Əlaqə Arxiv
news Image
2018.09.25
16:34
| A A A
Monqolustan Prezidenti Heydər Əliyev Mərkəzində olub

Azərbaycanda işgüzar səfərdə olan Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa sentyabrın 25-də Heydər Əliyev Mərkəzində olub.

Ali qonağa dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Mərkəzin həyata keçirdiyi layihələr Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərin beynəlxalq aləmdə təbliğinə, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın, ekologiyanın və iqtisadiyyatın müxtəlif sahələrinin dəstəklənməsinə və inkişafına xidmət edir.

Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi Monqolustan Prezidentinin böyük marağına səbəb olub. Ali qonağın diqqətinə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində açılmış bu muzeyin “Fotoşəkillərdə əks olunmuş həyat”, “Azərbaycanın ictimai-siyasi həyatı”, “Dövlətçilik, irs, nailiyyətlər” adlı bölmələrində Ulu Öndərin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual şəkildə təqdim olunur. Hər bir mövzu üzrə materiallar Azərbaycan və ingilis dillərində təqdim edilir.

Xaltmaaqiyn Battulqa Mərkəzdə “Azərbaycan inciləri” sərgisi ilə də tanış olub. Bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı nadir eksponatlar nümayiş etdirilir. Burada qədim peşələrin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri sərgilənir, qədim çalğı alətlərimiz orijinal şəkildə - səsli formada təqdim olunur. Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.

Heydər Əliyev Mərkəzi ilə tanışlıq Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqada xoş təəssürat yaradıb.

Sizin Reklam Yeriniz