Əlaqə Arxiv
news Image
2018.09.20
17:50
| A A A
"İslam dini bu gün baş yarıb, qan tökməyi qəbul etmir"

"Baş yarmaq, zəncir vurub bədəninə xətər yetirmək İslam dinində qadağan edilir. Azərbaycanda din qanunlarla tənzimlənir. Yaxşı olardı ki, cahil davranışların əvəzinə ehtiyacı olan insanlara qan versinlər”.
Bu sözləri Publika.az-a Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. O bildirib ki, Azərbaycanda tolerantlıq var və bütün dinlərə eyni dərcədə hörmətlə yanaşılır:
“Aşura günü Kərbəla hadisələrinin anım günüdür. Bu mərasimi keçirmək istəyənlər bunu İslam dininə müvafiq şəkildə, onun buyurduğu çərçivədə həyata keçirməlidir. Ölkədə qanunla qeydiyyatdan keçən bütün dini icmalar üçün şərait yaradılıb. Bu gün dünyanın hər yerində Azərbaycanda dinlə dövlətin birgə fəaliyyəti nümunə kimi göstərilir. Aşura günündə insanların özünü döyməsi, xəsarət yetirməsi, baş yarması qadağan olunur. Bu sağlam düşüncənin məhsulu ola bilməz. Aşurada dinə zidd hərəkətlərə yol vermək olmaz. Bu gün Təzə Pir məscidində Qafqaz Müsəlmanları İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrləri, eləcə də dini konfederasiyaların rəhbərləri ilə birgə qan vermə aksiyasında iştirak etdik. Ölkə üzrə bütün məscidlərdə aksiyada iştirak üçün şərait yaradılıb, kifayət qədər yerlər ayrılıb”.
Komitə sədrinin sözlərinə görə, baş yarma kimi cahil davranışlar müəyyən qrupların təsiri altında bu günə qədər gəlib çıxıb:
“Bütün din xadimləri, axundlar, QMİ rəsmiləri insanlara müraciət edərək diqqətə çatdırıb ki, dinimizdə bu cür davranışlar təbliğ edilmir və məqbul hesab olunmur. Özünü mömin hesab edən, İmam Hüseyn yolunda sayan insanların bu addımı atması cəhalətdən başqa bir şey deyildir”.

Sizin Reklam Yeriniz