Əlaqə Arxiv
news Image
2018.09.25
08:00
| A A A
Qarabağ münaqişəsinin həlli üçün yeni imkanlar açılır
Azər Həsrət: “Görünür, Tramp ona işarə edib ki, artıq Ermənistanın Azərbaycan torpaqlarından çəkilib getməsinin vaxtı çatıb” Natiq Miri: “Tramp həmin məktubda yaxın aylarda problemin həllilə bağlı imkanlardan danışarkən düşünürəm ki, gələcək perspektivdə Ermənistanda ola biləcək ciddi dəyişiklikləri nəzərdə tutur”

“Qarşıdan gələn aylarda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açılır”. Bunu ABŞ prezidenti Donald Tramp Ermənistanın baş naziri Nikol Paşinyana göndərdiyi məktubda bildirib: “ATƏT-in Minsk qrupunun həmsdər dövləti kimi ABŞ münaqişənin uzunmüddətə dinc yolla həlli üçün sizinlə işləməyə hazırdır”.

Qeyd edək ki, son zamanlar Dağlıq Qarabağ konfliktinin həlli istiqamətində imkanların genişləndiyinə dair müxtəlif fikirlər təkcə ABŞ rəsmiləri tərəfindən deyil, eyni zamanda, Minsk qrupunun digər həmsədrləri olan Fransa və Rusiya tərəfindən də səslənməkdədir. Hətta bir sıra hallarda nəinki rəsmilər, o cümlədən politoloq və şərhçilər də konflikt haqqında məsələnin məhz Trampın Paşinyana ünvanladığı məktubda dediyi kimi olduğunu iddia edirlər. 
Siyasi icmalçı Azər Həsrət bildirdi ki, Tramp sözügedən açıqlaması ilə ola bilsin, Vaşinqtonun nəhayət, Qarabağ konfliktinin həllini yerindən tərpətməyə doğru istiqamətləndiyini göstərmək istəyir: “Bizlər hər dəfə arzu etmişik ki, xüsusən də ABŞ başda olmaqla dünyanı idarə edən güclər Qarabağ münaqişəsinin həllilə bağlı ümidləndirəcək açıqlamalar versin, bu istiqamətdə real addımlar atsınlar. Ancaq təəssüflər olsun ki, ötən illər ərzində heç nə dəyişməyib. Faktiki olaraq, məsələ ətrafında proses sözdən irəli gedilməyib. 
Əksər hallarda həmsədr ölkələr tərəfindən çağırışlar olub ki, tərəflər münaqişəni dinc yolla həll etsinlər və onların razılaşdığı həll variantını qəbul etməyə hazırdırlar. Yəni, bu kimi ümumi sözlər işlətməklə kifayətləniblər. Amma Trampın qarşıdan gələn aylarda münaqişənin həlli üçün imkanların açıldığı barədə fikrinə gəldikdə, şəxsən indiyə kimi ABŞ rəhbərliyində olan şəxslər tərəfindən bu qədər açıq mesajlı çıxışların olduğunu xatırlamıram. İstər Obama, iastər Klinton və yaxud ondan əvvəlki prezidentlər olsun, heç biri Qarabağ münaqişəsilə bağlı Tramp qədər açıq müstəvidə fikir bildirməyiblər. Onlar sadəcə olaraq, çağırış etməklə kifayətləniblər. Tramp isə konkret fikir bildirərək yaxın müddətdə nələrinsə baş verəcəyinə işarə edib. Yəqin ki, böyük dövlətlər, xüsusən də ABŞ öz nüfuz və imkanlarından istifadə edib, münaqişənin həllini yerindən tərpətməyə meylləniblər. Ən azından bu açıqlamadan belə düşünə bilərik ki, ABŞ Cənubi Qafqazda münaqişələrin həll olunmadan həddən artıq çox uzandığını qəbul etmək istəmir və nəhayət, münaqişənin bu və ya digər istiqamətdə həll edilməsinin vacibliyinə işarə edir. 
Dünyada buna bənzər münaqişələr olub. Ermənistan da bizim torpaqları işğal edib. Qarabağ münaqişəsinin həlli də təbii ki, Ermənistanın işğal etdiyi torpaqlarımızdan çıxıb getməsilə mümkündür. 
Görünür, Tramp da ona işarə edib ki, artıq Ermənistanın Azərbaycan torpaqlarından çəkilib getməsinin vaxtı çatıb. Hər halda düşünürəm ki, ABŞ kimi dünyanı idarə edən qlobal gücün belə bir mövqe sərgiləməsi ən azından ölkəmiz üçün yeni imidlər verir”.  
Politoloq Natiq Miri isə bu qənaətdədir ki, ABŞ prezidenti sözügedən məktubda əslində, Ermənistanda gələcək perspektivdə olacaq ciddi dəyişiklikləri nəzərdə tutub: “ABŞ prezidenti Trampın Paşinyana ünvanladığı həmin məktubu Azərbaycan ictimaiyyətində müxtəlif fikirlərə səbəb olub. Düşünürəm ki, burada konkret bir hadisə və yaxud hansısa dəyişikliklərdən, Minsk qrupunda hansısa fövqəladə proseslərdən söhbət getmir. Hazırda Minsk qrupu ABŞ daxil olmaqla Dağlıq Qarabağ probleminin həllini prioritet hesab etmir. Minsk qrupu sadəcə, 26 ildir baş qatmaqla məşğuldur. Onların əsas məqsədi də Azərbaycana aid işğal olunan bu əraziləri ermənilərə verməkdən ibarətdir və  bu əsasda da müstəqil erməni dövləti yaratmaq iştahasındadırlar. Problemin 26 il uzanmasının əsas səbəbi də məhz budur. Çünki Minsk qrupunda təmsil olunan bu üç xristian dövləti arasında məsələ ətrafında müəyyən fikir ayrılıqları olsa da, Qarabağın müstəqil erməni dövləti olması fikrində ortaqdırlar. Ona görə də problem 26 ildir uzanır. Çünki Azərbaycan həmsədrlərin bu çirkin niyyətinə dirəniş göstərir. Tramp həmin  məktubda yaxın aylarda problemin həllilə bağlı imkanların açılmasından danışarkən düşünürəm ki, gələcək perspektivdə Ermənistanda ola biləcək ciddi dəyişiklikləri nəzərdə tutur. Çünki ABŞ adminstrasiyası da bilir ki, Paşinyan hakimiyyətinin öz mövqeyini daha da möhkəmləndirməsi üçün mütləq mənada dayanıqlı hökumətə ehtiyacı var. Bunun üçündə Ermənistandakı mövcud parlament ləğv olunmalı və növbədənkənar parlament seçkiləri keçirilməlidir. Həmin parlament seçkisi də yeni seçki sistemilə keçiriıməlidir ki, bunun üçün Konstitusiyada dəyişikliklərə ehtiyac vardır. Bunun üçün də Paşinyan parlamentdə ən azı 66 səsə malik olmalıdır. İndilikdə isə Paşinyan belə bir səs çoxluğuna malik deyil. Ona görə də məktubla Paşinyana həm də dolayısı ilə mesaj verilir ki, bu istiqamətdə konkret addımlar atmaq zamanıdır. Buna görə də Paşinyan parlament və özünə rəqib olan erməni klanlarını məhz xalq vasitəsilə hədələyir. Yəni bu kimi təhdidlərlə dolayısı ilə istəyinə nail olmağa çalışır. ABŞ-da düşünürəm ki, Paşinyanı məhz bu yola təhrik edir. Məktubun verildiyi anlarda Ermənistanda yaşanan proseslər də dolayısı ilə bunu əks etdirir. Artıq İrəvan şəhərində şəhər şurasına seçkilər keçirilib və Paşinyanın rəhbərlik etdiyi  “Mənim addımım” Partiyası qələbə çalıb. Belədə növbədənkənar seçkilərlə Paşinyanın parlamentdə də çoxluq qazanmasının ardınca baş nazirin gözlənilən bir çox strateji qərarların həllində, eyni zamanda Qərbə, NATO-ya inteqrasiya məsələsində rahat imkanlar əldə edəcəyinə işarə edir. Fikrimcə, Trampın məktubunda göstərilən məqam məhz bundan ibarətdir. Nə qlobal səviyyə, nə də Minsk qrupunda elə bir ciddi, həlledici hadisələr baş verməyib. Həmsədrlərin heç biri hazırda Qarabağ problemini həll etmək istəyində deyillər. Eyni zamanda, Azərbaycanı müəyyən ciddi güzəştlərə getməyə təhrik etmək imkanları da yoxdur. Ona görə düşünürəm ki, bu kimi vasitələrlə Paşinyan hökumətinin mövqeyini güclənidrmək və gələcəkdə maliyyə dəstəyi verməklə, ona strateji qərarlar vermək imkanı yaratmaq istəyirlər”. 
Rüfət NADİROĞLU  

Sizin Reklam Yeriniz