Əlaqə Arxiv
news Image
2018.10.13
07:00
| A A A
İkili standartlar Avropa Şurasının axırına çıxır
Nəzakət Məmmədova: “Azərbaycan Avropa Şurasında dəfələrlə haqsız münasibətə məruz qalmış ölkədir”

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) son vəziyyətin təhlili bu qurumun çox ciddi böhran keçirdiyini göstərir. Əsas səbəblərdən biri də qurumda ikili standartlar hələ də davam etməsidir. Məsələn, qurum bu günə qədər işğalçı Ermənistana qarşı heç bir addım atmayıb. Bununla bağlı qurumun payız sessiyasının son iclasında azəraycanlı millət vəkilləri Naqif Həmzəyev və Qənirə Paşayeva da növbəti dəfə iradlarını bildiriblər. 

Siyasilərin fikrincə, belə vəziyyətin davam etməsi  beynəlxalq təşkilat olaraq, AŞPA-ya etibarın itməsinə gətirib çıxara bilər. Bu fonda isə hətta onun gələcək fəaliyyətinin sual altına düşməsi də istisna deyil.  Politoloq Nəzakət Məmmədova bildirir ki, ümumiyyətlə, bütün beynəlxalq təşkilatlarda, bütövlükdə beynəlxalq sistemdə ikili standartlar mövcuddur: “Onlar heç də bəyan etdikləri kimi universal dəyərlər, öz nizamnamələrində yazılan prinsiplər əsasında fəaliyyətlərini tənzimləmirlər. Nəzərə alaq ki, bu təşkilatlara da rəhbərlik edənlər insanlardır. İnsan amili olan yerdə isə korrupsiya, ikili standartlar və sair mənfi təzahürlər istisna olunmur. Biz zaman-zaman bu təşkilatlar ətrafında baş verən qalmaqalların şahidi oluruq. 
Heç bir beynəlxalq təşkilat ideal deyil, korrupsiya amili qalır,  ikili standartlar da bu maraqdan, müxtəlif lobbi qruplarının təsirindən və sair baş verir. Biz Azərbaycan dövləti və onun vətəndaşları öz üzərimizdə bu haqsızlığı illərdir ki, hiss edirik. AŞPA-nın Ermənistan siyasəti də ikili standartlara söykənir. Bu, həm Azərbaycan-Ermənistan münaqişəsinə münasibətdə, həm də Ermənistanda baş verən hadisələrə münasibətdə özünü büruzə verir. 
Nəzərə alaq ki, Avropa Şurasında bir çox lobbi qruplarından başqa, həm də Amerikanosentrizm və Avrosentrizm düşərgələri var. ABŞ-ın Avropa işlərinə müdaxiləsini məqbul hesab edən avropalı siyasətçilərin Avropa Şurasındakı fəaliyyətində, hazırladıqları hesabatlarda və məruzələrdə bu hiss olunur. Yaxud əksinə, anti-Amerika qruplarının mübarizəsi Vaşinqtonun maraqlarına zidd məruzələr hazırlayır. Məsələn, Avropa Şurasının Ermənistanla bağlı son məruzəsində Rusiya izi axtaranlar az deyil. Ermənistandakı vəziyyət barədə həmməruzəçi Yuliya Levoçkinanın hazırladığı məruzə birmənalı qarşılanmayıb. Nikol Paşinyanın siyasi rəqiblərlə haqq-hesab çəkməsindən narahat olan Avropa Şurasının həmməruzəçilərinin hazırladıqları sənəd Respublika Partiyasının mövqeyinə daha çox yaxındır. Hesabatda əks olunan bir sıra mühüm məqamlar - siyasi partiyalara seçkiyə hazırlaşmaq üçün vaxt verilməsinin tövsiyə olunması, İrəvan Ağsaqqallar Şurasına seçkilərdə əhalinin fəallıq göstəricisinin az olması, bütün səs-küylü cinayətkarlara, xüsusilə 2008-ci il 1 mart hadisələrinə ədalətli qiymət verilməsinə çağırış N.Paşinyana qarşı təkcə Avropa Şurası həmməruzəçilərinin deyil, eyni zamanda təşkilatdakı anti-ABŞ qüvvələrin mövqeyi kimi başa düşülür. Üstəlik, Y.Levoçkinanın Ukrayna Regionlar Partiyasının üzvü olması, 38 ofşor şirkətinə sahib olması və sair onun məruzəsinə Rusiya amilinin təsirinə dair şübhələr yaradır. 
Gördüyümüz kimi, Avropa Şurası kimi mötəbər təşkilat belə müstəqil deyil. Müəyyən maraq qruplarının, dövlətlərin təsiri ilə siyasi qərarlar qəbul edə bilər və edir. Azərbaycan isə Avropa Şurasında dəfələrlə haqsız münasibətə məruz qalmış ölkədir. Habelə Türkiyə, beynəlxalq təşkilatlarda maliyyə, dini amil, geosiyasi maraqlar və s.kimi öz dərin təsirini buraxmaqdadır. Lakin bu hal artıq bir sıra dövlətlər, onların əhalisi tərəfindən narazılıqla qarşılanır, etiraz doğurur”.
Xanım Məmmədova əlavə etdi ki, dünyanın universal, ümumbəşəri dəyərlərlə idarə olunmasını bəyan edən beynəlxalq təşkilatların ikili standartlar əsasında fəaliyyət göstərməsi onlara olan inamı zəiflədir: “Eyni zamanda bu təşkilatların nüfuzuna ciddi xələl gətirir. Nizamnamələrə riayət olunması ilk növbədə bu təşkilatların özlərinə faydalı olar, gələcək fəaliyyətlərini səmərəli qurmağa kömək edərdi”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz