Əlaqə Arxiv
news Image
2018.10.17
14:39
| A A A
Azərbaycan maliyyə müstəqilliyini daha güclü hala gətirir
Adıgözəl Məmmədov: “Məhz İlham Əliyevin prezidentinliyi dövründə Azərbaycan iqtisadi inkişaf göstəricilərinə görə regionun, dünyanın aparıcı dövlətlərindən birinə çevrilib” Qabil Hüseynli: “Azərbaycan hazırda ahəngdar şəkildə inkişaf etməkdədir”

"Biz iqtisadi baxımdan heç kimdən asılı deyilik, biz özümüz öz taleyimizin sahibiyik". Bunu oktyabrın 15-də Prezident İlham Əliyev “Lerik şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulması və ilk dəfə olaraq kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin icrasının yekunlaşması münasibətilə keçirilən mərasimdə deyib. Dövlət başçısı bildirib ki, iqtisadi sahədə aparılmış düzgün siyasət öz bəhrəsini verir: 
"Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. Heç kimdən yardım, heç kimdən kredit almadan. İndi kreditlərə də ehtiyac qalmır. Düzdür, biz indi bəzi kreditləri alırıq, ancaq o proses də demək olar ki, dayandırıldı. Biz özümüz bəzi xarici ölkələrə kreditlər veririk və bundan faiz qazanırıq. Yəni, bu gün Azərbaycan, sözün əsl mənasında, öz sürətli inkişaf dövrünü yaşayır”. 
Siyasilər bildirirlər ki, ölkə rəhbəri bununla Azərbaycanın tam müstəqil dövlət olmasına işarə edir. Məsələn, politoloq Adıgözəl Məmmədovun fikrincə, məhz İlham Əliyevin prezidentinliyi dövründə Azərbaycan iqtisadi inkişaf göstəricilərinə görə regionun, dünyanın aparıcı dövlətlərindən birinə çevrilib: “Bəziləri elə düşünür ki, Azərbaycanın iqtisadi göstəriciləri əsasən neftdən gələn gəlir hesabına formalaşır. Ancaq belə deyil. Bu gün Azərbaycanın xarici ticarət dövriyyəsində qeyri-neft sektorunun payı 50 faizdən çoxdur. Cənab Prezidentin həyata keçirdiyi siyasət əsasən ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı neft faktorundan asılı olmasın. Yəni, iqtisadiyat əsasən qeyri-neft sektorunun əsasında formalaşsın. 
Nəzərə alaq ki, Azərbaycanın aqrar sahədə böyük tarixi ənənəsi var. Hazırda 1970-cı illərdə qoyulmuş ənənələrin yenidən bərpası istiqamətində strateji siyasət həyata keçirilməkdədir. Dünya Bankının hesabatlarına görə, bu gedişlər nəticəsində yaxın 10 ildə iqtisadiyyatımız ixracyönümlü iqtisadiyyata çevriləcək.  Nəzərə alaq ki, Azərbaycan məhsullarının ənənəvi bazarları olub. Düzdür, hazırda həmin bazarlara müəyyən dövlətlər giriblər. O baxımdan həyata keçirilən addımlardan biri də gömrük işindəki islahatlardır ki, ənənəvi bazarlarımızı bərpa edək. Yəni, artıq Avrasiya coğrafiyasının mərkəzlərindən birinə çevrilmək üçün təməl qoyulub”.
Digər politoloq Qabil Hüseynli bildirdi ki, artıq Azərbaycan bölgənin lider dövlətidir: “İndiyə qədər beynəlxalq fondlardan kredit almamışıq. Yalnız ölkəyə idxal edilən məhsulun dəyərinə görə həmin ölkələrdən alınan kreditlərdir. Onlar da vaxtında qaytarılır. 
Hazırda isə enerjinin qiymətinin artması Azərbaycan büdcəsinə xeyli gəlirlər gətirir. Bu da ölkə iqtisadiyyatının, əhalinin maddi rifahının inkişafına və müdafiə qüdrətinin artmasına yönəldilir. Azərbaycan hazırda ahəngdar şəkildə inkişaf etməkdədir. Bu inkişafın nəticəsində dövlətin qüdrəti artır, heç bir dövlətdən asılı olmamasına və tam müstəqil siyasət yürütməsinə gətirib çıxardır. Çünki iqtisadi cəhətdən asılı olan ölkələrin bir çoxu yarımmüstəqil və ya zədələnmiş müstəqilliyə malikdirlər. Hansı ki, bunların heç biri Azərbaycanda yoxdur. Prezident bununla əhaliyə bildirmək istədi ki, ölkəmizin qüdrəti getdikcə artacaq. Bu mənada vətəndaşlarımız tam əmin olmalıdırlar”. 
Mübariz BAYRAMOV 

 

Sizin Reklam Yeriniz