Ən müasir silahlarla, texnika ilə, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan hərbi təyinatlı məhsullarla təmin edilən ordumuzun qüdrəti artır, potensialı güclənir. Son illərdə yaradılan 20-dən çox hərbi zavodda istehsal olunan 1200 adda hərbi təyinatlı müxtəlif məhsullarla təchiz edilən ordumuzun aprel döyüşlərində, Günnüt əməliyyatında qazandığı uğurlar ölkədə ordu quruculuğu istiqamətində aparılan islahatların ünvanlı tətbiqinin nəticəsidir. Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan hərbi təyinatlı məhsulların beynəlxalq sərgilərdə nümayiş etdirilməsi, böyük marağa səbəb olması, ixracı ölkəmizin müdafiə qüdrətinin göstəricisidir.
“Son illər ərzində ən müasir texnika və silahlar alınıbdır. Onların arasında yüzlərlə zirehli texnika, bir çox gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən sistemlər, onlarla döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi nəqliyyat, nəqliyyat helikopteri, ən müasir kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, ən müasir artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri - bütün bunlar bizim hərbi gücümüzü artırır. Deyə bilərəm ki, ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir” söyləyən Prezident, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, güc dünya siyasətinin əsas amilidir. Bunu nəzərə alan, iqtisadi imkanları artan Azərbaycanın qüdrətli dövlətlərdə tətbiq olunan ən müasir silah və texnika almaq istəyi mövcud maliyyə resurslarının və güclü iradənin nəticəsidir.
Beynəlxalq hərbi ekspertlərin də qeyd etdikləri kimi, dünyanın ən qüdrətli 50 ordusu arasında yer alan Azərbaycan Ordusu, yüksək döyüş əhval-ruhiyyəsində olan Silahlı Qüvvələrimizin əsgər və zabitləri respublikanın təhlükəsizliyini, əhalinin əmin-amanlığını və mühafizəsini təmin etmək, sərhədlərimizi sudan, qurudan, havadan qorumaq, Ermənistan silahlılarının nəzarət etdikləri torpaqlarımızı işğaldan azad, ərazi bütövlüyümüzü bərpa etmək iqtidarındadır. Atəşkəs rejiminə əməl etməyən Ermənistanın intensivləşən hərbi müdaxilələrinin qarşısını alan, 2014-cü ilin iyul-avqust aylarında, həmçinin 2016-cı ilin aprel döyüşlərində ermənilərin təxribat-kəşfiyat qruplarının təmas xəttində törətdikləri xəyanət nəticəsində yaranan hərbi qarşıdurmada düşmənə ağır zərbə vuran, Ermənistana layiq olduğu dərsi verən Azərbaycan əsgərlərinin mətanəti göstərdi ki, dünya birliyində nüfuzu getdikcə artan, mövqeləri möhkəmlənən, siyasi və diplomatik əlaqələri genişlənən Azərbaycan həm də güclü müdafiə qüdrətinə malikdir. Bu baxımdan ən güclü, siyasi -hərbi təşkilat NATO-nun ölkəmizlə əməkdaşlıqda maraqlı olması təbiidir.
Belçika Krallığına səfərdə olarkən NATO-nun mənzil qərargahında keçirilən görüşlərdə iştirak edən Prezident İlham Əliyevlə birgə mətbuata bəyanat verən Şimali Atlantika Alyansının Baş katibi Yens Stolterberqin “NATO ilə Azərbaycan arasındakı tərəfdaşlığın başlanğıcı uzun illər bundan öncəyə təsadüf edir. Bu tərəfdaşlığın təməli demokratik dəyərlərə və prinsiplərə sadiqlik əsasında qoyulub” sözləri qurumla Azərbaycan arasında uğurla davam etdirilən, qarşılıqlı faydalı əməkdaşlığın göstəricisidir.
ABŞ və Avropanın bir neçə dövlətini birləşdirən NATO-nun Lissabon, Brüssel, Çikaqo, Uels, Vaşinqton zirvə görüşlərində, nüvə təhlükəsizliyi məsələsinə həsr olunmuş Koreya, Çikaqo sammitlərində, Münxen Təhlükəsizlik Konfransında Dağlıq Qarabağla əlaqədar məsələnin müzakirəsi, bəyanatların qəbulu, həmin sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün tanınması dünya birliyində etibarlı tərəfdaş kimi dəstəklənən ölkəmizə etimaddan irəli gəlir. NATO PA-nın “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” mövzusunda 86-cı Rouz-Rout seminarının Bakıda keçirilməsi də ölkəmizə önəmli tərəfdaş kimi verilən xüsusi dəyər idi.
1992-ci ildən əsası qoyulan, 1994-cü ildən etibarən “Sülh Naminə Tərəfdaşlıq” proqramına qoşularaq NATO ilə əməkdaşlıq edən ölkələrlə qarşılıqlı əlaqələri möhkəmləndirən Azərbaycan Alyansın bütün tədbirlərində iştirak edərək ordu quruculuğu sahəsində mühüm nailiyyətlər qazanır. Hərbçilərimiz münaqişə bölgələrində, sülhməramlı əməliyyatlarda fəal iştirak edir, beynəlxalq sülhün və sabitliyin bərqərar olunmasına töhfəsini verir. Azərbaycan sülhməramlıları NATO-nun “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyası” çərçivəsində Əfqanıstanda vəzifələrini şərəflə yerinə yetirirlər. NATO-nun əməliyyatlarında ( KFOR, İSAF) iştirak edən Azərbaycan Qətiyyətli Dəstək Missiyasına, Milli Etimad Fonduna töhfə verir. Nizam-intizamı, hərbi təchizatı ilə dünyanın ən qüdrətli orduları sırasında adı çəkilən əsgərlərimizin döyüş qabiliyyəti, hazırlığı , nizam -intizamı ilə əlaqədar ölkəmizə minnətdarlıq məktublarının göndərilməsi subut edir ki, Azərbaycan bölgənin ən güclü ordusuna malikdir. NATO-ya üzv dövlətlərin iştirakı ilə keçirilən zirvə görüşlərində Azərbaycanın ərazi bütövlüyünü, süverenliyini və müstəqilliyini dəstəkləyən kommunikenin, bəyanatların qəbulu isə xüsusilə əhəmiyyətlidir. Cənubi Qafqazda mövcud olan münaqişələrin məhz beynəlxalq hüququn prinsipləri və normaları, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında həllinin dəstəkləndiyi bu sənədlər danışıqlar prosesində nəzərə alınır.
Bu günlərdə ölkəmizə səfəri çərçivəsində Prezident İlham Əliyevlə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşlər keçirən NATO Baş katibinin müavini xanım Rouz Qotemöllerin Azərbaycan -NATO əməkdaşlığına böyük önəm verməsi Şimal Alyansın ölkəmizdə ordu quruculuğu sahəsində aparılan islahatlara verilən dəyərdir.
Səfər çərçivəsində bir neçə tədbirdə iştirak edən xanım Rouz Qotemöllerin qeyd etdiyi kimi 2002-ci ildən NATO hərbçiləri ilə Əfqanıstanda sülhyaratma missiyasını layiqincə yerinə yetirən, Qətiyyətli Dəstək Missiyasında iştirak edən Azərbaycan sülhməramlılarının sayı 120 nəfərə çatdırılmışdır. Azərbaycanın Əfqanıstanın milli ordusuna göstərdiyi maliyyə yardımını, logistika və nəqliyyat problemlərinə həllini, Əfqanıstan ordusunun şəxsi heyəti üçün təlimlərin təşkili Şimal Alyansla ölkəmiz arasındakı qarşılıqlı əməkdaşlığın uğuru kimi, dəyərləndirilir. Prezident İlham Əliyevin cari ilin iyul ayında Brüssseldə NATO Zirvə toplantısı çərçivəsində Alyansın Baş katibi Yens Stortenberqlə keçirilən görüşün əhəmiyyətini diqqətə çatdıran Birinci vitse-prezident Mehriban Əliyeva onu da vurğulamışdır ki, NATO-ya üzv dövlətlər tərəfindən Azərbaycanın suverenliynin və ərazi bütövlüyünün dəstəklənməsi respublikamızın beynəlxalq sülhə verdiyi dəyərin qiymətləndirilməsi deməkdir.
Ardı var...
Politoloq Ehtiram Aşırlı