Əlaqə Arxiv
news Image
2018.11.20
10:10
| A A A
Beynəlxalq diqqətsizlikdən doğan erməni özbaşınalığı
Minsk qrupunun fəaliyyətsizliyi ona yönələn tənqidləri gücləndirir

Bu günlərdə Ermənistanın siyasi məkanında səsləndirilən, bu ölkə ilə işğal olunmuş Qarabağdakı  qondarma rejim arasında hərbi sazişin imzalanmasının zəruriliyi barədə bəyanatların sayır artır. Ermənilər nə fikirləşib belə bir avantüraya əl atırlar, yaxşı məlumdur. Bu, avantürist inqilabçı Nikol Paşinyanın seçkiqabağı təbliğat tryukudur. Çünki, birincisi, belə müqavilə kökündən saxta olar, ona görə ki, heç kim tərəfindən tanınmayan saxta bir qurumla, hətta Ermənistanın özünün belə tanımadığı “respublika” ilə imzalanar. İkincisi, Azərbaycan torpağını işğal edən Ermənistandır, daha bu adın böyrünə yalançı bir qurum da əlavə etmək lağlağıdan başqa bir şey deyil. Yəni, belə olan təqdirdə Ermənistan öz-özü ilə müqavilə bağlamış olar.

Lakin böhtançı təbliğat maşını işləyir və beynəlxalq hüququ, dinc yanaşı yaşamaq prinsiplərini pozaraq istədiyi şəkildə fəaliyyət göstərir. Bəs, niyə məhz indi belə bir addımın atılması barədə aramsız bəyanatlar səsləndirilir. Axı, onsuz da bu müqavilənin əhəmiyyəti olmayacaq, münaqişəyə heç bir yenilik gətirməyəcək. 
Belə görünür ki, ermənilər öz aləmlərində hansı hədəfləri vurmaq üçün bu yola əl atıblar. Birincisi, bu, seçki ilə bağlıdır. Paşinyanın komandası Qarabağı özlərinin ümdə məqsədi göstərməklə mənasız vətənpərlik nümayiş etdirməyə çalışırlar. Çünki, mənsub olduqları cəmiyyətdə mənasız düşüncələrin necə şöhrət qazandığını görürlər. Bu yolla da parlamentdə söz sahibi roluna ümid edirlər. 
İkincisi, İrəvan mənsubları həmişə elə düşünürdülər ki, KTMT lazım gəldiyi təqdirdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını da öz qanadı altına almaq istəyindədir. Lakin bu mövzu üzrə bütün suallara aydınlıq gətirilib və məlum olan budur ki, KTMT hər hansı bir şəraitdə Qarabağda baş verən mümkün müharibədə neytrallığını qoruyub saxlayacaq. Bu məsələ hazırda təşkilatda baş verən proseslərin mahiyyətində də, bir sıra Rusiya diplomatının və politoloqlarının çıxışlarında da aydın tərzdə bildirilib ki, Qarabağ Azərbaycan torpağıdır və bu ərazilərdə baş verən proseslərə KTMT-nin qarışmaq ixtiyarı və istəyi yoxdur. Xüsusilə, əlifba sırası ilə Ermənistanın nümayəndəsinin təşkilata sədrlik etməli olduğa halda indi bu posta  Belarusun namizədinin hazırlanması erməniləri gözdən və nüfuzdan salıb. Hazırda KTMT-nin baş katib vəzifəsini icra edən Valeri Semerikov bildirb ki, “KTMT-nin əksər üzvləri Ermənistan nümayəndəsinin baş katib təyin olunmasının effektliyinə şübhə edirlər”. Bu mənada ermənilər  Qarabağda yaratdıqları ondarma qurumla müqavilə imzalamaqla Rusiyaya, Qazaxıstan və Belarusa təşəxxüs satırlar ki, eyb etməz, özümüz Qarabağı əlimizdə saxlaya bilərik. Onlar sanki bununla özlərinin əzilmiş və təhqir edilmiş mövqelərini yüksəltməyi düşünürlər. Sanki, cəbhəyə göndərməyə silah-sursat, canlı qüvvə tapmayan Ermənistan deyil və onlar bir səhifəlik kağız parçasına qeyd etməklə Azərbaycanın azadlıq mübarizəsinə xitam verəcəklər.
Bəli, erməni ağlı belə səthi, siyasətdənkənar mülahizələrlə işləyir. Təsadüfi deyil ki, xaricdən gəlib Qarabağın işğal edilməsində yaxından iştirak edən, azərbaycanlıların qətlində amansızlıq göstərən cinayətkae Jirayr Səfilyan adlı erməninin təsis etdiyi “Sasna Srer” partiyası bu günlərdə Azərbaycan ərazisinə növbəti qanunsuz avtoyürüş təşkil ediblər. Burada yerli separatçılarla görüşən partiya üzvləri bu səfəri Ermənistanın və “DQR”in tarixi birləşmə günü kimi qiymətləndiriblər.   
Situasiyanın belə şəkil alması müqavilə haqda bəyanatların sərsəm təxəyyülün məhsulu olması barədə çıxarışları gücləndirir Qarabağ savaşının yenidən alovlanmasına doğru yönələn addımları qətiləşdirir. İndi Minsk qrupunun bu çağırışlara münasibəti gündəmə gəlir. Əgər bu qrup həqiqətən münaqişənin sülh yolu ilə həllini istəyirsə, onda mütləq şəkildə Ermənistana qarşı müvafiq sanksiyalar tətbiq etməli, Azərbaycanın işğal edilmiş torpağında yaradılmış qondarma rejimin cinayətkar üzvlərinə xarici dövlətlərə giriş vizasının verilməsinə veto tətbiq etməlidir. 
Əks halda müharibəni qaçılmaz edən səbəblər daha da artacaq.
N.NOVRUZ  

Sizin Reklam Yeriniz