Əlaqə Arxiv
news Image
2018.11.13
09:00
| A A A
Qarabağ münaqişəsinin həllinin uzanması ABŞ-ı da narahat etməyə başlayır
Elşən Manafov: “Vaşinqton gerçəkdən Ermənistanı Rusiyanın təsir dairəsindən çıxara bilsə, təbii ki, düşmən ölkə bütün bunların müqabilində Qarabağ məsələsində ciddi güzəştlərə gedə bilər”

ABŞ-ın ATƏT yanında missiyası rəhbərinin müavini Qreqori Makris bildirir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli çox uzanır və konfliktə son qoymağın vaxtı çatıb. 

Ümumiyyətlə, son dövrlər Vaşinqtonun Qarabağ məsələsində xüsusi fəallığı müşahidə olunur. Belə ki, son zamanlar bir-birinin ardınca getdikcə daha çox ABŞ rəsmisi Qarabağ münaqişəsi və onun həll olunmasının vacibliyini gündəmə gətirməyə başlayıb. Bu vəziyyət xüsusən də ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun bölgəyə olan səfərindən sonra daha intensiv xarakter almağa başlayıb. Belə ki, hələ Bolton səfər gedişində Qarabağ konfliktinin həll edilməsinin vaxtı çatdığını və Ermənistanın güzəştə getməli olduğunu bəyan etmişdi. 
Politoloq Elşən Manafovun fikrincə, Vaşinqtonun son dövrlər Qarabağ məsələsinə marağının artması bölgədə cərəyan edən və sürət götürən proseslərlə bağlıdır: “Təbii ki, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəallığı Ağ Evin Azərbaycanla bağlı geosiyasi və geoiqtisadi maraqlarından irəli gəlir. ABŞ bölgənin, ilk növbədə Azərbaycanın iqtisadiyyatına investisiya yatıran dövlətlərdən biridir. 
Digər tərəfdən, ABŞ-ın nəhəng neft şirkətləri Azərbaycan neftinin hasili, Avropa bazarına çıxarılması və satışı kimi məsələlərdə də Bakı ilə ciddi əməkdaşlıq edir. Başqa bir tərəfdən, mühüm əhəmiyyət daşıyan Şimal-Cənub, Qərb-Şərq nəqliyyat kommunikasiya xətləri Azərbaycan üzərindən keçir. Hazırkı dönəmdə isə Donald Tramp adminstrasiyasının ölkəmizə olan marağı ilk növbədə ABŞ-la İran arasında gərginliyin nəzərə çarpacaq dərəcədə artması ilə bağlıdır. Azərbaycan tərəfi bu məsələ ilə bağlı dəfələrlə bəyan edib ki, ölkəmiz heç bir vəchlə öz ərazisindən qonşu İrana bu və ya digər zərbələrin endirilməsinə, ərazisində üçüncü dövlətin hərbi kontingentinin dislokasiyasına icazə verməyəcək. Azərbaycanın Xəzərin hüquqi statusu ilə bağlı digər sərhəd ölkələrilə yanaşı birgə sərgilədiyi münasibət də göstərdi ki, ölkəmiz bölgədə sülh və sabitliyin qalmasında maraqlıdır. Bu məsələdə Xəzəryanı dövlətlər arasında ciddi razılıq və əməkdaşlıq var. Amma bütün hallarda İran və Yaxın Şərq məsələsinin gündəmdə olması istər-istəməz Azərbaycana da marağı artırır. 
Digər tərəfdən, Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə Qərb koalisiyasının yanında dayanan dövlətlərdən biridir. Azərbaycan üzərindən Əfqanıstana ABŞ və NATO uçuşlar həyata keçirir. Bu kimi məsələ də Azərbaycana olan marağı şərtləndirən amillərdəndir. Azərbaycan zəngin karbohidrogen ehtiyatlara malik dövlətdir və Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir. Bu mənada Azərbaycanla əməkdaşlıq Avropa məkanından Rusiyanın enerji təchizatı baxımından məlum imkanlarının məhdudlaşdırılması mənasında da Vaşinqton üçün əhəmiyyətlidir. ABŞ anlayır ki, bölgədə təhlükəsizliyə və sabitliyə ciddi təhlükə törədən amillərdən biri Qarabağ probleminin həlli olunmamasıdır. Boltonun səfəri də göstərdi ki, ABŞ-ın indiki adminstrasiyası Ermənistana təzyiq göstərmək niyyətindədir. 
Vaşinqton gerçəkdən Ermənistanı Rusiyanın təsir dairəsindən çıxara bilsə və İrəvana gözlədiyi maliyyə və iqtisadi dəstəyi versə, təbii ki, düşmən ölkə bütün bunların müqabilində Qarabağ məsələsində ciddi güzəştlərə gedə bilər. Bunun baş verməsi Ermənistanın da bir dövlət olaraq həyatı maraqlarına cavab verən bir məsələdir. ABŞ-ın prosesdə fəallığı artırması və Ermənistana təzyiq etməsi bütün hallarda Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyünün təmini istiqamətində həlli yolunda mühüm rol oynaya bilər. ABŞ-ın həmin fəallığı bölgədə sülh və təhlükəsizliyin təminatı məsələsinə də öz sözünü deyə bilər. Həmçinin bu fəallıq Azərbaycanın Qərbə doğru inteqrasiyasına da təsirsiz ötüşməyəcək”.
Rüfət NADİROĞLU     

Sizin Reklam Yeriniz