Əlaqə Arxiv
news Image
2018.11.20
10:26
| A A A
Paşinyanın siyasi naşılığı Ermənistanı ağa dəstəyindən məhrum edir
Azər Həsrət: “Yəqin ki, dekabrda olacaq parlament seçkisindən sonra Rusiyadakı ağaları erməniləri Moskvaya çağırıb şimal ölkəsinin köməyi və dəstəyi olmadan Ermənistanın məhv olacağını bir daha düşmən ölkəyə xatırladacaqlar”

Ermənistan son dövrlərdə Rusiyanın siyasətinə qarşı daha açıq mövqe sərgiləyir, Rusiya bağlı adamlar yenidən həbsə atılır, iqtisadi müstəvidə münasibətlər gərginləşir, qaz ticarəti sahəsində ziddiyyətlər artır.

Qeyd edək ki, Nikol Paşinyanın hakimiyyətə gələndən üzü bəri atdığı ilk addımlar göstərir ki, o, Moskvadan uzaqlaşmaq niyyətindədir. Siyasi icmalçı Azər Həsrət bildirdi ki, İrəvanın Moskvanın yürütdüyü siyasətə qarşı çıxmağa çalışması sonda işğalçı ölkəyə Rusiyanın dəstəyinin itirilməsilə nəticələnəcək: “Ermənistan elə bir böyük dövlət deyil ki, Rusiya kimi bölgənin nəhəng dövlətinin siyasətinə qarışa, bu və ya digər şəkildə ona təsir edə bilsin. Sadəcə olaraq, Ermənistan sarsıntı keçirir. Bu ölkədə gedən siyasi proseslər, nəticədə Rusiya ilə ortaya çıxan anlaşılmazlıqlar onları sanki guya həmin dövlətə münasibətdə daha yeni addımlar atmağa həvəsləndirib. Ona görə də bir qədər özlərindən daha yüksəyə tullanmağa cəhd edirlər. Bu tullanma cəhdi də Ermənistanda Rusiyaya münasibətdə davranış və danışıqlar formasında özünü göstərir. Yəni, Ermənistan başa düşür ki, Rusiyanın nəzarətindən çıxmaq İrəvanı həqiqətən də ciddi problemlə üz-üzə qoyacaq. Bununla belə bu kimi hərəkətlərilə guya dünyaya özlərinin müstəqil olduqlarını, öz siyasətlərini özlərinin müəyyən etdiyini göstərmək istəyirlər. 
Təbiidir ki, bu ikili ziddiyyətli mövqe məhz Rusiyaya qarşı gedişlərdə müəyyən mənada İrəvanın Moskvanın işlərinə qarışması kimi də görünə bilər. Amma bu qarışma deyil. Sadəcə olaraq, nə etdiklərini bilmirlər. Bu hal həmçinin Ermənistana başçılıq edən Nikol Paşinyanın naşılığı, dövlət idarəçiliyilə küçə idarəçiliyi arasında fərqi hələ də müəyyən edə bilməməsinin nəticəsidir. Yəni, bu adamların özləri də nə etdiklərini, nə və necə etməli olduqlarını bilmirlər. 
Ermənistan bildiyiniz kimi, Rusiyanın öndərliyi altında olan bir sıra təşkilatlara da üzvdür. Lakin həmin təşkilatlardan da gözləntiləri özünü doğrultmayıb. Xüsusən də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı son zamanlar cərəyan edən proseslər bunu deməyə əsas verir. Ermənistan bu minvalla Rusiyaya hərbə-zorba gələ biləcəyini düşünür və bu əsasda da müəyyən bəyanatlar səsləndirir. Amma Rusiyanın ən ali rəhbərliyi deyil, 777-ci məmurunun belə Ermənistana endirdiyi zərbə fonunda, düşmən ölkənin heç bir siyasi və ictimai dairəsi onlara cavab verə bilmir. Ermənistana bir dəfə özbaşına, sərbəst və müstəqil olmadığını xatırlatmaq kifayət edir. Bu əsasda da tələb olunur ki, kənardan nəyi çalsalar, Ermənistan da onu oynamalıdır. İrəvan da başqa çıxış yolunun olmadığını anlayır. Ermənsitan bu fonda Rusiya ilə çilingağac oynamaqda davam etsə, təbii ki, Moskva İrəvan üzərindən əlini çəkərək, onun hamisi rolunda çıxış etməkdən imtina edəcək. Bu da Ermənistanı Azərbaycanla üz-üzə qoyacaq. Azərbaycanla Ermənsitan üz-üzə qalacağı təqdirdə isə İrəvan sadəcə olaraq, bir neçə günün içərisində dövlətimiz qarşısında diz üstə çökməli olacaq. Bunu Rusiya da, Ermənistanın özü də yaxşı anlayır. Ona görə düşünürəm ki, Moskva ilə İrəvan arasında yaşanan hazırkı anlaşılmazlıq çox da uzun  sürməyəcək. Yəqin ki, dekabrda olacaq parlament seçkisindən sonra Rusiyadakı ağaları erməniləri Moskvaya  çağırıb şimal ölkəsinin köməyi və dəstəyi olmadan Ermənistanın məhv olacağını bir daha düşmən ölkəyə xatırladacaqlar. Ermənilər də bunu qəbul etməli olacaq. İstənilən halda, Rusiya ilə Ermənistan arasında münasibətlərin soyuması Azərbaycanın xeyrinədir. Arzu və ümid edək ki, bu soyuqlaşma davam edəcək”. 
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz