Əlaqə Arxiv
news Image
2018.11.15
09:00
| A A A
907-ci düzəlişin ləğvi ermənilər üçün yeni kabusa çevrilir
Elman Məmmədov: “Azərbaycan ABŞ münasibətlərinin yaxınlaşması və genişlənməsindən ermənilər hər zaman narahat olub” Elçin Mirzəbəyli: “907-ci düzəlişin ləğv olunması ilə ölkəmizlə ABŞ arasında hərbi sahədə əməkdaşlıq üçün geniş perspektivlər açılacaq”

ABŞ-da Azərbaycana silah satışına qadağa qoyan 907-ci düzəlişin ləğv edilməsi ilə bağlı təkliflərin gündəmə gəlməsi Ermənistanda narahatlıq yaradıb.

ABŞ-da erməni diasporunun ən böyük təşkilatı olan “Ay Data” rəhbəri Aram Qambaryan Tramp Administrasiyasının 907-ci düzəlişi ləğv etmək istədiyini deyib. 
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bölgəyə səfəri gedişində sözügedən düzəlişin Ağ Ev tərəfindən ləğv edilə biləcəyi məsələsini də gündəmə gətirib. 
Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, Ermənistan həmin düzəlişin ləğvilə Bakı-Vaşinqton arasında münasibətlərin yeni, daha yüksək mərhələyə qədəm qoymasından narahatlıq keçirir: “Azərbaycan ABŞ münasibətlərinin yaxınlaşması və genişlənməsindən ermənilər hər zaman təşvişə düşüblər. Ümumiyyətlə, tək ABŞ-la deyil, Azərbaycan hər hansı bir dövlət və yaxud beynəlxalq qurumla daha yaxından əməkdaşlıq qurmağa başlayan kimi, işğalçı dövlət həmişə ciddi narahatlıq keçirib. Bu mənada 907-ci düzəlişin ləğvi məsələsinin gündəmə gəlməsinin özü də erməniləri əməlli-başlı qorxudub. Ancaq bunun Azərbaycan üçün elə də əhəmiyyəti yoxdur. Çünki, 907-ci düzəliş Azərbaycana çox ədalətsiz qaydada tətbiq olunub. 
Ermənistan Xocalıda soyqırım törədəndən sonra onlara tətbiq olunmalı bu cəza təəssüf ki, Azərbaycana tətbiq olunub. Ötən müddət ərzində düzəliş ləğv olunmasa da, onun fəaliyyətinin dayandırılması yönündə müəyyən yumşalmalar olub. Azərbaycan bu ağır dövrü artıq keçib. Bu mənada da həmin düzəlişin ləğv olunmasının Azərbaycan üçün ciddi əhəmiyyəti vardır.  Silah almaq məsələsinə gəldikdə, Azərbaycan bu gün ən müasir silahları onsuz da alır. Ölkəmiz dünyanın ən müasir silah istehsalçıları ilə əlaqə yaradıb. Bu illər ərzində ordumuzun güclənməsi üçün kifayət qədər silah-sursat əldə edə bilmişik. Azərbaycanın silah almağa pulu da var. Digər tərəfdən, Azərbaycan artıq xeyli müddətdir öz Müdafiə Sənayesi Nazirliyini yaradıb. Nəticədə mindən çoz adda silah və hərbi sursatı özümüz istehsal edir, hətta xaricə ixrac da edirik”.  
BAXCP sədrinin müavini Elçin Mirzəbəylinin fikrincə, sözügedən aktın ləğvilə Azərbaycanla ABŞ arasında hərbi müstəvidə əməkdaşlıq yolunda geniş perspektivlər açılacaq ki, erməniləri də məhz bu amil narahat edir: “Bildiyiniz kimi, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bölgədə səfərdə olarkən Amerikanın Ermənistana silah sata biləcəyi məsələsini gündəmə gətirdi. Ancaq bu fikrini də o İrəvanın Rusiyadan silah almağı dayandırmaq şərtilə əlaqələndirdi. Belədə o, bu məsələdə alternativ fikirlər irəli atdı. Bu da təbii ki, eyni zamanda 907-ci düzəlişə olan ümumi bir baxışdır. 
Şübhəsiz ki, Ermənistanın ABŞ-dan silah almağa nə resursu, nə də potensialı var. Belə olan şəkildə regionda həmin silahları almağa qadir olan yeganə dövlət yalnız Azərbaycandır. Bu mənada 907-ci düzəliş ləğv olunacağı təqdirdə, Azərbaycan ABŞ-dan ən müasir silahları ala bilər. 
Doğrudur, indinin özündə də Azərbaycan ən müasir silahları almaq üçün kifayət qədər alternativlərə malikdir. Bu gün ölkəmiz onsuz da dünyanın ən yaxşı silah istehsalçılarından silah alır. Amma bununla yanaşı, sözügedən düzəlişin ləğv olunması ilə ölkəmizlə ABŞ arasında bu sahədə əməkdaşlıq üçün geniş perspektivlər açılacaq. Erməni diasporunun nümayəndələri də belə bir imkanın yaranmasının şübhəsiz ki, Ermənistanın iqtisadi imkanları çərçivəsində olan məsələ olmadığını yaxşı başa düşürlər.  Yalnız Azərbaycan bu imkandan yararlana biləcək. Çünki ölkəmizin iqtisadi potensialı buna imkan verir. Erməni diasporu və Ermənistanın bu müstəvidə narahatlığı da əsasən məhz bu amildən qaynaqlanır”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz