Əlaqə Arxiv
news Image
2018.11.15
08:00
| A A A
Ermənistana yeni Qarabağ təzyiqləri başlanır
Natiq Miri: “Dekabr seçkisindən sonra Paşinyan artıq əvvəlki açıqlamalardan tamamilə fərqli müstəvidə danışıqlar masasına oturacaq”

Son zamanlar Ermənistanda növbədənkənar parlament seçkilərindən sonra İrəvanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində addımlar atması üçün ABŞ və Rusiyanın işğalçı ölkəyə təzyiqlər göstərməsi barədə çoxsaylı ekspert rəyləri verilir. Xüsusən də ABŞ-ın bu məsələdə istəkli olması daha çox qabardılır. Belə ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İrəvanda səfərdə olarkən Ermənistanı münaqişənin həlli istiqamətində addımlar atmağa səsləyib. Ardınca bir çox amerikalı ekspertlər də həmin fikri inkişaf etdirərək bildiriblər ki, növbədənkənar seçkilərdən sonra Vaşinqton tərəfindən İrəvana Qarabağ konfliktinin həlli istiqamətində təzyiqlər artacaq. ABŞ-ın ATƏT yanında missiyası rəhbərinin müavini Qreqori Makris isə qeyd edib ki, münaqişə həddindən çox uzanır. Onun sözlərinə görə, ABŞ da bu fikri bölüşür ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında status-kvo qəbuledilməzdir. 

Politoloq Natiq Miri də bu qənaətdədir ki, dekabrdakı parlament seçkilərindən sonra ABŞ və Rusiyanın Qarabağla bağlı Ermənistana təzyiqləri artacaq: “Cənubi Qafqaz uğrunda ABŞ-la Rusiya arasında gizli də olsa mübarizənin getdiyi bəllidir. Ermənistanda inqilab nəticəsində “Qarabağ klanı” hakimiyyətdən düşürüldü. Bu isə təkcə Paşinyanın xidməti olacaq hadisə deyil. Onun arxasında böyük maliyyə mənbələri durur. Məhz bu maliyyə mənbələrinin dəstəyilə Ermənistanda xalqı etiraz mitinqlərinə toplamaq və Sarkisyan rejimini hakimiyyətdən salmaq mümkün oldu. Bu cür “məxməri inqilablar”ın hədəfi isə təkcə hakimiyyəti dəyişmək deyil. Onu həyata keçirən dövlət və maliyyə şəbəkələrinin özlərinin geosiyasi və geoiqtisadi maraqları da burada mühüm rol oynayır. 
Bu maraqlardan biri də Rusiyanı Ermənistandan, sonda isə bütövlükdə Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdan ibarətdir. Bilirsiniz ki, Kremlin Cənubi Qafqazdakı son qalası Ermənistandır. Burada Rusiyanın hərbi bazası da var. Ona görə də dekabr ayında olacaq növbədənkənar parlament seçkiləri həm ABŞ həm də Rusiya üçün xüsusi əhəmiyyət daşıyır. Çünki parlament seçkilərindən sonra hansı qüvvənin hökuməti formalaşdırması məsələsi bəlli olacaq. Həmçinin bu fonda formalaşacaq yeni erməni hökuməti daha legitim və dayanıqlı olacaq. Bu hökuməti asanlıqla, qeyri-hüquqi yollarla düşürmək bir qədər problematik olacaq. Ona görə də düşünürəm ki, Ermənistandakı parlament seçkiləri və ondan sonrakı dövrə həm ABŞ, həm də Rusiya ciddi hazırlaşır. 
Əslində, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun bölgəyə səfərini də məhz bu kontekstdə dəyərləndirmək lazımdır. Seçki öncəsi ola bilsin, Paşinyana ABŞ-ın istəkləri ərz olunan konkret hansısa təlimatlar da verilsin. Bu prosesin içində düşünürəm ki, Dağlıq Qarabağ məsələsi də yer ala bilər. 
Qarabağ məsələsini  Rusiya və ABŞ özlərinin geosiyasi maraqları kontekstində geosiyasi alət olaraq istifadə etmək istəyir. Yoxsa ki, Dağlıq Qarabağ problemini həll etmək kimi bu iki dövlətin heç bir dərdi yoxdur. Hər bir halda, dekabrda olacaq parlament seçkisindən sonra Paşinyanın rəhbərlik etdiyi siyasi güc hökuməti formalaşdırarsa, düşünürəm ki, o, artıq əvvəlki açıqlamalardan tamamilə fərqli müstəvidə danışıqlar masasına oturacaq. Bu isə ABŞ-la Rusiyanın müəyyən mənada İrəvana yönəlik təzyiqləri fonunda da baş verə bilər. Belə vəziyyətin yaranması Ermənistanın yeni hökuməti üçün də müəyyən stimul yaradacaq. Paşinyan Ermənistanın iqtisadi cəhətdən inkişaf etməsini istəyirsə, mütləq mənada regionun həlledici ölkələri olan Azərbaycan və Türkiyə ilə ciddi iqtisadi əlaqələrdə olmalıdır. Bunun alternativi Ermənistanın yenə də izolyasiya vəziyyətində qalması və gələcək perspektiv inkişafı üzərindən xətt çəkilməsi deməkdir. Yəni, ABŞ və Rusiya təzyiq etməsə belə, Dağlıq Qarabağ problemilə bağlı Paşinyanın qarşısında alternativlər yoxdur. Alternativ yalnız mütləq mənada Azərbaycanla anlaşmadan keçir”.
Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz