Əlaqə Arxiv
news Image
2018.09.22
09:00
| A A A
Azərbaycan Ermənistanın KTMT ümidlərini puç etdi
Üzeyir Cəfərov: “KTMT-yə üzv ölkələr Ermənistanın qeyri-səmimi münasibətini görür” Qabil Hüseynli: “KTMT üzvləri yaxşı bilirlər ki, Ermənistan təxribatlara əl atır”

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargah rəisi Anatoli Sidorov Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmaya münasibət bildirib: “Ümid edirik ki, tərəflər öz aralarında anlaşacaq və sülh təmin olunacaq. Hadisə ilə bağlı Ermənistan tərəfindən KTMT-yə heç bir müraciət edilməyib, buna görə də biz məsələyə müdaxilə etmirik”, - deyən Sidorov bununla Ermənistanın KTMT-yə bel bağlaması ümidlərini puça çıxarıb.

Qeyd edək ki, bir neçə gün öncə erməni hərbi birləşmələri sərhəddə təxribat hücumuna cəhd edib. Azərbaycan Ordusunun cavab atəşi nəticəsində düşmənə ağır zərbə endirilib. Ermənistanda KTMT-nin məsələyə müdaxilə etməsi haqqında tələblər səsləndirilsə də, İrəvanın təşkilata müraciət etmədiyi deyilir. Ermənistan KTMT-nin üzvü olduğu üçün, nizamnaməyə görə təşkilat Qarabağ cəbhəsindən kənarda, sərhəddə baş verə biləcək toqquşmada İrəvanı müdafiə etməlidir. Lakin bu məsələnin kağız üzərində olduğu və Azərbaycanla münasibətləri pozmaq istəmədikləri ortaya çıxır. Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirir ki, Ermənistanın beynəlxalq hüquqa sayğısız yanaşması bütün dünyaya bəllidir: “O cümlədən KTMT-nın üzvlərinə də bəllidir ki, Ermənistan özünü qurumdan üstün saymağa çalışır. 
Ermənistan öz hərəkətləri ilə bu təşkilatın nüfuzuna böyük zərər gətirir. Həmçinin təşkilatın rəhbəri erməni generalı ilə bağlı da böyük rəzalət yaşandı. Hansı ki, bu biabırçılıq da təşkilatın adına yazılır. Hazırda ermənilərin təxribatına Azərbaycan tərəfi cavab verib. Nəticədə Ermənistan ordusu həm canlı qüvvə, həm də mövqe itkilərinə məruz qalıb. Düzdür, Nikol Paşinyan görüntü xatirinə oraya gəldi. Ancaq bunların hamısı formal xarakter daşıyır. 
Azərbaycan Ermənistan beynəlxalq hüquqa əməl etməyənə qədər daim özünün silah-sursatını yenilləyəcək, düşməni geri çəkilməyə məcbur edəcək. Son günlərdə bunu müşahidə edirik və düşmən də narahatdır. KTMT-yə üzv ölkələr Ermənistanın qeyri-səmimi münasibətini görür. Hadisələrin fonunda o qədər də çox reaksiya vermək istəmir. Burada Azərbaycan faktoru da böük rol oynayır. 
Azərbaycan həmin ölkələrin hər biri il sıx münasibətdədir. Lakin Ermənistan KTMT üçün lazımsız yükə çevrilib və aralarında problem yaşanır. Ona görə də Azərbaycanla münasibətlərin korlanmamasına çalışır və neytral mövqe tuturlar. Lakin bu, neytral mövqe olsa da, Azərbaycan nə vaxtsa Ermənistanı işğal olunmuş əraziləri tərk etməyə məcbur edəcək. Yəqin ki, yaxın zamanlarda bunun canlı şahidi olacağıq. Nəzərə alaq ki, gələn həftə Vladimir Putin ölkəmizə səfərə gələcək. Səfər zamanı Qarabağ məsələsinə də münasibət bildirməyə məcbur olacaq. Rusiyanın mövqeyinin nədən ibarət olacağını biləcəyik. Hərçənd ki, məhz Rusiyanın seyrçi mövqeyinə görə hələ də Qarabağ problemi müsbət həllini tapmayıb”.
Politoloq Qabil Hüseynli bildirdi ki, KTMT baş verən hadisələrin anatomiyasını çox yaxşı bilir: “Onlara da müəlumdur ki, Ermənistan provakasiyaya əl atıb. İlk atəş açan tərəf Ermənistan olub. Azərbaycan isə Ermənistan sərhədlərində çox diqqətlidir və Ermənistanın təxribatına uymamağa çalışır. Çünki, Ermənistan bu zaman KTMT-yə müraciət edə bilər. 
Bundan başqa Rusiyanın süni peykləri, digər ölkələrin havadan müşahidə qurğuları hadisələrin necə olduğunu çox yaxşı bilirlər. Bu baxımda KTMT üzvləri yaxşı bilirlər ki, Ermənistan təxribatlara əl atır. Bu səbəbdən də Azərbaycanla münasibətləri pozmağı özlərinə rəva görmürlər. Nəzərə alaq ki, bu məsələdə əsas rolu Rusiya oynayır. Rusiya isə hadisələrin necə baş verdiyi yaxşı bilir. Ermənistan ərazisində Rusiyanın müşahidə məntəqələqi var. Onlar bu hadisənin necə baş verdiyi Rusiyaya çatdırıblar. Ona görə KTMT sərhədyanı hadisəyə diqqət etmədi”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz