Əlaqə Arxiv
news Image
2018.11.21
09:30
| A A A
Minsk qrupunun ikiüzlülüyü Qarabağ münaqişəsinin dinc müstəvidə həllini uzadır
Həmsədrlər Ermənistana təzyiq göstərmək üçün heç də bütün alətlərdən istifadə etmir

ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməli olduğu halda bunu etmir. Ümumiyyətlə, bu təşkilat yarananda ictimaiyyət düşündü ki, bəli, madam, “demokratik” Qərb münaqişəyə qarışdı, demək, sülhə ümid bəsləmək olar. Lakin zaman və gedişat göstərdi ki, demokratiya, siyasətdə heç də hakim mövqe tutmur. Yəni, Qərbin demokratiyası onun geostrateji maraqlarının girovunda inləyir və eynilə, bərabərlik, haqq-ədalət də yalnız dövlətlərin öz mənafeləri baxımından qiymətləndirilir. Necə ki, Minsk qrupunun həmsədrləri Azərbaycan üçün taleyüklü məsələ olan Qarabağ münaqişəsinin sülh yolu ilə həllində oynadıqları rol ilə dediklərimizi təsdiqləyiblər. Əslində, onlar sülh deyə-deyə tərəfləri müharibəyə təhrik edirlər. Elə mövqe sərgiləyirlər ki, hər bir halda öz mənafeləeini qoruya bilsinlər. Çünki, münaqişə üzərində status-kvonu saxlamaqla erməni diasporunun rəğbətini qazanır və daxili siyasətlərində onların gücündən və pulundan gen-bol istifadə edirlər. Bu biri tərəfdən də erməniləri Azərbaycanın müharibəyə başlayacağı təhdidi ilə qorxuzaraq onları Rusiyadan ayırıb öz caynaqlarına keçirmək istəyir, Azərbaycana isə silah satmaqda davam edirlər. 

Bir fakta diqqət yetirmək vacibdir: ABŞ prezidenti, bu ölkənin Ermənistandakı və Azərbaycandakı səfirləri münaqişənin həll edilməsi barədə önəmli mesajlar verir, lakin Minsk qrupundakı həmsədr nümayəndə öz dövlətinin əsas simalarının dedikləri yolla getmir. Yaxud, Fransa hökuməti öz üzvlərinin, deputatlarının, digər hakimiyyət mənsublarının Azərbaycanın işğal edilmiş ərazilərinə Bakının icazəsi olmadan etdikləri səfərlərə fərdi təşəbbüs kimi yanaşır və Qarabağda Ermənistanın yaratdığı qondarma qurumun “rəhbərinə” xarici viza verir. Bako Saakyan adlı həmin bu cinayətkar şəxs Amerikaya və Rusiyaya da sərbəst şəkildə gedir və Azərbaycan əleyhinə təbliğat aparır. 
Avopada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının himayəsi altında fəaliyyət göstərən Minsk qrupunun, qrupun həmsədrlərinin indiyə qədər göstərdikləri fəaliyyət çərçivəsində hər hansı konkret nəticənin olmaması göz qabağındadır. Bu qrupun regiona səfərləri, tərəflərlə apardıqları söhbətlər mənasızlığı, səmərəsizliyi ilə çoxdandır ki, müzakirə mövzusudur. Belə olan halda haqlı olaraq sual vermək olar ki, bu qrupu saxlamağın nə mənası var?!
Üstəlik, MQ-nin işində ermənipərəst addımlar kifayət qədər aydın görünür. Qrupun səmərəsizliyi tamamilə aydındır və birmənalı şəkildə təsdiq olunur ona görə ki, sülh deyə-deyə tərəfləri sülhdən uzaqlaşdırırlar. Amma digər tərəfdən belə fəaliyyətləri ilə münaqişə üzərində status-kvonun saxlanılmasına yardım edirlər. Bu isə ermənilərin lehinədir. Çünki, özlərinə tərəfdarlar toplayırlar, digər yerlərdən insanları təşviq edib işğal etdikləri ərazilərə köçürüb məskunlaşdırmaq üçün vaxt qazanırlar. Atəşkəsi qorumaqla guya qondarma qurumda sabitlik olduğuna, Azərbaycanın artıq mövcud şəraitlə barıdığına başqa dövlətlərin səlahiyyətlilərini inandırırlar. Vaxt nə qədər uzansa, bir o qədər erməni separatçılarının xeyrinədir. Çünki, zaman keçdikcə, müharibədən ziyan çəkmiş, torpaqlarını itirmiş insanlar təbii şəkildə həyatlarını itirir, yeni nəslin təsəvvüründə Qarabağın işğalı faktı forma və məzmununu dəyişir, Azərbaycan ərazisində yaradılmış süni erməni “dövlət”inin de-yure təsdiqinə doğru irəliləyiş baş verir. Bütün bunların cərəyan etməsində Minsk qrupunun və onun həmsədrlərinin birbaşa məsuliyyəti var. 
Lakin Azərbaycanın mövqeyi bu konteksdə aydın və qətiyyətlidir. Əslində bu qətiyyətliliyin sayəsində MQ-nin işi nisbətən səngiyir. Əks halda ermənilər çoxdan istədiklərinə çata bilərdilər. MQ-u Azərbaycanın, ümumiyyətlə, iqtisadi və siyasi cəhətdən güclənməsi ucbatından tələyə düşüb. İndi vaxt-vədə yetişib və situasiyaya nəzarəti xeyli dərəcədə Azərbaycanın əlinə keçib. Belə ki, ölkəmizin uğurlu siyasəti sayəsində işğal faktını BMT üzvü olan yüzdən çox dövlət təsdiqləyib. Münaqişəyə dair informasiya müharibəsində Azərbaycan düşmənini və rəqiblərini məğlub edib. Torpaqlarımızın azad edilməsi üçün aparılan mübarizə son mərhələsinə daxil olub. Ermənistanın və Minsk qrupunun manevr imkanları qurtarıb. Amma bu məqamın birinci şərti məhz MQ-nin səmərəli məcraya yönəldilməsidir ki, bunun da iki şərti var: ya qrup birdəfəlik buraxılmalı, ya da onun tərkibi dəyişdirilməlidir. Yalnız bu tədbirlər münaqişənin mahiyyəti üzrə danıçıqların aparılmasına şərait yarada bilər. Belə olarsa, səmərə də olar.
N.NOVRUZ   


 

Sizin Reklam Yeriniz