Əlaqə Arxiv
news Image
2018.11.17
10:00
| A A A
Minsk qrupunda Fransanı Avropa İttifaqı əvəzləyə bilər
Fəzail İbrahimli: “Fransanın ATƏT-in Minsk qrupundan uzaqlaşdırılması və onun Avropa İttifaqı, onun timsalında Almaniya əvəzlənməsi məsələsi də gündəmə gətirilməlidir” Məmməd Əlizadə: “Fransa həmsədrlikdən çıxarılmalı və yerinə Türkiyə, yaxud Avropa İttifaqının nümayəndəsi olaraq Almaniya gətirilməlidir”

Son zamanlar ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən Fransa heç də Qarabağ münaqişəsinin həllində vasitəçi dövlət statusuna uyğun hərəkət etmir. Belə ki, bu yaxınlarda bir qrup Fransadan olan bələdiyyə rəhbərləri qanunsuz olaraq Dağlıq Qarabağa səfər ediblər. Bu azmış kimi, indi də Qarabağdakı separatçı qurumun rəhbəri Bako Saakyan Fransaya işgüzar səfər adı ilə yola düşüb. Yaranmış bu vəziyyət onu göstərir ki, Fransa separatçılara, başqa dövlətin ərazisini işğal edənlərə qucaq açır. 

Parisin bu hərəkəti əslində, Fransa tərəfindən beynəlxalq hüquq normalarına, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmətsizliyinin daha bir bariz nümunəsidir. Bu hal onu göstərir ki, Fransa Minsk qrupunun həmsədri olsa da, münaqişənin həllində qərəzli və qeyri-obyektiv mövqe tutur. Yaranmış vəziyyət Fransanın həmsədr olaraq ATƏT-in Minsk qrupunda başqası ilə əvəzlənməsi məsələsini gündəmə gətirir. Məsələn, Fransanın yerinə həmin həmsədrlik postuna Avropa İttifaqı, onun timsalında Almaniyanın gətirilməsi məsələsi əvvəllər də müzakirə predmeti olub.   
Milli Məclisin deputatı Fəzail İbrahimli Fransanın Minsk qrupunda başqası ilə əvəzlənməsinin tərəfdarı olduğunu diqqətə çatdırdı: “Fransa həmişə ermənipərəst mövqe tutub. Fransada erməni lobbisi kifayət qədər güc və imkanlara malikdir. Hətta bu ölkədə keçirilən prezident seçkilərinə belə erməni lobbisinin təsir imkanları var. Onlar öz mövqelərini ortaya qoymaqla, xidmətlərini təklif etməklə bu ölkədə istənilən addımı ata bilirlər. Ona görə də bu günlərdə Fransadan bəzi parlament üzvləri və yaxud ayrı-ayrı adamların Dağlıq Qarabağa qanunsuz səfərləri, yaxud da separatçı erməni quldurlarının Fransaya dəvəti birmənalı olaraq beynəlxalq hüquqa, sivil dəyərlərə ziddir. 
Yaranmış vəziyyətdə Fransanın münaqişə ətrafında tutduğu mövqe artıq məlumdur. Parisin barışdırıcı, ədalət naminə atacağı addım artıq məlum olur. Fransanın bu fonda son addımları da onu göstərir ki, bu ölkə münaqişənin həlli prosesində tərəf saxlayır. Ona görə də ondan obyektivlik gözləməyinə dəyməz.
Belə bir ədalətsiz mövqe tutan bu ölkənin mövcud situasiyada Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ədalətli mövqe sərgiləyəcəyinə olan ümidimiz də  tamamilə sarsılır. Ona görə də Fransanın ATƏT-in Minsk qrupundan uzaqlaşdırılması və onun Avropa İttifaqı, onun timsalında Almaniya əvəzlənməsi məsələsi də gündəmə gətirilə bilər və düşünürəm ki, gətirilməlidir”. 
Politoloq Məmməd Əlizadə də Parisin Minsk qrupu həmsədrliyində digər dövlətlə əvəzlənməli olduğunu bildirdi: “Fnansada bildiyiniz kimi, erməni lobbisi güclü mövqeyə malikdir. Hətta onlar bir sıra hallarda bu ölkənin siyasi həyatına da müdaxilə edə bilirlər. Amma bütün bunlar o demək deyil ki, Paris beynəlxalq qanunları pozaraq ölkələrin ərazi bütövlüyünə zərbə vuran qüvvələrə qucaq açmalıdır. Bu, tamamilə yolverilməzdir. Həm Dağlıq Qarabağa qanunsuz olaraq səfər edən fransalı rəsmilər, həm də separatçıların lideri Saakyanın Parisə dəvət olunmasına görə, Fransaya ciddi etiraz bildirilməlidir. Qəti şəkildə Paris qarşısnda tələb qoyulmalıdır ki, bu qanunazidd hərəkətlərinə son qoysun. Əks təqdirdə, onun ATƏT-in Minsk qrupunda həmsədrlik postundan uzaqlaşdırılması məsələsi gündəmə gətirilməlidir. 
Münaqişənin həlli üçün vasitəçilik edən hər hansı bir ölkə tərəf saxlamamalı, konfliktin ədalətli, beynəlxalq normalar çərçivəsində həlli prosesinə yardımçı olmalıdır. Ancaq Fransanın həmin hərəkəti ona olan etimadın tamamilə qırılması anlamına gəlir. Bu xüsusda da düşünürəm ki, Fransa həmsədrlikdən çıxarılmalı və yerinə Türkiyə, yaxud Avropa İttifaqının nümayəndəsi olaraq Almaniya gətirilməlidir”. 
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz