Əlaqə Arxiv
news Image
2018.09.20
09:30
| A A A
Paşinyana züy tutan dönüklər
Naqis xislətli hər yanda var və vicdanlarından başlamış vətənlərinə qədər hər şeyi satmağa hazırdırlar

Hay-küylə hakimiyyəti ələ keçirmiş Ermənistanın baş naziri Nikol Paşinyan iş fəaliyyətinə görə  İsveç uşaq nağıllarının qəhrəmanı Karlsonu xatırladır. Nağıl qəhrəmanı kimi özünü səhvsiz və qüsursuz bilən erməni “inqilabçı” nə elədiyinin və nə danışdığının fərqində deyil. Bu mənada onun Karlsonla fərqi nağıl qəhrəmanının damda, erməni “qəhrəman”ın isə baş nazir kreslosunda yatmasıdır. 

Belə görünür ki, korazehin Paşinyan indi “ağıllı robot” rolunu oynayır. Yəni, öz fikirlərində ağlabatan bir söz olmasa da, suflyorlarının dediklərini robot tək olduğu kimi təkrarlamağı bacarır və “bravo” qiymətini alır. Yoxsa, ağlı başında olan və həm də yüksək vəzifədə çalışan şəxs səhər bir, günorta başqa, axşam isə tamamilə əvvəlkilərin əksi olan fikirlərlə özünü gülünc vəziyyətə salmaz.    
Bu günlərdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri Əli Həsənov özünün "facebook" səhifəsində paylaşdığı məqaləsində bu haqda yazır: “Paşinyan hakimiyyətə gələndə ermənilər eyforiyaya qapılaraq bunu bütün dünya qapılarının onların üzünə açılması, “demokratik” Ermənistanın Azərbaycan üzərində tam qələbəsi kimi anladılar. İnvestisiyaların sel kimi axacağını, dünya liderlərinin bir-birinin ardınca Ermənistana səfər edəcəyini, Azərbaycan ərazilərinin işğalının qanuniləşdiriləcəyini zənn etdilər. 
İndi erməni mətbuatı nə yazır? Paşinyan diktatora xas olan üsullarla öz opponentlərini əzməyə çalışır, ölkədə dərəbəylik və xaos hökm sürür, iqtisadiyyat tam iflas astanasındadır, xarici siyasətdə uğursuzluqlar bir-birini əvəz edir. Ermənistanın baş naziri beynəlxalq tədbirlərdə digər ölkələrin başçıları ilə selfi çəkdirməyi yerli ictimaiyyətə Ermənistanın “xarici siyasət uğuru” kimi sırımağa çalışır. Hakimiyyətə gələndən sonra verdiyi vədlərlə törətdiyi əməllərin arasında yaranmış uçurumu populist bəyanatlarla və sərsəm addımlarla kompensasiya etməyə çalışır”.
Hakimiyyətə gəlməsindən hələ cəmi 4 ay keçib. Amma əlindən bir iş gəlmədiyi bir yana, bacarıqsızlığı və siyasi kəmsavadlığı ucbatından mitinq eyforiyasının səngidiyini görən Paşinyan indi də ermənilərin əllərində bayraq etdikləri “qadınlardan istifadə etmək” kimi iyrənc əməldən bəhrələnməyə çalışır. Belə ki, arvadını qızışdırıb salıb ortaya ki, sülhdən dəm vursun. Demək, özü müharibəni körükləyir, guya arvadı da sülh uğrunda çalışır. Buna giclik sayılan erməni bicliyi deyirlər. Çünki, bunları camaat görür və başlıcası başa düşür, axı!
Məsəl var, deyir, utanmasan oynamağa nə var ki?! Bu Paşinyan da abır-həya sarıdan kasad olduğundan utanmadan Azərbaycan Prezidentinin oğlunun vətəndaşlıq borcunu yerinə yetirmək üçün əsgəri xidmətə getməyinə də öz ağlına uyğun şərh verir. Əvvələn, gör həyasızlığın dərəcəsi hansı səviyyədədir ki, Paşinyan başını başlara qoşub Prezident İlham Əliyevin oğlu barədə fikir söyləyir. Adama deyərlər, ay üzdəniraq baş nazir, İlham Əliyev nəhəng dövlətlərin rəhbərləri ilə beynəlxalq məsələlərin həlli ilə məşğul olanda sən küçədə camaata yalan satırdın ki, bəlkə bir vəzifə tutasan. İlham Əliyevin gördüyü işlərin heç olmasa, 5-10 faizini gör, sonra səsini çıxar. Heydər Əliyev sənin yaşına çatanda gördüyü işlərin hesabatı sənin çəkindən ağır olacaq, torpaqlarımıza qalanda isə o, bu saat Qarabağın azaqdlığı uğrunda döyüşməyi öyrənir və həmişə vətəninin müdafiəsində ön sırada olacaq. Necə ki, atası İlham Əliyev həm siyasəti, həm də rəhbərlik etdiyi ordunun gücləndirilməsi ilə sözün həqiqi mənasında mübarı aparır, döyüşür.  Kimlərinsə hamiliyi ilə Azərbaycan torpaqlarını işğal etmək və ora qəfil səfərlər etmək qəhrəmanlıq deyil, özünə əlaltı imici qazanmaqdır. Azərbycan isə gücünü aprel döyüşündə göstərib və sizlərə yaxşıca anladıb ki, biz torpaqlarımızı azad edəcəyik. Tamamilə!
Amma nə edəsən ki, “meşə çaqqalsız olmur”. Tənbəllikdən, ruhən fırıldaqçı olmalarından və digər qeyri mənfi səbəblərdən Azərbaycandan qaçıb xarici ölkələrə sığınmış bəziləri Paşinyanın sərsəmləmələrinə guya “həqiqət aşiqləri” olduqları üçün səs verirlər. Amma əslində, məqsəd başqadır. Onlar da “erməni inqilabçısı” rolunu oynamaq istəyirlər. Onlar da Paşinyan kimi Qərb yetkililərinin gözünə kül üfürüb divident qazanmaq istəyirlər: guya demokratiya uğrunda mübarizdirlər, amma vətənlərində onlara mübarizə aparmağa imkan yaradılmır. Nə isə, taylı tayının yolu ilə getməsə, bağrı çatlar. Amma bir iş var ki, bu tryuklara görə Qərb nə Paşinyana yardımlar verir, nə də vətənini xaricin ayağına vermək istəyən yurdsuzlara. Belələri haqda hüquq-mühafizə orqanlarının əlində kifayət qədər cinayət dosyeləri var.
Beləcə, küçə siyasətçiləri və dönüklər öz işlərindədir, Azərbaycan da öz işində. Biriləri şərlə, böhtanla nəfəs alır, Azərbaycan isə gündən-günə sürətini artıran inkişaf, dünya birliyinin səlahiyyətli üzvü olmaq, quruculuq və abadlıq işləri ilə gələcəyə doğru inamlı addımlar atır. Həyat davam edir.
N.NOVRUZ

 

Sizin Reklam Yeriniz