Əlaqə Arxiv
news Image
2018.11.17
09:30
| A A A
Ermənistan düşdüyü mürəkkəb labirintdə “gicəllənir”
Paşinyanın partiyası və digər siyasi qüvvələr arasında sağlam mübarizə yox, xəstə mübahisə gedir

Ermənistanda yaxınlaşan parlament seçkiləri fonunda Qarabağ münaqişəsi iqtidar və müxalifət arasında daha çox ziddiyyət predmetinə çevrilir. Ermənistan Respublika Partiyası ilə “Mənim addımım” partiyaları seçkidə qalib gəlmək üçün xalqın sosial vəziyyəti, iqtisadiyyatın yüksəldilməsi, ölkədə demokratik dəyişikliklərin bərqərar olması üzərində siyasi debatlar keçirməklə seçicilərin səsini qazanmaq əvəzinə Qarabağın işğalını seçki marafonunun əsas mahiyyətinə çevirməyə çalışırlar. Çünki, sadalanan sahələrdə ortaya çıxarılası, yaxud planlaşdırılası bir məsələ yoxdur. Hakimiyyətə, parlamentə üzv olmağa çalışan hər kəs bilir ki, daxili məsələlərdə hər hansı sahəyə əl atsalar, əlləri boşda qalacaq. İşğal siyasəti isə yalançı vətənpərvərliyin pafosla təbliğinə yarayır. Çünki, lazım gələndə  bu məsələdə apponenti və xarici qüvvələri günahlandırmaq asandır. 

Əslində, Qarabağ münaqişəsi üzrə də həll yolunun tapılması üçün Ermənistan son vaxtlar küncə qısnanılıb. Avropa İttifaqından və ABŞ-dan ölkənin ünvanına birbaşa təhdidlər səsləndirilir və aydın şəkildə eyham vurulur ki, Azərbaycanın ilk olaraq 7 rayonu boşaldılmasa, Ermənistan gələcəyə gedən çıxış yolunu tapa bilməyəcək. 
Belə bir vaxtda  növbədənkənar parıament seçkilərinin keçirildiyi indiki zamanda Paşinyanın dəstəsindən olan nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri əvəzi Akop Arşakyan jurnalistlərlə görüşündə deməyə söz tapmayıb. Məsələ burasındadır ki, Ermənistan rəhbərliyi xarici iqtisadi əlaqələrdən dəm vuraraq Şimal-Cənub beynəlxalq avtomobil yolu barədə neçə illərdir illüziyalara qapılıb. Bumagistral İrandan gələrək Ermənistandan keçib getməlidir. Çox güman ki, Gürcüstandan Şimali Qafqaz yoluna birləşəcək yaxud da Gürcüstandan bərə vasitəsilə Avropaya istiqamət alacaq. Hələlik bi haqda müfəssəl məlumat yoxdur və heç bu haqda düşünməyə də dəyməz. Məsələ ondadır ki, nazir əvəzi mətbuata görülən işlər barədə ağıllı-başlı bir söz deyə bilmir. Ona görə ki, görməyə iş, deməyə söz yoxdur. Sadəcə, ümumi olaraq İpək yolu, Çinin bu yola ehtiyacı badərə rabitəsiz fikirlər səsləndirir. Seçki təbliğatının qızğın dövründə hakimiyyət nümayəndəsinin jurnalistlərə belə alayarımçıq cavab verməsi aşkarca antitəbliğatdır. Lakin Paşinyanın diktatorluq taktikası onun partiyasının qalib gələcəyini ehtimal edir. 
Qarabağ münaqişəsinin həlli məsələsində də ermənilərin dəqiq proqramı yoxdur. Yerindən duran bir təklif irəli sürür. Lakin ölkənin maddi-texniki resursları bu təklifləri həyata keçirməyə imkan vermir. Belə olan halda işğal faktı ətrafında siyasi oyunlar genişlənir. Halbuki ölkənin taleyi xeyli dərəcədə münaqişənin hansı yolla aradan qaldırılmasından asılıdır. Yenə “Ermənistan və Qarabağ arasında hərbi-siyasi müqavilə” bağlanması haqda şüarlar ortaya atılıb. Bu, daşnakların vaxtilə irəli sürdüyü təklifin yenidən gündəmə gətirilməsidir. Halbuki bütün dünya bilir ki, müharibəni aparan Ermənistan və ona havadarlıq edənlərdir. Ermənilər, sadəcə, belə mühüm məsələni təbliğat predmetinə çevirərək növbəti dəfə seçiciləri aldatmağa çalışırlar. Ona görə ki, Azərbaycan ermənilərin hər avantürasına sakit baxan deyil. Onsuz da bütün vəsilələrdə düşmən ölkənin əl-qolunun bağlanması taktikası uğurla həyata keçirilir. Təkcə döyüş meydanında deyil, diplomatik gedişlərdə və xarici iqtisadi fəaliyyətdə də Azərbaycan düşmənə ardıcıl zərbələr endirir. Bu zərbələr sayəsində kələfin ucunu itirən ermənilər bir-birlərindən şübhəyə düşürlər. Respublikaçı Eduard Şarmazanov Paşinyanın dəstəsini günahlandıraraq bildirir ki, “Qarabağ məsələsində bir neçə sualtı axın mövcuddur”. Bu, əslində, hakimiyyətin üzdə bir söz, daldada ayrı söz danışmasına və sətiraltı mənası ilə satqınlığa işarədir. Amma Şarmazanov unudur ki, onun təmsil olunduğu Sarkisyan hakimiyyəti satqınlıqda heç də indikilərdən geri qalmayıb və bu adamların fərdi keyfiyyətlərinə görə satqınlıq barədə danışmaları tamamilə yersizdir. 
Beləlikə, Ermənistandakı növbəti parlament seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq hakimiyyətdə yenə də insani keyfiyyətlərdən və həqiqətdən uzaq adamların təmsil olunacaqları şübhə doğurmur.
N.NOVRUZ  

 

Sizin Reklam Yeriniz