Əlaqə Arxiv
news Image
2018.09.21
09:00
| A A A
Azərbaycandan okeanın o tayında erməni diasporuna ağır zərbə
Aydın Ağayev: “ABŞ adminstrasiyası daxilində Azərbaycanla bağlı müsbət, ermənilərlə bağlı isə mənfi rəylərin formalaşması dövlətimizin apardığı uğurlu xarici siyasətin nəticəsidir”

Son illər aparılan uğurlu siyasət nəticəsində Azərbaycanın ABŞ-da mövqeləri möhkəmlənir. Bunun  əksinə, işğalçı ölkə Ermənistan isə orada mövqelərini itirməkdədir. 

Bu günlərdə mətbuata açıqlamasında Tennessi ştatı Universitetinin politologiya professoru Andrey Korobkov da bildirib ki, Ermənistandan fərqli olaraq, Azərbaycanın ABŞ-ın tərəfdaşı olmaq üçün real imkanları var.  Eyni zamanda, ekspert qeyd edib ki, ABŞ-ın əvvəlki prezidetlərindən fərqli olaraq president Donald Tramp lobbi dairələrinin təsiri altında deyil: “Buradakı erməni diasporu artıq əvvəlkitək Ağ Evə təsir edə bilmir. Tramp iş adamıdır və hər şeyə kommersiya baxımından məqsədəuyğunluq prizmasından yanaşır. Azərbaycan regionda strateji əhəmiyyətə malikdir, deməli, Tramp erməni lobbisinin maraqları naminə bu ölkə ilə münasibətlərini qurban verməz”.
Bu açıqlamadan göründüyü kimi, ABŞ kimi ölkədə erməni lobbisi artıq əvvəlki mövqeyini əhəmiyyətli dərəcədə itirib. Azərbaycan lobbisi isə əksinə, aparılan siyasət nəticəsində sözügedən ölkədə daha böyük nüfuz sahibi olmağı bacarıb. 
Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev bildirdi ki, ABŞ adminstrasiyası daxilində Azərbaycanla bağlı müsbət, ermənilərlə bağlı isə mənfi rəylərin formalaşması dövlətimizin apardığı uğurlu xarici siyasətin nəticəsidir: “Tenessi ştatı universitetinin professoru Andrey Korobkovun Ermənistanda fərqli olaraq Azərbaycanın ABŞ-ın tərəfdaşı olmaq üçün real imkanlarının olması, bu ölkədə erməni lobbisinin təsirinin azalması və Azərbaycan lobbisinin təsir imkanlarının artması barədə deyilənləri şübhə altına qoymaq olmaz. Tramp adminstrasiyasının gəlişi bildiyimiz kimi, erməniləri xeyli dərəcədə narazı salıb. ABŞ-dakı erməni lobbisi  əvvəlki taktika ilə hərəkət edərək nəyəsə nail olmaq imkanlarının yeni adminstrasiya dövründə daralacağını artıq görürdülər. 
Erməni lobbisi və onlara bağlı qüvvələr nə qədər güclü və geniş imkanlara malik olsalar da, əvvəlki adminstrasiyaların dövründə onların gördüyü işlər üçün mövcud olan şərait indiki adminstrasiya dönəmində yaranan mühitdən müəyyən dərəcədə fərqlənir. Baxmayaraq ki, ermənilərin sözlərini deyən konqresmen və senatorlar yenə də yerlərində qalıb.  Korobkov kimi ekspertin Tramp adminstrasiyasının erməni lobbisinə münasibəti barədə deyilənlərə həqiqət kimi baxmalıyıq. Bu, sadəcə, ABŞ, bütövlükdə Qərbdə ictimai rəyin həqiqət tərəfə meyllənməsi və formalaşdırılması mənasında əhəmiyyətli fikirdir. Belə mövqeli fikirlər çox olmalıdır, güman edirəm ki, getdikcə daha da artacaq. O mənada da Korobkovun həmin fikrini əhəmiyyətli hesab edirəm. ABŞ-da belə bir mövqeyin formalaşması şəksiz olaraq Azərbaycan dövləti və bu ölkədəki Azərbayan diasporasının fəaliyyətinin nəticəsidir. 5-10 il bundan əvvəlkilə müqayisədə Azərbaycan dövlətinin imkanları qat-qat çoxdur. Ölkəmizin şəraitə uyğun hərəkət etmək imkanları xeyli dərəcədə artıb. 
Bütün bunlar onu göstərir ki, Azərbaycanın apardığı siyasətin ABŞ-da təsir effekti günbəgün artmaqdadır. Bunu həmçinin xarici siyasətdə də görmək olur.  Xarici siyasətdə Azərbaycanın rolu və əhəmiyyətilə bağlı deyilənlərə Korobkovun söylədiyinə uyğun digər rəylərdə də rast gəlirik. Məsələn, DÖvlət Departamentinin son hesabatında beynəlxalq terrorizmə qarşı Azərbaycanın apardığı mübarizənin effektiv səmərəsi, bu istiqamətdə ölkəmizin etdiklərinin əhəmiyyəti xüsusilə vurğulanıb. Bütün bunların hamısı Azərbaycan hakimiyyətinin siyasətinin düzgün qiymətləndirilməsi, siyasətin təsir imkanlarının yaratdığı mənzərədir”.
Rüfət NADİROĞLU      

Sizin Reklam Yeriniz