Əlaqə Arxiv
news Image
2018.11.21
09:00
| A A A
Bakı-Minsk yaxınlaşması ilə İrəvana vurulan yeni sərt zərbə
Qabil Hüseynli: “MDB məkanında Belarus-Azərbaycan münasibətlərini xüsusi qeyd etmək lazımdır” Ehtiram Aşırlı: “Ermənilərin Belarus-Azərbaycan münasibətlərindəki əsas narahatlığı silah satışı ilə bağlıdır”

Məlumdur ki, Prezident İlham Əliyev Belarusda səfərdə oldu. Səfər iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafına yeni təkan verdi. Qeyd edək ki, həyata keçirilən səfər çərçivəsində Prezident İlham Əliyevin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü protokola görə 45 dəqiqə nəzərdə tutulsa da, dövlət başçılarının təkbətək görüşü 2 saatdan artıq davam etdi. Bu, iki ölkənin prezidentləri arasında yüksək qarşılıqlı etimadın, ikitərəfli münasibətlərin məzmun və mahiyyətinin zənginliyinin bariz göstəricisidir. Səfər nəticəsində iki ölkə arasında kənd-təsərrüfatı, iqtisadiyyat, hərbi-texniki, sosial-müdafiə, hüquq-mühafizə və digər sahələri əhatə edən 9 sənəd imzalandı. Ən vacib sənəd dövlət başçıları tərəfindən imzalanmış “Azərbaycan Respublikası Prezidenti və Belarus Respublikası Prezidentinin birgə bəyanatı”dır.

Bəyanatda Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələbləri əsasında həllinin vacibliyi qeyd olundu. Bu, Ermənistanın təcridinin və münaqişənin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyətin Azərbaycanın haqlı və ədalətli mövqeyinə dəstəyinin daha da güclənməsinin növbəti nümunəsidir. Ermənistanla müttəfiqlik münasibətlərinə malik olan dövlətlər belə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyirlər. Bu bir daha onu göstərir ki, münaqişənin həllinin əsasını BMT Təhlükəsizlik Şurasının qətnamələri təşkil edir.
Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan artıq bütün bunlardan narahatlığını ifadə edib. Eləcə də Ermənistanın baş nazir əvəzi Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa səfəri zamanı bu ölkə ilə hərbi-texniki əməkdaşlıq haqqında memorandum imzalanmasına da münasibət bildirib.
“Hələ üç ay öncə “Polonez”lərin Azərbaycana çatdırılması ilə bağlı müqavilə imzalanmışdı, hərçənd, həmin vaxt KTMT-də baş katib Ermənistanın nümayəndəsi idi. Biz bu sazişlərə qarşı çıxırıq, hesab edirik ki, KTMT-də əməkdaşlıq ruhuna və Ermənistanın maraqlarına ziddir. Bu məsələdə ən əhəmiyyətli məqam budur ki, biz izahatları almalıyıq, hər bir ölkə üçün tərəfdaşlığın öhdəlikləri aydın olmalıdır. Biz o ittifaqın öhdəliklərini yerinə yetiririk ki, burada bəzi tərəfdaşlarla tərəfdaşlıqdan danışmaq mümkün deyil”, - deyə Paşinyan danışıb.
Qeyd edək ki, KTMT-də Ermənistanın məğlubiyyətə uğraması, Azərbaycanın bu platformada uğurlu manevrlər etməsi, eləcə də dünən Azərbaycan və Belarus arasında hərbi əməkdaşlıq memorandumun imzalanması İrəvanda ciddi narahatlığa səbəb olub.
 Politoloq Qabil Hüseynli bildirir ki, Belarus ilə Azərbaycan uzun illərdir, əməkdaşlıq edir: “Bu əməkdaşlıq daim inkişaf eməkdədir. MDB məkanında Belarus-Azərbaycan münasibətlərini xüsusi qeyd etmək lazımdır. Çünki bu münasibətlər o qədər inkişaf edib şaxələnib ki, müttəffiqlik əlaqələri səviyyəsinə qalxıb. 
İqtisadi əlaqələr də son bir neçə ildə dəfələrlə artıb. Azərbaycan Belarus hərbi sənaye silahlarına ciddi ehtiyac duyur. Belarus istehsalı olan “Polonez” markalı raket sistemlərinin bir neçə partiyasını almışıq. Yaxın vaxtlarda yeni silahların da alınması təxmin edilir. Bununla yanaşı, kənd təsərrüfatı texnikası sahəsində də iki ölkə arasında əlaqələr güclü inkişaf edib. Bu da Azərbaycanda ağır sənayenin formalaşmasında böyük rol oynayır. Lakin siyasi sahədə əməkdaşlıq daha böyük nəticələr verir. Bütün beynəlxalq təşkilatlarda hər iki ölkə bir-birini müdafiə edir. Xüsusi ilə son dövlər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında baş katib seçkisində Belarusun Qazaxıstanla birlikdə nümayiş etdirdiyi mövqe Azərbaycanın mövqelərinin daha da genişlənməsində böyük rol oynadı. 
Belarusun və Qazaxıstanın ortaya qoyduğu bu mövqeyə nə erməni səs-küyü, nə də rusun soyuq münasibəti mane ola bilmədi. Bütün bunlar onu göstərir ki, A. Lukaşenko Azərbaycanla münasibətdə özünün pozitiv mövqeyi ilə seçilir. O səbəbdən də hər iki ölkə arasında münasibətlər ən yüksək qiymətə layiqdir. Bunu da Ermənistan bilməmiş deyil və həzm edə bilmir”.
Digər politoloq Ehtiram Aşırlı bildirdi ki, Belarus MBD məkanında və bütün dünyada Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir: “Belarus və Azərbaycan demək olar ki, bütün sahələrdə-siyasi, iqtisadi, mədəni, enerji, hərbi-qarşılıqlı səmərəli əməkdaşlıq qura bilmişlər. Azərbaycan və Belarus arasında prezidentlər səviyyəsində səfərlərin baş tutması, görüşlərin keçirilməsi əməkdaşlığın inkişaf etdirilməsi bir tendesiya halına çevrilib. 
Cənab Prezident İlham Əliyevin Belarus səfərinin KTMT zirvəsindən sonra reallaşdırması da ayrı bir məna kəsb edir. Dövlət başçımızın bu səfəri Astana zirvəsində Azərbaycanın maraqlarını müdafiə edən Lukaşenkoya təşəkkür və dəstək mahiyyətindədir”.
Politoloq əlavə etdi ki, ermənilərin Belarus-Azərbaycan münasibətlərindəki əsas narahatlığı silah satışı ilə bağlıdır: “Onlar Belarusun Azərbaycana müasir silahlar satmasını "cinayət" hesab edir, özlərinin "İsgəndər" əldə etmələrini "Azərbaycana yaxşı cavab" adlandırırlar. Azərbaycanın "Polonez"ləri almasını isə "Belarusun satqınlığı" kimi təqdim etməyə cəhd göstərirlər. Yəni faktiki olaraq bəsit xəstə məntiqi ilə çıxış edirlər. Adi insan belə sual edə bilər ki, "bütün dünya sənin aqressiv, yaramaz, ədalətsiz siyasətini dəstəkləməlidir?!". Bu, niyə elə olmalıdır?
Erməni terrorçuları Dağlıq Qarabağda və ətraf rayonlarda dünyada görünməmiş vəhşilik törədib, faktiki olaraq soyqırımı həyata keçiriblər. İndi bu cinayətə Belarus, Rusiya və Qazaxıstan da ortaq olmalıdırlar?! Siyasətçi üçün bu, o qədər absurd bir müddəadır ki, heç şərh etməyə dəyməz.
Paşinyan hələ də küçə anlayışından uzaqlaşa bilməyib. Üstəlik beynəlxalq münasibətlər sistemində də küçə davranışlarını tətbiq etməyə çalışır. O, elə fikirləşir ki, küçədə elədiklərini beynəlxalq münasibətlər sistemində də tətbiq edə bilər. Digər tərəfdən, Belarus və Qazaxıstandan izahat tələb etməsi kimi fikir səsləndirməsi onun özünü kriminal aləmə xas olan “vor”lar kimi aparmasını göstərir”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz