Əlaqə Arxiv
news Image
2018.11.13
09:15
| A A A
Avropa Cənubi Qafqazda Azərbaycanı əsas mütəffiqi kimi görür
Nəzakət Məmmədova: “Bu və digər amillər Avropanı Azərbaycanla hesablaşmağa, onun rəyini nəzərə almağa vadar edir”

Proseslər göstərir ki, Avropa ölkələrinin bir çoxu getdikcə Azərbaycana strateji tərəfdaş kimi yanaşdıqlarını bəyan edirlər. Politoloq Nəzakət Məmmədova bunun bir çox səbəblərinin olduğunu deyir: “Ölkəmizin geosiyasi mövqeyi, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu, Avropanın xüsusilə son illərdə separatçılığın vüsət alması, Avropanın ABŞ və Rusiya ilə bir sıra hallarda mövqelərinin uzlaşmaması və Avropanın müstəqil güc balansı təşkil edən mərkəz kimi beynəlxalq münasibətlər sistemində çıxış etməsi və s. kimi amilləri göstərmək olar. Bu və digər amillər Avropanı Azərbaycanla hesablaşmağa, onun rəyini nəzərə almağa vadar edir. Bəs bu mövqe özünü nədə göstərir? 

Azərbaycan Avropanın "Qazprom"dan enerji asılılığını azaltmaqda Avropa ölkələrinə yardım etməkdədir. Bununla bağlı Azərbaycan bir sıra əhəmiyyətli enerji layihələrinin təşəbbüskarıdır. Bunlardan biri Cənub Qaz Dəhlizidir ki, Avropa Komissiyasının, eləcə də ABŞ-ın dəstəyini alıb və buna görə Azərbaycana rəsmi surətdə minnətdarlıq edilib. Azərbaycan eyni zamanda Çindən İngiltərəyə qədər uzanan Bakı-Qars layihəsinin də aparıcı ölkələrindən biridir. Bu, Çin kimi nəhəng tərəfdaşla Avropanı birləşdirərək, nəqliyyat-kommunikasiya inteqrasiyasına yardım edir. 
Eyni zamanda Azərbaycan İranın blokadasında iştirak etmir, əksinə, İran Şimal-Cənub layihəsində iştirak edir. Azərbaycan bu ölkəyə 500 milyon dollar kredit ayırıb. Avropa hazırda İran məsələsində çox həssasdır və hər vəchlə onun blokadaya alınmasına, embarqolara məruz qalmasına qarşıdır. Belə bir dövrdə Azərbaycanın İran mövqeyi Avropanı qane edir. Azərbaycan İranda separatizmə dəstək olmur, nə də öz ərazisindən bu ölkəyə qarşı üçüncü bir dövlətin hər hansı fəaliyyətinə şərait yaratmır. Bu, Avropa tərəfindən yüksək qiymətləndirilir. Digər tərəfdən, hazırda Ermənistanda ABŞ, Gürcüstanda Rusiyayönümlü qüvvələr hakimiyyətdədir. Fransa və Rusiyanın Salome Zurabiaşvilinin prezident olması məsələsində razılaşdığı, onun Mixail Saakaşvilinin partiyasından olan Qriqol Vaşadzeyə alternativ siyasi qüvvə kimi qoyulduğu müşahidə olunur. Belə bir məqamda ABŞ-a yaxın M. Saakaşvilinin silahdaşı Q.Vaşadze hakimiyyətə gələrsə, bu, Avropa Birliyinin və Rusiyanın Gürcüstandakı mövqelərini müəyyən qədər zəiflədəcək. Bu zaman Avropanın Azərbaycana ehtiyacı daha çox ola bilər. Bütün bu və ya digər səbəblərdən Avropa Birliyi son illərdə Azərbaycanla münasibətlərini yaxınlaşdırmağa çalışır”.
Xanım politoloq onu da vurğuladı ki, Avropa Birliyi və NATO-nun Brüssel sammitlərində münaqişələrin dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipləri çərçivəsində həllinin vacibliyi bəyan edilib: “Habelə, Ermənistanın yeni rəhbərliyi Avropadan istədiyi dəstəyi ala bilməyib. Avropa Birliyi 2017-ci ilin aprelində parlament seçkilərinə 7 milyon avro maliyyə dəstəyi ayırdığı halda, bu ilin dekabrında keçirilməsi nəzərdə tutulan seçkilərə 3 milyon avro ayırıb.  Bütün bunlardan başqa, Almaniyada erməni diasporasının mafiya ilə əlaqələrinin dövlət orqanları tərəfindən ifşa olunması və bunun ictimaiyyətə açıqlanması, habelə ondan əvvəl Almaniya hökumətinin Bundestaqda təmsil olunan radikal "Almaniya naminə alternativlər" partiyasının sorğusuna cavab olaraq, Dağlıq Qarabağ və onun ətrafında işğal olunmuş 7 rayonu Azərbaycan ərazisi hesab etməsini bildirməsi Avropa Birliyinin lider ölkələrindən birinin Azərbaycana olan ədalətli mövqeyini ortaya qoydu. Azərbaycan gördüyümüz kimi konstruktiv, Avrasiya inteqrasiyasına yardım edən, qitəni birləşdirən enerji və kommunikasiya layihələri həyata keçirir. Multikulturalizm, tolerantlıq kimi Avropanın üstünlük verdiyi ümumbəşəri dəyərləri dövlət siyasəti elan edib, Avroviziya, Avropa oyunları kimi yüksək səviyyəli tədbirlər həyata keçirib. Bütün bunlar köhnə qitədə rəğbətlə qarşılanır, ölkəmizin Avropa ölkələri və onların ayrı-ayrı təsisatları tərəfindən strateji tərəfdaş kimi qəbul olunmasına təsir göstərir”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz