Əlaqə Arxiv
news Image
2018.11.14
09:17
| A A A
KTMT-də Bakı İrəvana yeni zərbələr hazırlayır
Ehtiram Aşırlı: “Azərbaycanın gələcəkdə bu təşkilatda müşahidəçi qismində çıxış etməsi ölkə maraqlarımızın geniş bir şəkildə qorunması və təmin olunması deməkdir” Zaur Məmmədov: “Bu da Azərbaycan tərəfindən ermənilərin iç üzünün açılmasına yönəlik davamlı siyasətin nəticəsidir”

Artıq Ermənistanda da Azərbaycan üzv olmasa belə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) çox güclü mövqelərə malik olduğu etiraf edilməkdədir.  Bundan başqa Azərbaycanın KTMT-də yaxın tezlikdə müşqahidəçi ölkə statusu alması istisna olunmur.

Siyasilərin fikrincə, bu hal Azərbaycana daha bir platformada Ermənistan üzərində üstünlüklər qazandıracaq. Politoloq Ehtiram Aşırlı bildirir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı  nizamnəməsində dəyişikliyə gedərək,  müşahidəçi dövlət status bəndini əlavə etməsi, əsasən gələcəkdə Azərbaycanın  bu təşkilatda  aktiv  şəkildə yer alması üçün nəzərdə tutulub: “Rəsmi Bakı hazırkı vəziyyətdə təşkilatla əməkdaşlığını müşahidəçi dövlət statusu qismində davam etdirməkdə maraqlıdır. Təşkilatda Ermənistanın veto siyasətini neytrallaşdırmaq üçün bu ölkənin sədrlikdən dolayı yolla uzaqlaşdırılmasını məhz Azərbaycan amili ilə də əlaqələndirə bilərik. Xüsusilə KTMT-nın Astana zirvəsində Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin  müşahidəçi dövlət statusu qismində dost və tərəfdaş ölkələrin təşkilatda yer almasından bəhs etməsi  Azərbaycana göndərilmiş bir mesaj kimi qiymətləndirilməlidir. 

N.Nazarabayev və Azərbaycan Prezidenti İlham Əliyev arasındakı münasibətlərin hər zaman  yüksək səviyyədə olduğunu vurğulaya bilərik.  Astana  daim  Bakının mövqeyini dəstəkləyib və Azərbaycanın ərazi bötüvlüyünü tanıyıb. Odur ki, Bakının KTMT-də müşahidəçi qismində çıxış etməsi işğalçı ölkə üçün arzuolunmaz bir haldır. Çünki rəsmi Bakı təşkilata üzv olmasa da, üzv ölkələrlə əlaqələri yüksək səviyyədədir. Ermənistan tərəfi bu təşkilata üzv olsa da onun maraqları təmin olunmur və üzv ölkələrlə münasibətləri çox aşağı səviyyədədir. Azərbaycanın gələcəkdə bu təşkilatda müşahidəçi qismində çıxış etməsi ölkə maraqlarımızın geniş bir şəkildə qorunması və təmin olunması deməkdir. Bu da Ermənistan tərəfini narahat edir.

Azərbaycanın müşahidəçi statusu qismində çıxış etməsi Bakıya təşkilatın iclaslarında işğalçı ölkənin yalanlarına cavab verməyə şərait yaradacaq ki, Qarabağ məsələsini qaldıraraq gündəmdə saxlasın. Beləcə, bu yolla Azərbaycan üzv ölkələrin dəstəyilə də Ermənistana qarşı təyziqlər göstərə biləcək. Əgər KTMT-nin sədrlik statusu davam edəcəksə, o zaman Bakının müşahidəçi qismində çıxış etməsi gözlənilən deyil. Hazırkı şəraitdə Azərbaycan KTMT-na üzvü olan Ermənistanla bir hərbi blokda olması yolverilməzdir”.

Digər politoloq Zaur Məmmədov bildirdi ki, KTMT-nin son iclası Ermənistanın nüfuzunun günü-gündən aşağı düşdüyünü bir daha təsdiqlədi: “Bu da Azərbaycan tərəfindən ermənilərin iç üzünün açılmasına yönəlik davamlı siyasətin nəticəsidir. Üzv dövlətlər əvvəllər erməniləri yazıq kimi qələmə verib tanıyırdılarsa, bu gün aqressiv, terrorçu dövlət olduğunu başa düşdülər.

Astanada 90 dəqiqə ərzində sədrliklə bağlı fikir mübadiləsi zamanı N. Nazabayevin də Aleksandr Lukaşenko ilə bərabər Nikol Paşinyana qarşı çıxması ilk hadisə deyil. Belarus və Qazaxıstan son illərdə Ermənistana daha çox təzyiq edir. Yəni, Avrasiya İttifaqında, istərsə də KTMT-də Azərbaycanın nüfuzu Ermənistanın nüfuzundan daha çoxdur. Bu isə o deməkdir ki, Ermənistanın milli maraqlı baxımından KTMT bir təşkilat kimi effektiv şəkildə fəaliyyət göstərə bilməz.

Ermənistan nə vaxtsa ümid edirdi ki, müharibə başlayacağı təqdirdə bu təşkilat onun yardım ünvanı olacaq. Lakin fakt ondan ibarətdir ki, oradakı heç bir dövlət Azərbayanı sataraq, ermənilərlə bir cəbhədə döyüşməyəcək. Bütün bunlar həm də KTMT-də olan problemlərdən xəbər verir. Təşkilatda N.Paşinanın gözləmədiyi hadisələr oldu. Paşinyan Astanaya özünə güvənərək getmişdi, lakin arzuları puç olaraq geri döndü”.

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz