Əlaqə Arxiv
news Image
2018.11.16
07:00
| A A A
Azərbaycan-Belarus əlaqələri Ermənistanın hərbi-diplomatik çöküşünü sürətləndirir
Sədrəddin Soltan: “Ermənistan hakimiyyəti Astana sammitində iddiası təmin edilmədiyindən, məyusluğunu bu kimi məntiqsiz bəyanatlarla gizlətməyə çalışır” Vasif Əfəndi: “Ən xoş olanı odur ki, Azərbaycan KTMT-nin üzvü olmasa da, bu təşkilatda ölkəmizə qarşı hər hansı bir planın hazırlanması mümkün deyil”

Azərbaycan və Belarus arasında yaxınlaşma Ermənistanı getdikcə daha çox narahat edir. Azərbaycan Prezidenti İlham Əliyev Belarusun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçlə görüşündə bu xüsusda bir sıra maraqlı məqamlara toxunub. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanın Belarusdan hərbi texnika alması Ermənistanda psixoz tutmalara səbəb olur:

"Biz Belarusdan hərbi texnika alırıq və onun keyfiyyətindən, göstəricilərindən çox razıyıq. Belarus hərbi sənaye sahəsində də çox yüksək səviyyə nümayiş etdirir və biz hərbi-texniki sahədə əməkdaşlığı davam etdirmək niyyətindəyik. Doğrudur, Siz bilirsiniz ki, bu, Ermənistanda, belə deyim, psixoz tutmalara səbəb olur. Bu da son dərəcə təəccüblüdür. Çünki Azərbaycan təkcə Belarusdan silah almır. Azərbaycana hərbi texnikanın ən iri tədarükçüsü Rusiyadır. Həmçinin biz Türkiyədən, İsraildən, Pakistandan, Avropa ölkələrindən böyük həcmdə silah-sursat və texnika alırıq. Buna görə də təəccüblüdür ki, iradlar müstəsna olaraq Belarusa göstərilir. Mən hesab edirəm ki, bu, Ermənıstanda Belarusa qarşı acizlik kompleksinin təzahürüdür. Səbəblər də kifayət qədər sadədir. Həm Belarus, həm də Ermənistan eyni vaxtda müstəqillik əldə ediblər. Bu gün Ermənistan dünyanın ən yoxsul ölkələrindən biridir və həyatın girdabındadır. İyirmi il ərzində öz xalqını istismar və qarət edən hakimiyyətin erməni xalqı tərəfindən devrilməsi bunun parlaq təzahürüdür". Prezident əlavə edib ki, Belarus isə bir vaxtlar qoyulan sanksiyalara baxmayaraq, uğurla inkişaf edib və edir. 
İndi yaranmış vəziyyətdə iş o yerə çatıb ki, İrəvanda Belarus prezidentinə qarşı çağırışlar da edilir. Siyasilərin sözlərinə görə, ermənilərin narahatlığının əsası var. Politoloq Sədrəddin Soltan bildirir ki, Ermənistanda hakimiyyətə gələn yeni siyasi qüvvələr və onları dəstəkləyənlər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibi Yuri Xaçaturov istefa verdikdən sonra bu vəzifəyə yenidən rəsmi İrəvanın irəli sürəcəyi namizədin razılaşdırılacağını düşünürdülər: “Ancaq bu məsələ Moskvaya birbaşa toxunduğu üçün KTMT-nin Astanada keçirilən sammitində ermənilərin niyyəti başa tutmadı. Üzv ölkələr bu vəzifəyə Kiril əlifbası üzrə sıralamaya əsasən, Belarusun namizəd irəli sürəcəyi barədə ilkin razılıq əldə ediblər. Rəsmi Minsk isə baş katib vəzifəsinə 3 namizəd göstərə biləcəklərini vurğulayıb. 
KTMT-nin nizamnamsində Yuri Xaçaturovla bağlı hadisədə dair hüquqi boşluq var. Başqa sözlə, müddəti başa çatmadığı halda bu və ya başqa səbəbdən baş katib vəzifəsini icra edə bilmədiyi təqdirdə təşkilat hansı addımı atılmalıdır, habelə həmin dövlət nümayəndəsi yenidən bu vəzifəni tuta bilərmi? Nizamnamədə bu suala  tam cavab verilməyib. Bu boşluq sammit iştirakçılarının qərarı ilə doldurulub”. 
Ekspert əlavə etdi ki, Ermənistanın Kremlə gücü yetmədiyindən Belarusu qaralayıb: “Bundan başqa Azərbaycanla Belarus arasında iqtisadi-ticarət əlaqələrinin genişlənməsi onları həm qıcıqlandırır, həm də qısqanclıq yaradır. Nəzərə almaq lazımdır ki, Ermənistanla Belarus həm də Avrasiya İqtisadi İttifaqının üzvləridir. Ermənistan hakimiyyəti Astana sammitində iddiası təmin edilmədiyindən, məyusluğunu bu kimi məntiqsiz bəyanatlarla gizlətməyə çalışır”.
Sədrəddin Soltanın fikrincə, belə vəziyyət Belarus-Ermənistan münasibətlərinə müvəqqəti təsir edə bilər: “Bir müddət sonra İrəvanla Minsk yenə əvvəlki kimi münasibətlərini saxlayacaqlar. Nikol Paşinyan və komandası mövcud vəziyyətdən çıxmaq, pərt olduğunu hiss etdirməmək üçün müxtəlif bəyanatlar verir, “nala mıxa” vururlar”.
Digər politoloq Vasif Əfəndi bildirdi ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan səfiri ilə görüşündən rahatsız olan erməni XİN nümayəndələrinin etirazı başadüşüləndir: “Bu görüşdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı səlahiyyətlərinə aid məsələnin müzakirəsi Ermənistanı özündən çıxardıb. Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan isə Belarus Prezidenti və Azərbaycan səfiri arasında görüşdə KTMT-nin daxili məsələlərinin Bakı ilə müzakirə edilməsinin doğru olmadığını bildirib. 
Əslində, ən xoş olanı odur ki, Azərbaycan KTMT-nin üzvü olmasa da, bu təşkilatda ölkəmizə qarşı hər hansı bir planın hazırlanması mümkün deyil. KTMT-nin ən fəal və aparıcı üzv dövlətləri Belarus və Qazaxıstan birmənalı şəkildə Azərbaycanın maraqlarını müdafiə edirlər. Belarus Respublikası Prezidentinin bütün səviyyələrdə ölkəmizin maraqlarına toxunacaq qərarlarda iştirak etməyəcəyini  əminliklə deyə bilərik. Təbii ki, biz də öz növbəmizdə Belarusun dar günündə yanında olmuşuq. 
Belarusun dərin böhran dönəmində eyni etnik kökdən olduqları Rusiyanın hətta faizlə kredit verməkdən imtina etdiyi halda, Azərbaycan qardaş ölkə qismində çıxış edərək, bu ölkəyə faizsiz və uzunmüddətli borc verdi. Belarusun Azərbaycana qarşı  bu jesti fonunda isə  Ermənistanla münasibətlərdə hər hansı dəyişiklik olmayacaq. Ermənistan yaşadığı daxili təlatümlərdən ayılaraq, yeni siyasi kurs seçənədək münasibətlər olduğu kimi qalacaq”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz