Əlaqə Arxiv
news Image
2018.09.19
09:30
| A A A
Ermənistanı qorxuya salan daha bir hərbi xəbərdarlıq
Akif Nağı: “Azərbaycan Ordusunun dünya reytinqində irəliləməsi düşmən ölkəni hər zaman olduğu kimi, növbəti dəfə qorxuya, təşvişə salıb” Musa Qasımlı: “Ermənistan düzgün yol seçməsə, baş verə biləcək bütün hadisələrə görə məsuliyyət rəsmi İrəvanın üzərinə düşəcək”

Azərbaycan hərbi gücünə görə dünya reytinqində 2017- il ilə müqayisədə 5 pillə irəliləyərək 53-cü mövqedə qərarlaşıb.Bu göstərici "Globalfirepower" portalının 2018-ci il üçün hazırladığı siyahıda qeyd olunub. Azərbaycan bu göstəriciyə görə qonşuları Gürcüstan (82) və Ermənistanı (84) geridə qoyur. Azərbaycanın Ermənistandan bu qədər üstün olması düşmən üçün hansı mesajlar verir? Düşmən lazımi nəticələr çıxarmasa, proseslər hansı istiqamətdə cərəyan edəcək?

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirdi ki, Azərbaycan Ordusunun dünya reytinqində irəliləməsi düşmən ölkəni hər zaman olduğu kimi, növbəti dəfə qorxuya, təşvişə salıb: “Azərbaycanın hansı hərbi gücə sahib olması Ermənistana da, dünyaya da məlumdur. Bu, həmçinin işğalçı ölkənin arxasında dayanan dövlətlərə də məlumdur. Ölkəmizin hərbi gücünü vaxtaşırı açıqlanan reytinq cədvəlləri də aydın şəkildə göstərir. Bu göstərici həmçinin tam obyektivdir, hansısa təbliğat xarakterli məsələ deyil. 
Sanballı mərkəzlər ordunun göstəriciləri, hazırlıq səviyyəsi, peşəkarlığı, texniki göstəricilər və digər amilləri nəzərə alaraq Azərbaycan Ordusunun Ermənistanın işğalçı ordusundan qat-qat güclü olduğunu təsdiqləyirlər. Bu amil 2016-cı ilin aprel savaşında, döyüş meydanında da öz əksini tapdı. Bütün dünya gördü ki, Azərbaycan Ordusu qısa zaman kəsiyində Ermənistanın seçmə  hərbi hissələrini çox asanlıqla darmadağın etdi. 
Hazırda Azərbaycan Ordusu genişmiqyaslı hərbi təlimlərə başlayıb. Müdafiə naziri Zakir Həsənov da cəbhə bölgəsində olaraq konkret tapşırıqlar verdi. Bütün bunlar Azərbaycanın öz gücünə arxayın olduğunu göstərir. Ermənistan rəhbərliyi bütün bunlardan nəticə çıxarmalıdır. Təəssüf ki, bunu müşahidə etmirik. Ermənistanın yeni rəhbərliyi nəticə çıxarmaq əvəzinə ağlasığmaz, dövlət rəhbərinə yaraşmayan  bəyanatlar verir ki, Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir. Görünən odur ki, Ermənistan Azərbaycanın daha da güclənməsindən heç bir nəticə çıxarmır, ona görə də belə sərsəm bəyanatlarla çıxış edirlər. 
Azərbaycan torpaqları azad etmək üçün artıq gücünü ortaya qoymalı, sözdən işə keçməlidir. Çünki, Ermənistan sözlə heç nə başa düşmür, Azərbaycanın danışıqları davam etdirməsinə zəiflik kimi baxır. Ona görə də Azərbaycan torpaqları işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlamalıdır. Bu baş vermədikcə, Ermənistan tutduğunu buraxmayacaq. Aprel döyüşlərində Azərbaycanın gücünü göstərməsi fonunda Ermənistan çaş-baş qalaraq hara qaçmaq lazım gəldiyini belə bilmədi. Yəni bu istiqamətdə cüzi bir gücü görməklə Ermənistan ciddi şəkildə təlaş keçirdi. İndi bu istiqamətdə ikinci cəhdə başlamaq lazımdır. Azərbaycan bu dəfə gücünü göstərsə, ermənilər mövqelərini dərhal tərk edib qaçacaqlar”.
Milli Məclisin deputatı, professor Musa Qasımov da qeyd etdi ki, işğalçı ölkə Azərbaycanın bütün potensiala, o cümlədən hərbi güc baxımından özlərindən qat-qat güclü olduğunu anlamalıdır. Bunu anlamamaqda davam etdikcə isə Ermənistanın vəziyyəti daha da ağırlaşacaq: “Bu gün Azərbaycan iqtisadi güc, insan ehtiyatı, maliyyə qüdrəti və digər ölçülər baxımından Ermənistandan dəfələrlə üstündür. Bütün bu üstünlük ölkəmizin Ermənistandan hərbi güc baxımından da üstün olmasına gətirib çıxarıb. Azərbaycan və Ermənistan üz-üzə qalarsa, qısa müddət ərzində dövlətimiz tərəfindən işğalçı ölkə darmadağın edilər. 
Bu üstünlük ona dəlalət edir ki, Ermənistan düzgün yol seçməsə, baş verə biləcək bütün hadisələrə görə məsuliyyət rəsmi İrəvanın üzərinə düşəcək. Azərbaycan qarşısında tab gətirə bilməyəcək və darmadağın olacaq”.
Rüfət NADİROĞLU   

Sizin Reklam Yeriniz