Əlaqə Arxiv
news Image
2018.11.17
07:00
| A A A
Separatçılarla təmaslar Avropanın özü üçün də ciddi təhdidə çevrilir
Elşən Manafov: “Təəssüf ki, bəzi Avropa rəsmilərinin Qarabağ probleminin həlli ilə bağlı danışıqlara münasibəti heç də həmişə birmənalı olmayıb” Qabil Hüseynli: “Bu cür hərəkətlər Avropanın ikili standartlardan tamamilə uzaq durmadığını göstərir”

Məlumdur ki, beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də ərazi bütövlüyü prinsipinə münasibətdə barışmaz mövqeyi, ekstremist çağırışları ilə seçilən Eleni Teoxarus Azərbaycan və Ukraynadan sonra Albaniyanın da qərarı ilə ölkəyə girişi arzu olunmaz şəxs elan edildi. Ancaq qeyd edək ki, bu, birinci hal deyil. Əvvəllər də bir sıra Avropa rəsmiləri Azərbaycanın işğal altındakı ərazilərinə səfər ediblər. Məhz erməni diasporunun pulu ilə Azərbaycanın işğal altındakı ərazilərinə səfər edən həmin rəsmiləri bununla da separatçılığa dəstək vermiş olur, onu təşviq edirlər. 

Siyasilərin sözlərinə görə, belə vəziyyət Avropanın özü üçün də təhdid yarada bilər. Bunu Avropanın özü də bilir. Lakin belə şəxslərə qarşı lazımi addımın atılmaması Avropa İttifaqının bəzi ölkələrə qarşı olan ikili standartından irəli gəlir. Milli Dirçəliş Hərəkatı Partiyasının sədr müavini Elşən Manafov bildirir ki, məlum məsələlərə Avropa rəsmilərinin mövqeyi təəssüf doğurur: “Bu səpkidə olan səfərlər Avropa İttifaqının bəzi bölgələrə ikili standartlardan yaxınlaşmasından irəli gəlir. Hərçənd ki, Avropa Komissiyasının rəsmiləri dəfələrlə Azərbaycanın Avropanın enerji təminatında böyük rol oynadığını məmnuniyyət hissi ilə qeyd ediblər. Azərbaycanla ikitərəfli, qarşılıqlı mənfəət prinsipi  ilə əməkdaşlığın genişləndirilməsinin tərəfdarı olduqlarını bildiriblər. Amma təəssüf ki, bəzi Avropa rəsmilərinin Qarabağ probleminin həlli ilə bağlı danışıqlara münasibəti heç də həmişə birmənalı olmayıb. Bir sıra hallarda bu, erməni diasporasının Avropa məkanında apardığı lobbiçilik fəaliyyəti ilə bağlı olub. Bəzi hallarda isə Avropanın xristian təəssübkeşliyindən qaynaqlanıb. Hərçənd ki, məhz Azərbaycana münasibətdə sərgilənən belə münasibət təəssüf doğurmaya bilməz. Çünki, Azərbaycan Avropada etimadı doğuran, eyni zamanda tolerant ənənələrə malik olan dövlət kimi tanınır. Azərbaycanın Avropaya inteqrasiya prosesi də Avropa rəsmilərinin diqqət mərkəzindədir”.
Elşən Manafov düşünür ki, müəyyən məsələlərdə Avropada bu cür mövqe sərgiləyən rəsmilərlə  Azərbaycan tərəfinin lobbiçilik işi aparmasına ehtiyac var: “Bu halda həmin rəsmilərin mövqeyində fərdi məqamlar ortaya çıxa bilər. Həm də bu, bütövlükdə rəsmi Avropa İttifaqının münasibəti deyil”.
Digər politoloq Qabil Hüseynli bildirdi ki, Avropada artıq bu, ənənəvi hala çevrilib: “Bu cür hərəkətlər Avropanın ikili standartlardan tamamilə uzaq durmadığını göstərir. Elə Qarabağ danışıqlarının dalana dirənməsi, ermənilərin danışıqlar prosesində destruktiv mövqe tutması da məhz Avropanın yürütdüyü ikili davranışların nəticəsidir. Bu məsələlər beynəlxalq təşkilatlarda müzakirə olunmalı, müəyyən nəticələrin əldə edilməsinə çalışmalıyıq”.
Politoloq əlavə etdi ki, Avropa Parlamentində bu cür amillər elə Avropanın özünə də təhdid yaradır: “Məsələn, Fransanın Korsika adası referendum keçirməyə çalışır. Eyni zamanda Şotlandiyada hər zaman sepratizm əhval-ruhiyyəsi var. Bu sözləri İspaniya haqqında da demək olar. Yəni, həmin şəxslər separatist qruplara dəstək verməklə seprtizmi dəstəkləmiş olurlar. Nəticədə bu hal özlərində də alovlana bilər”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz