Əlaqə Arxiv
news Image
2018.11.14
09:00
| A A A
Ermənistanda bu dəfə hərbi çevriliş təhlükəsi yaranır
Qabil Hüseynli: “Tədricən ordu içərisində də Paşinyana münasibətdə müxalif əhval-ruhiyənin formalaşması mümkündür” Hikmət Hacızadə: “Paşinyan üçün yaranmış bu çətin vəziyyətdən ona müxalif olan qüvvələr, o cümlədən hərbçilər öz xeyirlərinə yararlanmağa çalışacaqlar”

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında uğursuzluğundan sonra fikirlər səslənir ki, bu ölkədə Nikol Paşinyana qarşı artıq hərbi-siyasi müxalifət formalaşa bilər.

Qeyd edək ki, KTMT-nin Astana sammitində Paşinyanın timsalında Ermənistan Yeri Xaçaturovun yerinə yenidən öz namizədlərinin quruma rəhbər seçilməsinə çalışıb. Lakin onların bu istəyi ürəklərində qalıb. Belə ki, qurumun digər üzvləri İrəvanın istəyinə qarşı çıxaraq, Belarusun həmin posta namizəd verməsilə razılaşıblar.

Paşinyanın KTMT-dəki nəticəsiz fəaliyyəti ölkə daxilində ona qarşı narazılığın artmasına stimul yaradıb. Siyasi şərhçilər isə bildirir ki, KTMT uğursuzluğundan sonra Ermənistanda artıq Paşinyana qarşı hərbi müxalifət formalaşa bilər. Çünki həm Yuri Xaçaturov, həm də sabiq prezidentlər Robert Köçəryanın, Serj Sarksiyanı  ordu içindəki nüfuzu yüksəkdir və onlar siyasətə güc strukturlarını yardımı ilə qayıda bilərlər. Bu da Ermənisanda daha böyük daxili qarşudrmanın başlanğıcı deməkdir.

Politoloq Qabil Hüseynlinin fikrincə, Paşinyanın Astana sammitindəki nəticəsiz gedişi Ermənistanda ona müxalif olan hərbi-siyasi qüvvələrin güclənməsinə rəvac verə bilər: “Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın reytinqi sürətlə aşağı düşür. Onun reytinqi xüsusən də KTMT-nin Astana toplantısından sonra daha sürətlə aşağı enir. Bu kontekstdə erməni hərbçiləri, xüsusən də vaxtilə Xaçaturovun baş qərargah rəisi olduğu zaman onunla yaxın olan hərbçilər arasında ciddi əhval-ruhiyyə dəyişikliyi baş verir. Bu fonda tədricən ordu içərisində də Paşinyana müəyyən müxalif əhval-ruhiyənin formalaşması mümkündür. Ancaq bu vəziyyətin yaranması seçkilərdən sonra Paşinyanın apara biləcəyi, eyni zamanda baş nazirə müxalif qüvvələrin apardığı siyasətdən, habelə ölkənin düşdüyü vəziyyətdən daha çox asılı olacaq. Amma hər halda seçkilərdən sonra qalib gəldiyi təqdirdə belə, Paşinyan üçün vəziyyətin o qədər də uğurlu olmayacağını söyləmək olar”.

Politoloq Hikmət Hacızadə də bu qənaətdədir ki, tezliklə Ermənistanda Paşinyana qarşı güclü hərbi-siyasi müxalifət yaranacaq: “Adətən, siyasi liderin atdığı hər hansı bir yersiz və nəticə verməyən gedişi tezliklə onun özünə qarşı çevrilir. Bu mənada Paşinyan sözsüz ki, KTMT-nin tədbirində ciddi və öz reytinqinə mənfi çalarlar gətirən məğlubiyyətə düçar olub. Paşinyan həmin quruma rəhbərliyə yenidən erməni namizədinin adını verməyə çalışmaqla sözsüz ki, səhvə yol verib.

Paşinyan bilməli idi ki, KTMT-nin digər üzvləri, xüsusən də Rusiya onun Xaçaturovu həbs etməsilə barışmayacaq və buna münasibətdə fürsət düşən kimi, Ermənistandan qisas alacaq. Lakin göründüyü kimi, küçə siyasətçisi olan Paşinyan bunu anlaya bilmədi və Astanada baş vermiş hadisə nəticəsində öz nüfuzuna xələl gətirdi. Aydın məsələdir ki, Paşinyan üçün yaranmış bu çətin vəziyyətdən ona müxalif olan qüvvələr, o cümlədən hərbçilər öz xeyirlərinə yararlanmağa çalışacaqlar. Bu mənada da vəziyyətdən asılı olaraq Ermənistanda Paşinyana qarşı hərbi-siyasi müxalifət formalaşa bilər. Hər şey bir daha deyirəm, mövcud vəziyyətdən asılı olacaq. Düzdür, yaxınlaşan növbədənkənar parlament seçkilərində Paşinyanın qələbəsinə şübhə yoxdur. Hətta KTMT uğursuzluğu belə düşünmürəm ki, dekabrda Paşinyan tərəfdarlarının qələbəsinin qarşısını ala bilsin. Ancaaq seçkilərdən sonra Paşinyana qarşı ciddi müxalifətin dormalaşması prosesinin başlanması mümkündür, hansı ki, orada rejimdən narazı hərbçilər də iştirak edə bilər. Hərbçilərin iştirakı isə Ermənsitanda əvvəllər olduğu kimi, yenə də hərbi çevrilişlərin olması ehtimalının yüksək olaraq qaldığını göstərir”.

Rüfət NADİROĞLU   

 

 

Sizin Reklam Yeriniz