Əlaqə Arxiv
news Image
2018.09.20
09:50
| A A A
Düşmən cəbhədə yeni sarsıdıcı zərbələrə tuş gəldi
Üzeyir Cəfərov: “Düşmənin bundan sonrakı təxribatları ermənilərə əvvəlki dövrlərdə olduğundan daha baha başa gələcək” Fazil Mustafa: “Ermənilər istənilən an Azərbaycan Ordusunun güclü və sarsıdıcı zərbəsini görəcək”

Bu günlərdə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən bölmələrdə olub, şəxsi heyətin döyüşə hazırlıq vəziyyətini yoxlayıb. Bir neçə gündür ki, Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən tərəfindən atəşə məruz qalan yaşayış məntəqələrimiz istiqamətindəki bölmələrdə olan müdafiə naziri, vəziyyətlə bağlı məruzələri dinlədikdən sonra qarşı tərəfin mövqelərini müşahidə edib. Ön xətt mövqelərindəki vəziyyətlə yerində tanış olan nazir dinc əhalinin Ermənistan qoşunları tərəfindən atəşə tutulmasına qarşı təxirəsalınmaz cavabın verilməsi və daha sərt tədbirlərin görülməsi ilə bağlı həmin istiqamətlərdə yerləşən bölmələrə konkret tapşırıqlar verib.  Düşmənə qarşı daha sərt tədbirlərin görülməsinə dair tapşırıq fonunda bundan sonrakı təxribatların ermənilərə daha baha başa gəlməsini gözləmək olarmı? 

Hərbçi-ekspert Üzeyir Cəfərov bildirdi ki, düşmənin bundan sonrakı təxribatları ermənilərə əvvəlki dövrlərdə olduğundan daha baha başa gələcək: “Ölkə başçısı Biləsuvarda yerli sakinlərlə görüşdə bildirdi ki, bir neçə gün bundan öncə Azərbaycan Silahlı Qüvvələri düşmənə çox ağır sarsıdıcı zərbə vurub. Bir həftə öncə Azərbaycan- Ermənistan sərhədinin Tovuz istiqamətində mülkü vətəndaşlarımız düşmən atəşinə məruz qalmışdılar. Azərbaycan Ordusu isə buna cavab olaraq düşməni çox sərt şəkildə cəzalandırdı. Düşmən bir neçə strateji mövqeyi itirərək geri çəkilib və bu zaman ciddi itkilərə məruz qalıb. Müdafiə naziri Zakir Həsənov da cəbhə xəttində olaraq bir tərəfdən şəxsi heyətə təşəkkürünü bildirib, eyni zamanda Azərbaycan əsgərinin daha yeni uğurlara imza atrması üçün müəyyən göstərişlərini verib. 
Azərbaycan Silahlı Qüvvələri addımbaaddım düşməni peşman edir, törətdiyi təxribatları ona bağışlamır. Bunun nəticəsidir ki, bir neçə gün əvvəl etdiyi təxribata görə də düşmən artıqlaması ilə cavabını alıb. Nəticədə düşmən çətin duruma düşüb. Həmin çətin durumun nəticəsidir ki, Paşinyan Kəlbəcər istiqamətinə gələrək, burada yerləşdirdikləri işğalçı ordunu guya ruhlandırmağa çalışıb. Artıq gecdir. Paşinyanın özü də siyasi bəyanatları və atdığı addımlarla böyük səhvlərə yol verir. 
Azərbaycan Silahlı Qüvvələri düşmən təxribatını  hərbi texnika və  şəxsi heyətin hazırlığı baxımından necə lazımdır, cavablandırır. Ona görə də düşmən çox əndişə içindədir. 
Hesab edirəm ki, ordumuzun uğurlarının davamı gələcək. İndi keçirilən təlimlər müəyyən mərhələdə istənilən an real döyüş əməliyyatlarına keçə bilər. Düşmən də bunu hər an gözləyir. Ona görə də narahatdır. Onlar bu mənada yersiz, cılız bəyanatlarla bir qədər özlərini guya sığortalamağa çalışır. Amma Azərbaycan Ordusu heç bir halda işğalçıya o imkanı verməyəcək ki, düşmən özünü bundan sonra da rahat hiss etsin”.
Milli Məclisin deputatı Fazil Mustafa da qeyd etdi ki, düşmənin təxribat xarakterli hərəkətləri bundan sonra ona daha baha başa gələcək: “Azərbaycan Ordusu işğal edilmiş torpaqların geri qaytarılması üçün hər zaman hazır vəziyyətdədir. Ona görə də ordumuzun düşmənə yönəlik bütün mesajları məhz ona yönəlib. 
Ermənilər istənilən an Azərbaycan ordusunun güclü və sarsıdıcı zərbəsini görəcək və hiss edəcəklər. Müdafiə nazirimizin döyüş bölgəsində, cəbhə xəttindəki aktiv fəaliyyəti də təqdirəlayiqdir. Belə vəziyyətdə ab-havanın dəyişdiyini ermənilər də hiss edir. Bu istiqamətdə fəaliyyətimizin daha da genişlənməsinə ehtiyac var. Azərbaycan tərəfdən görülən işlərin, verilən tapşırıqların gələcəkdə real nəticələri olacaq”.
Rüfət NADİROĞLU   

 

Sizin Reklam Yeriniz