Əlaqə Arxiv
news Image
2018.11.20
10:12
| A A A
Qrant hərisliyi radikalların iç üzünü yenidən açır
Əli Kərimli “siyasi mühacir” biznesini çiçəkləndirməkdə israrlıdır

Yeni il yaxınlaşdıqca müxalifət, ələlxüsus da radikalların cəbhəsində həyat qaynamağa başlayır. Çünki, belə vəziyyət yeni qrantlar, xaricdə mühacir həyatına sövq edilməsi və sairə bu kimi biznes növlərinin növbəti dalğası deməkdir. Bunlara nail olmağın ilkin şərti isə gündəmi zəbt etməkdir. Bunun da öz şakəri var. Mitinq etmək, ölkəni qarışdırmaq, xaricdəki hamilərin zövqünü oxşamaq üçün yerli hakimiyyəti şərləmək və sairə. Amma hər şeyin bir qaydası da var və bu qaydalara əməl edəndə nəyəsə nail olmaq olar, təbii ki, arada real faktlar varsa. 

Məsələ burasındadır ki, Azərbaycanda radikal adına radikallıq edənlər üçün bu şərtlər məqbul deyil, ona görə ki, əllərində fakt yoxdur. Bunu isə yalnız çığır-bağır və böhtanlarla sığortalamaq mümkündür. Necə ki, noyabrın 17-də, Milli Dirçəliş günündə özlərini “Milli Şura” adlandıran bir qrup şəxs  bayram sevincini kədərə çevirməklə istəklərinə çatmağı düşünürdülər. Başda da Cəmil Həsənli və Əli Kərimli olmaqla. Bu şəxslər guya Milli Dirçəliş gününü qeyd etmək üçün Şəhidlər xiyabanına təşrif buyurub, şəhidlərimizin əziz və qanlı xatirəsini yad etməkdə bulunublar. Amma qrant məsələsi başlarını nə təhər məşğul edibsə, xiyabana nə üçün gəldiklərini unudublar və qışqırmaqla vəziyyətdən çıxmaq istəyiblər. Görünür, orda olanların əksəriyyəti qrantbazlar olublar və son vaxtlar xaricdə yurd salmış radikallarla yerli radikallar arasında baş verən dartışma ucbatından qrant məsələsi xeyli qəlizləşib. İndi bunlar arasında mövqe mübarizəsi gedir. Şəhid xatirəsi qanla yoğrulduğundan bunların da qan gözünü örtüb və pul hərisliyi önə çıxıb. Heç bir icazə-filan almadan xatirə mərasimini icazəsiz mitinqə çeviriblər.    
Bu səbəbdən də yürüşçülər saxlanılaraq Səbayel Rayon Polis İdarəsinə aparılıblar. İnsident zamanı Milli Şuranın sədri Cəmil Həsənli də saxlanılıb, lakin 4 saatdan sonra sərbəst buraxılıb. Bundan dərhal sonra sosial şəbəkədə canlı yayıma çıxan Cəmil Həsənli deyib ki, saxlananlara və Əli Kərimliyə işgəncə verilməsi iddiaları yalandır: “Bizimlə nəzakətlə rəftar olunurdu və heç bir zorakılıq olmadı. Mənim səhhətim yaxşıdır, mənə heç bir təcili yardım göstərilmədi. Bəlkə polis idarəsindəki başqalarına gəlib, amma bizə təcili yardım gəlməyib”. 
Demək, ssenariyə görə, mitinq əvvəlcədən təşkil olunub və onu həyata keçirmək üçün Milli Dirçəliş günündən sui-istifadə olunub. Bu, radikalların birinci və mənəvi günahıdır. Şəhidlərimizin ruhuna hörmətsizlik ikinci günahdır. Qanunlara etinasızlıq üçüncü günahdır. Mitinqçiləri asayişin qorunmasına çağıran polislərə müqavimət göstərmək dördüncü günahdır. Bunları kifayət qədər sadalamaq olar. Amma bu günahların hansı səviyyədə yuyulmasını hüquq-mühafizə orqanları müəyyənləşdirəcək. Əsas radikalların qurduğu planın mürtəceliyidir: onlar bayram adı ilə heç bir maneə olmadan şəhidlər xiyabanına gəlir, həmin orada insanların toplanmasından istifadə edərək səs-küy salır, onları sakitləşdirmək istəyən polisə müqavimət göstərirlər ki, polisə aparılsınlar və dərhal kənarda saxladıqları adamları vasitəsilə polisin onlara verdiyi işgəncələr barədə sosial şəbəkədə təbliğata başlasınlar. Miqrant biznesinin əsl ssenarisidir, deyilmi? Və heç kimə sirr deyil ki, bu biznesin görkəmli nümayəndələrindən biri də Əli Kərimlidir. Görəsən, o, bu əməliyyatdan nə qədər pul götürməyi planlaşdırıb?!
Bu proseslərə yaxşı bələd olan Kərim Mehdiyev adlı şəxs AXCP sədrinin pula hərisliyi ilə bağlı yazıb: “Yaxşı, bütün cəbhəçilər sizin öz mənzilinizi sataraq, Avropa məhkəməsindən aldığınız pullar və deputat maaşı ilə övladınızı oxutdurduğuna inandı. Bəs bu qədər imkanınız ola-ola sizə maddi kömək üçün müraciət edən onlarla cəbhəçini “pul yoxdur” deyərək əli boş yola salmağınızdan utanmırsınızmı?” Açıq görünür ki, Ə.Kərimlidə utanan üz yoxdur, yoxsa belə oyunlara əl atmazdı.
Bunnula bağlı  Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib: “Təəssüflə bildirmək istərdim ki, bəzi yerli və xarici KİV-lərdə, o cümlədən sosial şəbəkələrdə məsələ ilə bağlı dəqiqləşdirilməmiş, qeyri-obyektiv və birtərəfli məlumat yayılıb, məsələ yanlış şəkildə insan hüquq və azadlıqlarının, o cümlədən sərbəst toplaşmaq, söz və məlumat azadlığının, fikir plüralizminin məhdudlaşdırılması kimi qələmə verilib. Bir daha təkrar edirəm ki, hüquq-mühafizə orqanları qanunun tələblərinə uyğun olaraq qeyri-qanuni aksiyanın qarşısını alıb və bunun insan hüquq və azadlıqlarının pozulması ilə heç bir əlaqəsi yoxdur. Polis üçün əsas meyar siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir”.
Əli Kərimli və tərəfdarları birdəfəlik anlamalıdırlar ki, hüquqi dövlətdə özbaşınalığa və hüquqpozmalara yol verilmir, istər biznes qurasan, istərsə də siyasi çıxış edəsən. Qanunun aliliyi hamı üçündür.
N.NOVRUZ

Sizin Reklam Yeriniz