Əlaqə Arxiv
news Image
2018.11.21
09:50
| A A A
Azərbaycan Ermənistanı KTMT-nin ən hörmətsiz üzvünə çevirib
Belarus və Qazaxıstanın mövqeyi də erməniləri dərdə salıb

Ermənistanda baş alıb gedən daxili çəkişmələrə görə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı baş katib vəzifəsində olan nümayəndəsini itirməsi İrəvanda gedən çaxnaşmaları daha da artırıb. Bizə düşmən ölkədə belə hesab edirlər ki, onların mövqeyi müttəfiqləri tərəfindən nəzərə alınmır. Halbuki, baş verən bütün həngamələr özlərinin səbatsız və yüngülməcaz siyasətləri ucbatından ilgilənir. Əslində, Ermənistan özünü bir suveren dövlət kimi təsbit edə bilməyib. Küçədə bir uşağın səhv hərəkətini görəndə adətən, onun hamisi kimi valideynlərini axtarırlar. Eynilə, Ermənistanın vəzifələri və hüquqları söhbət mövzusu olanda Rusiyanın mövqeyi nəzərə alınır və bu konteksdə məsələyə yanaşılır. 

KTMT məsələsi də istisna deyil. Çünki, erməni ambisiyası bu təşkilatda cidd-cəhdlə qabardılır, lakin ermənilər başa düşmürlər ki, onlar bu cür davranışları ilə təşkilatı nüfuzdan salırlar. Belarus, Qazaxıstan və Rusiya isə öz siyasi çəkilərinə görə belə yüngülməcazlığa yol verə bilməzlər. Buna görə də onlar növbəti biabırçılıqdan qaçmaq üçün Ermənistanın nümayəndəsinin KTMT-nin baş katibi olmasını əngəlləmək qərarına gəliblər. Çünki, bu bədnam ölkənin nümayəndələri dövlətçilikdən uzaq olduqlarına görə ağına-bozuna baxmadan hər cür davranışa yol verirlər. Məsələn, onlar düşünürlər ki, KTMT-nin sədri erməni olarsa, onda Qarabağın işğalı da uğurla davam edə bilər. Halbuki, KTMT-nin məqsədi onun üzvlərinin işğalçılıq siyasətini müdafiə etmək yox, xarici müdaxilədən qarşılıqlı surətdə qorunmaq missiyasını yerinə yetirməkdir. Əgər Azərbaycan sabah öz torpaqlarını azad etmək üçün müharibəyə başlayarsa, bu, onun öz daxili işi sayılacaq, ona görə ki, müharibəni öz torpağında aparacaq və məhz xarici müdaxiləçiləri, yəni Ermənistanın silahlı qüvvələrini ərazisindən qovacaq.
Ermənistan hakimiyyəti məsələnin mahiyyətini saxtalaşdırmağa səy göstərsə də bir şey alınmır və bütün qonşu dövlətlər münasibətlərin sıxlaşdırılması məsələsində Azərbaycanı əməkdaşlıq üçün seçirlər. Bu isə erməniləri sözün həqiqi mənasında qəzəbləndirir.
“Ermənistanın səsi” qəzeti 20 noyabr tarixli nömrəsində yazır ki, Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenkodan KTMT-nin Astanadakı iclası barədə Minskdə Azərbaycan səfiri ilə danışmasına və Qazaxıstan prezidenti Nursultan Nazarbayevdən KTMT-nin baş katibi postuna Belarus nümayəndəsinin olması barədə təklifinə görə hesabat soracaq. İndi erməniləri mətbuat vasitələrini hər iki dövlətin başçısına qarşı qərəzli materiallarla doldurublar. İşə bax ki, çoxdan razılaşdırılmış səfərə görə bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Belarusa rəsmi səfər edib. Və  qarşılıqlı görüşlər zamanı Lukaşenko belə bir həqiqəti dilə gətirib ki, ölkəsində Azərbaycan məhsullarına böyük tələbat var: “Bizdə Azərbaycanın süd, ət və qənnadı məhsullarına tələbat var. Beynəlxalq ticarət-ikitərəfli ticarətdir. Biz Belarus bazarında sizin məhsullarınızın olmasına maraqlıyıq... ...Mən həmişə etiraf etmişəm ki, azərbaycanlılar ticarəti hamıdan yaxşı bacarırlar”. Təbii ki, ticarətin qarşılıqlı olmasının qeyd edilməsi Azərbaycanın da bu ölkədən yeni silahlar alacağı deməkdir. Bu amil erməniləri qəzəbləndirməklə yanaşı həm də kədərləndirib. Onlar açıq-aşkar görürlər ki, işğalçı ölkənin diplomatiyası məhvə məhkumdur. 
Rusiya beynəlxalq hüquq assosiasiyasının üzvü, publisist və politoloq Denis Bvornikov İrəvanın “tert.am” saytına müsahibəsində KTMT problemində Azərbaycan izinin olmasına baxmayaraq əsas oyunçunun Belarus olması barədə dedikləri nə dərəcədə həqiqətdir, demək, olmaz. Amma məlum olan odur ki, Ermənistan bu hadisələr fonunda tamamilə hörmətsiz bir vəziyyətə düçar olub. Politoloqun fikrincə, Nikol Paşinyan qədim millətin ləyaqətindən dəm vurur, amma görə bilmir ki, bu millət indi param-parçadır. Demək, gücü yoxdur.
Dekabrın 6-da Sankt-Peterburqda KTMT-nin baş katibinin kim olacağı dəqiqləşəcək. Erməni mətbuatının yazdığına görə, bu posta Valeri Semerikovun təyin edilməsi gözlənilir. Yəni, ermənilər qapı arxasında qalacaqlar. Amma neynirsən, bu özündən razı korazehinlər hələ də zülmətdə fırlanırlar və dərk edə bilmirlər ki, ağıllı olmaq görsənmək yox, sadəcə, ağıllı hərəkət edib, ağıllı olmaq gərəkdir. Bunun üçünsə reallığı qiymətləndirib nəzərə almaq lazımdır.
N.NOVRUZ

Sizin Reklam Yeriniz