Əlaqə Arxiv
news Image
2018.09.22
10:30
| A A A
Qərb erməni terroruna qarşı mübarizədə Azərbaycana hələ də lazımi dəstək vermir
Elşən Mustafayev: “Qərb bu məsələyə bir qədər fərqli yanaşır” Elşən Manafov: “Görünən odur ki, mövcud vəziyyətin bu səpkidə qalması Qərb və Rusiyadakı bəzi dairələrin maraqlarına cavab verir”

Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizə sahəsində Amerika Birləşmiş Ştatlarının güclü tərəfdaşı olub. Bu fikir ABŞ Dövlət Departamentinin illik hesabatında yer alıb.

Hesabatda bildirilir ki, ötən il Azərbaycan Hökuməti ölkənin quru və dəniz yolları ilə insan, pul və mal daşınmasına yönəlmiş terrorçuluq fəaliyyətinin aşkar edilməsi və qarşısının alınmasında fəal iş görüb. Azərbaycanın hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri terror hücumlarının qarşısının alınması, terrorçuların izlənməsi və həbsi ilə bağlı əməliyyatlar keçirib.
Bundan başqa, vurğulanır ki, hesabat ilində Azərbaycan NATO-nun antiterror təşəbbüslərinə dəstəyini davam etdirib. Azərbaycan “Asiyanın Qəlbi - İstanbul Prosesi”nə həmsədrlik edərək Əfqanıstanda təhlükəsizliyin və sabitliyin möhkəmlənməsi üzrə səyləri davam etdirib. Qeyd edilənlərdən aydın görür ki, terrora qarşı mübarizədə Azərbaycan Qərbə hərtərəfli yardım edir. Bəs nədən, Qərb hələ də erməni terrorunun neytrallaşdırılması istiqamətində Azərbaycana kömək etmir?
Politoloq Elşən Mustafayevin fikrincə, Qərbin erməni terrorunun neytrallaşdırılması istiqamətində Azərbaycana kömək etməməsinin əsasında onların öz maraqları dayanır: “Azərbaycanın terrorçuluqla mübarizədə göstərdiyi səylərin ABŞ Dövlət Departamenti tərəfindən yüksək qiymətləndirilməsi ölkəmizin imic və nüfuzu baxımından müsbət hadisədir. Ermənistan isə fəaliyyəti onu deməyə əsas verir ki, bu işğalçı ölkə  dövlət səviyyəsində terror həyata keçirir. Ona görə bu ölkə terrorçu dövlət kimi qiymətləndirilməlidir. 
Son zamanlar baş nazir Nikol Paşinyanın verdiyi sərsəm açıqlamalar da bu ölkənin terroru dəstəklədiyini göstərir. Amma fikrimcə, Qərb dövlətləri bu məsələni bir qədər fərqli qiymətləndirir. Onlar münaqişənin hərbi əməliyyatlara keçməsinin əleyhinədir və prosesin ancaq danışıqlar yolu ilə həllində maraqlıdırlar. Belə olan halda Qərbin və Rusiyanın Qarabağ münaqişəsinin baiskarı olan qarşı tərəfi terrorçu adlandırmaları fikrimcə, danışıqların dayanmasına gətirib çıxaracaq ki, Qərb də bunu istəmir. Qərb hesab edirəm ki, məhz bu aspektdən yanaşdığından erməni terrorunun neytrallaşdırılması istiqamətində hələlik ölkəmizə kömək əlini uzatmır. Azərbaycan Paşinyanın son çıxışlarından istifadə edərək Ermənistanın sülhdə maraqlı olmadığı və terroru dəstəklədiyini bir daha daha güclü şəkildə dünyanın diqqətinə çatdırmalıdır”.   
Politoloq Elşən Manafov isə qeyd etdi ki, Qərbin Azərbaycanın Dağlıq Qarabağda antiterror əməliyyatlarına dəstək verməkdən yayınması onun ikili standart siyasətindən qaynaqlanır: “Təbii ki, Qərb də Rusiya kimi ATƏT-in Minsk qrupunda təmsil olunan həmsədr dövlətlər kimi Azərbaycanın əslində, Dağlıq Qarabağdakı erməni separatizmi və Ermənistanın dövlət terrorizminə qarşı mübarizə aparmaq hüququnu tanımalıdır. Azərbaycanın qüvvədə olan qanunvericiliyinə görə, Dağlıq Qarabağda antiterror kampaniyası aparmaq hüququ vardır. Lakin Qərb və Minsk qrupu dəfələrlə bəyan edib ki, problemin hərbi yolla həlli variantı yoxdur. Onlar problemin sülh danışıqları, diplomatik yolla həll olunmasını tövsiyyə edirlər. 
Qərb yaxşı bilir ki, Azərbaycan problemi hərbi yolla həll etmək gücündədir. Anlayırlar ki, qısa zamanda Bakı problemi həll edib özünün ərazi bütövlüyünü təmin edə bilər.  Amma görünür, bölgədə bu səpkidə mövcud vəziyyətin qalması Qərb və Rusiyadakı bəzi dairələrin maraqlarına cavab verir. Hərçənd Qərb Azərbaycana ciddi sərmayə və kapital qoyub. Bu mənada düşünürlər ki, hərbi əməliyyatların başlanması iqtisadi layihələrin təhlükəsizliyinə ciddi təhdid yarada bilər. Bununla belə, Qərb siyasi dairələrinin məsələ ilə bağlı verdiyi açıqlamalar ikili xarakter daşıyır. Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə mövcud koalisiyanın yanında olaraq, burada aktiv iştirak etməsinə Qərb dəyər verirsə, təbii ki, bu, ölkəmizin müasir dünyada terrorrizmə qarşı oynadığı rola verilən dəyərdir. Azərbaycan zamanında İraq, indi də Əfqanıstanda terrorizmə qarşı mübarizədə mühüm töhfələr verib. Amma təəssüf ki, Qarabağda Azərbaycanın belə bir əməliyyat aparmaq hüququ nə Qərb, nə də Rusiya tərəfindən birbaşa tanınmır. Görünür, bundan ötrü Azərbaycan diplomatiyası daha ciddi şəkildə işləməlidir. Güman edirəm ki, müvafiq şəraitin yarana biləcəyi təqdirdə, vəziyyət bu müstəvidə də ölkəmizin xeyrinə dəyişəcək. Həmin vəziyyəti deyəndə, Ermənistanda hakimiyyətlə “Qarabağ klanı” arasında getdikcə gərginləşən münasibətləri, Rusiyanın İrəvanla münasibətlərdə gərginliyin yüksək xəttlə artmasını nəzərdə tuturam. Hətta Qərin müvafiq dairələrilə indiki Ermənistan hakimiyyəti arasındakı gərginlik də perspektivdə Azərbaycanın xeyrinə işləyir. Ona görə də burada təmkin və səbrlə diplomatik yolla işimizi davam etdirməliyik”.
Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz