news Image
2018.10.11
15:00
| A A A
Ekspert: Azərbaycan müdafiə potensialını davamlı şəkildə gücləndirmək üçün ən müasir hərbi texnikaları almaqdan çəkinməyəcək

Azərbaycan müdafiə potensialını davamlı şəkildə gücləndirmək üçün ən müasir hərbi texnikaları almaqdan çəkinməyəcək.

Bunu Trend-ə açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

A.Quliyev bildirib ki, 9 ayda Azərbaycanın hərtərəfli inkişaf göstəricilərini Prezident İlham Əliyevin təqdimatından daha dolğun ifadə etmək mümkün deyil: "İqtisadi, siyasi, sosial, biznes sferaları və xarici siyasətə aid Prezidentin fikirlərini ayrı-ayrı təhlil edəndə daha konkret məqamlara çıxmaq mümkündür. Məsələn, cənab Prezident silah və hərbi texnika alışını nəzərdə tutaraq bildirdi ki, “bundan sonra yalnız ən müasir texnikanı, silahları almaq fikrindəyik, bu texnikanı bizə satmaq istəyən ölkələrin sayı artır... Əvvəlki illərlə müqayisədə bu gün biz seçim edirik, nəinki hansısa bir təchizatçıya bağlıyıq".

Baş redaktor vurğulayıb ki, dövlət başçısı bu fikirlərlə çox əsaslı mahiyyətləri ortaya qoydu: "Heç bir şübhə yeri qalmır ki, Azərbaycan məruz qaldığı təcavüzü aradan qaldırmaq üçün özünün təbii haqqı olan silahlanmanı bundan sonra da davam etdirəcək. Nümayiş etdirilir ki, müdafiə potensialını davamlı şəkildə gücləndirmək üçün ölkənin yetərli iqtisadi-maliyyə gücü var, hətta ən müasir və təbii ki, ən bahalı hərbi texnikaları almaqdan çəkinməyəcək. Cənab Prezident hər kəsə aydın mesaj verdi ki, müdafiə qüdrətini gücləndirməyə imkan verən iqtisadiyyatın da dinamik artımı durmadan davam edəcək. Müasir hərbi texnika alışının dövlətlər arasında seçmə üsulla davam etdiriləcəyi barədə cənab Prezidentin bəyanatındakı ən böyük məntiq Azərbaycanın mühum diplomatik qələbələrindən birini özündə əks etdirməsidir. Belə ki, bir vaxtlar dünya Qarabağ münaqişəsində Azərbaycanın və Ermənistanın statuslarını ziyanlı şəkildə eyniləşdirmişdi, bu səbəbdən hər ikisinə silah satışı məhdudlaşdırılmışdı. Azərbaycanın ətrafında düşmənlər əsl hərbi blokada mühiti yaratmışdılar".

Ekspert əlavə edib ki, əgər bu gün ölkəmiz dövlətlər arasında seçim üsulu ilə ən müasir hərbi texnika almaq imkanına malikdirsə, deməli, hərbi blokada rejimi tam dağıdılıb, Azərbaycan Qarabağ probleminin əsl mahiyyətini dünyaya tanıdıb: "Dünya Dağlıq Qarabağ münaqişəsində Ermənistanın təcavüzkar, Azərbaycanın isə təcavüzə məruz qalmış tərəf olduğuna əmin olub, Azərbaycanın özünü müdafiə naminə silahlanma haqqına malik olduğunu qəbul edib. Bu, Azərbaycanın dünya miqyasında Ermənistan üzərində şəksiz diplomatik üstünlük qazandığı məqamlardan biridir. Cənab Prezident çoxşaxəli xarici siyasətin nəticəsi olaraq məhz bu böyük diplomatik uğurun əldə edildiyini və ölkənin hərbi imkanlarının gücləndirildiyini dolğun şəkildə ifadə etdi".