Əlaqə Arxiv
news Image
2018.09.21
09:30
| A A A
Ordumuz düşməni darmadağın edir
Elman Məmmədov: “Bu, onu göstərir ki, Azərbaycan Ordusu hərbi təlimləri keçirə-keçirə həlledici döyüşə də hazırlaşır” Məmməd Əlizadə: “Nəticə çıxarmasalar, Ermənsitanın bir dövlət olaraq mövcudluğu sual altında qalacaq”

Məlumdur ki, hazırda ordumuz irimiqyaslı təlimlər keçirir. Təlimlərdə əvvəl şərti düşmən sözü ifadə olunurdusa, hazırda torpaqlarımızda olan işğalçı qüvvələrin darmadağın edilməsi və ərazi bütövlüyümüzün bərpası ilə bağlı tapşırıqlar yerinə yetirilir. 

Milli Məclisin deputatı Elman Məmmədovun fikrincə, keçirilən təlimlərdə düşmən olaraq konkret ünvanın göstərilməsi onun ifadəsidir ki, Azərbaycan Ordusu torpaqlarımızı azad etmək üçün həlledici döyüşə hazırlaşır: “Bəli, Azərbaycan Ordusu keçirdiyi bu təlimlərdə artıq birbaşa olaraq torpaqlaqrımız işğal edən qüvvələrin darmadağın edilməsi və ərazi bütövlüyümüzün bərpası ifadəsini işlədir. 
Bu, onu göstərir ki, Azərbaycan Ordusu hərbi təlimləri keçirə-keçirə həlledici döyüşə də hazırlaşır. Azərbaycan heç kimlə müharibə etmək fikrində deyil. Sadəcə olaraq, danışıqlara gəlməyən, ipə-sapa yatmayan, özünü tərbiyəsiz və aqressiv aparan düşmənin işğalçı silahlı birləşmələrini antiterror əməliyyatı yolu ilə torpaqlarımızdan çıxarmaq üçün əməliyyatlar keçirəcəyik. Azərbaycan Ordusu buna tam olaraq hazırdır. 
Son bir ildə ordumuzun müxtəlif qoşun birləşmələrində baş tutan ən yüksək səviyyəli təlimlərlə bunu sübut etmişik. İndki təlimlər də bunun həlledici mərhələsidir. Düşmən bundan nəticə çıxartmalıdır. Eyni zamanda, bundan ATƏT-in Minsk qrupu, həmsədr dövlətlər, BMT və bu məsələ ilə bağlı məşğul olan digər qurumlar da nəticə çıxarmalıdırlar. Onlar müharibənin alovlanmaması, Ermənistanın darmadağı olmaması üçün hakimiyyətə gətirilən və ağzına gələni danışan sərsəm baş naziri başa salmalıdır ki, işğal etdiyi torpaqlardan çıxıb getməlidirlər. Əks təqdirdə, Azərbaycan Ordusu öz sözünü deyəcək. İndiki təlimlərimiz də birbaşa buna ünvanlanıb”.
Politoloq Məmməd Əlizadə bildirdi ki, İrəvan ordumuzun keçirdiyi hərbi təlimlərdən nəticə çıxarmasa, bu, onlara indi olduğundan daha ağır şəkildə baha başa gələcək: “Bildiyiniz kimi, Azərbaycan Ordusu son illər bir sıra genişmiqyaslı hərbi təlimlər keçirib. Eyni zamanda, bu tip təlimləri qardaş ölkə Türkiyə ilə də birlikdə keçirmişik. Budəfəki təlimlər daha geniş miqyaslıdır. Hansı ki, həmin təlim Ermənsitanı daha da qorxudub. Bunu erməni mətbuatında gedən yazılardan da görmək olar. 
Düşmənin bu istiqamətdə qorxusunun artmasına səbəb olan amillrədən biri sözsüz ki, Azərbaycan Ordusunun təlimləri ən yüksək səviyyədə, peşəkarcasına keçirməsidir. Həmçinin, bu təlimlərdə nümayiş etdirilən müasir silah və hərbi texnikalar da düşməni əməlli-başlı təşvişə salır. Digər tərəfdən, maraqlı məqam odur ki, indi baş tutan təlimlərdə torpaqlarımızı işğal edən düşmənin darmadağın edilməsi və ərazi bütövlüyümüzün bərpası üzrə verilən tapşırıqlar icra olunur. Yəni, bu son təlimdə düşmənin adı konkret olaraq göstərilir. Bu isə o deməkdir ki, ordumuz düşməni darmadağın etmək, torpaqlarımızı işğaldan azad etmək üçün həlledici döyüşə hazırlaşır. Düşmən ölkə bu təlimlərdən nəticə çıxarmalıdır. Ancaq görünən odur ki, nəticə çıxarana oxşamırlar. Baş nazir Paşinyan nəticə çıxarmaq əvəzinə, Qarabağla bağlı daha aqressiv çıxışlar edir, sərsəm-sərsəm bu ərazinin Ermənsitana birləşdirilməsi vacibliyindən dəm vurur. Bütün bunlar onu göstərir ki, Ermənistan qarşısında özündən qat-qat güclü və peşəkar Azərbaycan Ordusunun olduğunu görsə də, prosesdən nəticə çıxarmayacaq. Bu isə onlara baha başa gələcək. Görünən prosesdən nəticə çıxarmayanın aqibəti sonda ağır olur. Nəticə çıxarmayacağı təqdirdə, Azərbaycan Ordusu beynəlxalq hüququn verdiyi hüquqlardan istifadə edərək, düşməni torpaqlarımızdan qovmaq üçün hücuma keçəcək. Bu hücum isə Ermənsitana sözün həqiqi mənasında baha başa gələcək. Belədə onsuz da indinin özündə ağır vəziyyətdə olan Ermənistan daha ağır və gərgin günlərini yaşamalı olacaq. 
Ermənistanın nicatı Azərbaycan Ordusunun  güclənməsi və keçirdiyi yüksək səviyyəli təlimlərdən nəticə çıxarmaqdan və bu fonda da torpaqlarımızı azad etməkdən keçir. Nəticə çıxarmasalar, günah özlərindədir, Ermənistanın bir dövlət olaraq mövcudluğu sual altında qalacaq”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz