqaz regionu hazırda Azərbaycan və Türkiyənin işbirliyi fonunda inkişaf edir. İşdə mərkəzi iqtisadi rol ilk növbədə Azərbaycanın karbohidrogen ehtiyatlarına mənsubdur. Bakı çox uzaqgörən və strateji mövqe sərgiləyərək neft-qaz yataqlarının işlənməsində qabaqcıl texnologiyaya malik Qərb şirkətləri ilə əməkdaşlığa başlasa da xammalın nəqli marşrutlarının əsas istiqamətini Türkiyə üzərindən saldı. Bu işdə Türkiyə də Azərbaycana ciddi dəstək oldu. “Bir millət iki dövlət” düsturu əməldə əksini tapdı. İndi bu iki dövlətin birgə fəaliyyəti xarici siyasət formuluna uyğun strateji maraqlar səviyyəsindən daha yüksək milli birlik səviyyəsinə yüksəlib. Bu səbəbdən təbii olaraq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dilindən düşmür və yeri gələndə mütləq bu problemin həllində Azərbaycanın haqlı mövqeyini qabardır və prosesə daha yaxından qoşulmaq üçün siyasi cəhdlərini əsirgəmir. Bundan başqa təhlükə ola biləcəyi təqdirdə daim “Azərbaycanın yanında olacağıq” mesajını verməklə qardaş ölkə dövlətimizin meydanda tək olomadığını, onun Türkiyə kimi güclü arxaya söykəndiyini nəzərə çarpdırır.
Hazırda beynəlxal və regional şərait elə bir həddə çatıb ki, Qarabağ münaqişəsinin həlli zamanın tələbinə çevrilib. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə tam hazırdır və təklif etdiyi güzəştli şərtlərlə Azərbaycanın işğal edilmiş ərazilərinin bərpasına və orada yaşayan erməni millətindən olan vətəndaşlarının hüquqlarını qorumağa qabildir. Eyni zamanda, düşmən tərəfin pozuculuq fəaliyyətinin qarşısını almaq və müharibə yolu ilə torpaqlarını azad etmək də bu gün böyük problem deyil. Lakin bizim üçün müharibə məqsəd deyil, vasitədir. Torpağımızın azadlığı və sülh isə məqsəddir. 
Dünya birliyinin Qarabağ münaqişəsinin həlli yolunda yaratdığı Minsk qrupu uzun illər ərzində fəaliyyətinin səmərəsizliyini sübut edib və artıq bu qurumun varlığı yoxluğuna bərabərdir. Qrupun vəzifəsinin nədən ibarət olduğunu sentyabrın 15-də Bakıya səfərə gəlmiş Türkiyə prezidenti R.T.Ərdoğan vətəninə qayıdarkən təyyarədə jurnalistlərin sorğusuna cavab olaraq bir daha xatırladıb: “Minsk qrupunun əsas vəzifəsi Dağlıq Qarabağdakı işğal altındakı torpaqların bir an öncə əsl sahiblərinə qaytarılmasını təmin etməkdir. Ümid edirik ki, onlar bunun öhdəsindən gələcəklər”.  
Bununla yanaşı Rusiya prezidenti Vladimir Putinlə də bu barədə müzakirələr aparan Ərdoğan sülhün qan tökülmədən əldə olunmasına çalışır. Çünki, artıq səbrin bütün parametrləri daşıb və İrəvan hakimiyyətinin həddini aşan bəyanatları danışıqları təhlükə altına atır. Belə bir məqamda Türkiyə diplomatiyasının bu işdə fəallığını artırması məntiqlidir. 
Bu mövzuda Türkiyə-Rusiya müzakirələrinin səmərəli olması böyük ölçüdə ehtimal olunur. Çünki, iki ölkə arasında yüksələn xətlə inkişaf edən iqtisadi və siyasi münasibətlər hər iki tərəf üçün olduqca lazımlı və əhəmiyyətlidir. Bu fonda münaqişə tərəfləri olan həmsərhəd və strateji mütttəfiqlər arasında sülhün bərqərar olması hər tərəfdən vacibdir və bu kollektiv inkişafa dayaqdır. Bu mənada Qarabağ münaqişəsinin həllində Türkiyənin göstərdiyi cəhdlərin xeyirli olacağına ümidlər var.
N.NOVRUZ
 

 

Sizin Reklam Yeriniz