Əlaqə Arxiv
news Image
2018.09.22
11:00
| A A A
Paşinyan Ermənistanı sələflərindən də pis günə qoyacaq
Baş nazirin səhvləri həm naşılıqdan, həm də sığındığı qucağı dəyişmək məramından irəli gəlir

Siyasət, kobud ifadə ilə desək, “alıb-aldatmaq” adlandırılsa da, əslində sözün yerində deyilib-deyiməməsi, yaxud söylədiyin fikirlərin reallıqla uzlaşması baxımından yalnız düzlüyü sevir və buna görə də siyasətçi gərək işlətdiyi hər sözün əhəmiyyətini dərk etsin. Əks halda həyatda “aldanmış kəvakib” olmaqdan başqa heç nəyə nail olmayacaq. Ermənistanın hazırkı baş naziri postunda əyləşmiş Nikol Paşinyan söylədiklərimizə bariz nümunədir. Bəlkə də onu danışdıranda gözəl görünən layihələrdən, əmin-amanlıq haqda şirin xəyallardan bəhs edər. Amma fakt budur ki, onun, dövlətin aparıcı şəxsi kimi apardığı siyasət “ağzına və ağlına gələni danışmaqdan” o yana keçmir. Yəni, gah nala vurur, gah da mıxa. Nəticədə, mıx əyilir, nal da yerinə oturmur. Bu mənada Paşinyanın siyasi naşılığı və Qərbə casusluq etməsi üzə çıxmış olur.

Deyirlər ki, Ermənistanda inqilab baş verib. Adətən, inqilablar cəmiyyətdə köklü dəyişikliklərə səbəb olur, keçmiş hakimiyyətin etdiyi səhvlərinə, yanlış siyasətinə son qoyulur. Amma, daha bir gül ilə bahar gəlmədiyi kimi, yalnız hakimiyyətin dəyişməyi ilə inqilab da olmur. Bu konteksdə Paşinyan baş nazir kürsüsünə əyləşəndə xalq və dünya ictimaiyyəti ondan cinayətkar Sarkisyan rejiminin etdiyi səhvlərin, xüsusilə də Qarabağ münaqişəsinin həllində yol verdiyi danışıqları pozmaq cəhdlərinin, ümumiyyətlə isə qonşulara münasibətdə yürüdülən işğal siyasətinə son qoyacağını gözləyirdilər. Təəssüf ki, bu baş vermədi və Paşinyanın siyasi tryukları siyasi sərsəmləmədən o yana keçə bilmədi. 
Paşinyanın nüfuzu Ermənistanda üzüaşağıya doğru gedir. Çünki, problemlər çoxdur, hökumət isə bunları həll etmək iqtidarında deyil. Həm də yeni hökumətin əsas dərdi mövcud problemləri aradan qaldırmaq yox, onu vəzifəyə gətirmiş Qərbin mənafetinə xidmət etməkdir. Ermənistanın hazırkı xarici siyasəti buna yönəlib. Daxili siyasətdə nüfuzu itirməmək üçün “Böyük Ermənistan” ritorikası dəbdədir. Amma xalqa aclıq və ölüm vəd edən işğal siyasəti yox, iş və çörək lazımdır. Bu tələbləri ödəmək üçün Paşinyanın siyasi təcrübəsi və savadı, ictimai mənsubiyyəti və millətçilik dünyagörüşü imkan vermir. 
İndi Ermənistanın baş naziri hər vəchlə atəşkəsin pozulmasına və buna görə Azərbaycanı təhdid aləti qazanmağa çalışır. Lakin o başa düşə bilmir ki, daha ötən əsrin 90-cı illəri deyil. Dünya birliyi və ictimaiyyəti Qarabağ haqda həqiqəti bilir. Ermənilərin haqsızlığı, Azərbaycanın ədalərli mübarizəsi artıq sənədlər və real hadisələr əsasında aşkar olub. Yəni, qaradan o yana rəng yoxdur, hər şey öz rəngindədir və reallığı dərk edib, Qarabağ münaqişəsinin mahiyyəti üzrə danışıqlara başlamaq lazımdır. Təbii ki, əgər sülh istəyirsənsə?! Amma bunun əvəzinə üstünlüyü döyüşə can atmaqla əldə etmək istəyirsənsə, onda buyur, bu meydan, bu da ordu.., görək kimi kimi üstələyəcək. Amma bəri başdan erməni tərəfi hər hansı addım atmazdan əvvəl nəzərə almalıdır ki, dünyadakı ölkələrin ordularının güc sırasında Ermənistan Azərbaycandan təxminən 40 bənd geridir. Ermənistan qoşunlarının təchizatı Rusiyanın çiynindədir, Azərbaycanın isə hər cür silahı almağa kifayət qədər vəsaiti var. 2016-cı ilin aprel döyüşlərini daha xatırlatmağa ehtiyac yoxdur, çünki ermənilər özləri həmin döyüşləri xatırlayanda nitqləri tutulur. İndi, görün, erməni baş nazirdə siyasi korazehinliyin dərəcəsi hansı səviyyədədir ki, bunları bilə-bilə döyüşdən dəm vurur və qiyabi olaraq Azərbaycana müharibə elan edir. 
Erməni cəmiyyəti elə bir acınacaqlı vəziyyətdədir ki, kiminsə düzlükdən danışması təbəddülat yaradır və kütləni dərhal hərəkətə gətirir. Paşinyan saflığı, korrupsiyaya qarşı mübarizəni sipər edib dalında gizlənməyə çalışır, ancaq bu sözlərə görə hər fün bir kənd ya qəsəbə küçələrə axışıb hökumətdən haqqını tələb edir. Tələb belədir ki, əgər hökumət düzlük tərəfdarıdırsa, onda bizim haqqımızı niyə tapdalayır, niyə talanmış evlərimizə görə kompensasiyaları vaxtında və söz verilmiş məbləğdə ödəmir? Bu suallar qarşısında Paşinyan aciz duruma düşür və başlayır cəbhədə təxribat törədib, günahı Azərbaycanın üzərinə yıxmaqla əhalidə qorxu və təşviş yaratmaqla ictimai fəallıqdan çəkindirsin. Amma əvəzində Qarabağda vuruşmağı arzulamayan dinc sakinlər, xüsusilə də əsgərlik yaşına çatmış gənclər arasında intihar halları genişlənir. Əslində öz daxili sərsəm siyasəti ilə Paşinyan əlini öz xalqının qanına batırmış olur. 
Sonuncu dəfə cəbhədə təxribat törədib günahə Azərbaycanın üzərinə atmaq istəyən Paşinyan beynəlxalq təşkilatlara müraciət də ünvanlayıb və mətbuata müdafiə naziri adından belə bir məlumat ötürülüb ki, Ermənistan KTMT-yə Azərbaycandan şikayət ünvanlayıb. Lakin üstündə iki gün keçəndən sonra ermənilər bu işdə də kələkbazlıq ediblər və əslində, qorxularından KTMT-ə yox, hazırda tamamilə gərəksiz quruma çevrilmiş Minsk qrupuna müraciət göndəriblər. Çünki, KTMT üzvlərini Azərbaycanla sıx dostluq və əməkdaşlıq telləri bağlayır və onlar ermənilərin saxta müraciətlərinə inanmazdılar.
Beləliklə, Paşinyanın naşılığı ucbatından erməni cəmiyyətində hərc-mərclik yaşanır və getdikcə dərinləşir. Görünür, bu şəxs cinayətkar Sarkisyandan heç də geri qalmayaraq Ermənistanın uğursuzluğa düçar olan növbəti rəhbəri olacaq.
N.NOVRUZ     
     

Sizin Reklam Yeriniz