Əlaqə Arxiv
news Image
2018.11.21
09:15
| A A A
İrəvan bütün dəstəklərdən məhrum olur
Elşən Manafov: “Rusiyadan gələn bu kimi açıqlamalar Ermənistan iqtidarına təzyiq və xəbərdarlıqdır”

“Dağlıq Qarabağ zonasında müharibə başlayacaqsa və hərbi hərəkətlər Ermənistan ərazisinə keçməyəcəksə, Rusiya bu prosesə qarışmayacaq”. Bu barədə rusiyalı hərbi ekspert Aleksandr Xramçik deyib. 

Qeyd edək ki, Ermənistan kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olaraq həmişə hədə-qorxu ilə danışmağa meylli olub. Ancaq 2016-cı ilin aprel döyüşləri göstərdi ki, hərbi əməliyyatlar Ermənistan ərazisindən kənarda baş verəcəyi halda, Rusiya başda olmaqla KTMT İrəvana heç bir dəstək verməyəcək.  Yəni, KTMT nizamnaməsinə görə, ancaq quruma üzv ölkəyə kənardan müdaxilə olacağı təqdirdə, digər üzvlər həmin ölkəyə dəstək verə bilərlər. Dağlıq Qarabağ ərazisi isə Azərbaycan torpağıdır. KTMT üzvləri də, Ermənistan istisna olmaqla həmin ərazini Azərbaycanın ərazisi kimi tanıyır. 
Başqa bir tərəfdən, KTMT üzvlərinin hər birilə Azərbaycan arasında sıx münasibətlər formalaşıb. Hətta Ermənsitana dəstək olan Rusiya ilə də son zamanlar Bakının əlaqələri sürətlə möhkəmlənir. Digər üzvlər isə ümumiyyətlə, Ermənistandan daha çox Azərbaycanla əlaqələrdə maraqlıdır. KTMT-nin Astanada olan son sammiti də göstərdi ki, qurum üzvləri arasında Ermənistana olan inam və etibar tamamilə itib. Bu da daha çox hazırkı Ermənistan iqtidarının yürütdüyü qərbpərəst siyasətlə bağlıdır. Bütün bunların nəticəsi olaraq, son dövrlər Rusiyada Ermənistan və onun yürütdüyü siyasət əleyhinə fikir və xəbərdarlıqlar daha çox səslənməyə başlayıb. 
Rusiya mediasında, ekspert dairələrində İrəvana ünvanlanan bu tip xəbərdarlıqların sayının sürətlə artması nə ilə bağlıdır? 
Politoloq Elşən Manafov bildirdi ki, Moskva bu kimi açıqlamalarla Rusiyanın qoyduğu qırmızı xətdən kənara çıxması fonunda yaranmış vəziyyətin Ermənistan üçün fəlakətli nəticələrə səbəb olacağı barədə xəbərdar edir: “Rusiyalı hərbi ekspertin sözügedən açıqlaması Ermənistanın indiki iqtidarına Dağlıq Qarabağda hərbi əməliyyatların başlayacağı təqdirdə şimal ölkəsinin siyasi elitasının mövqeyinin açıqlanması baxımından bir xəbərdarlıq kimi qəbul oluna bilər. Çünki adı çəkilən politoloq Aleksandr Xramçik Rusiyada Kremlə yaxınlığı ilə seçilən şəxslərdən biridir. Onsuz da bu açıqlama olmasaydı belə, Rusiya ilə Ermənistan arasında münasibətlərin kifayət qədər rəvan getdiyi Sarkisyanın iqtidarda olduğu dönəmlərdə də Rusiya Qarabağdakı  hərbi əməliyyatlara birbaşa qoşulmamışdı. 2016-cı ilin aprel döyüşlərində də Rusiya birbaşa hadisələrin gedişaatına müdaxilə etmədi. 
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı isə təkcə Rusiyadan ibarət deyil, qurum Moskvanın patronajlığı altında yaransa, Qərbdə Rusiya NATO-su kimi tanınsa da, burada şimal ölkəsilə yanaşı, Belarus və Qazaxıstanla Qırğızıstan kimi türkdilli ölkələr də təmsil olunur. Bu dövlətlərin də Ermənistanla münasibətləri bəllidir. KTMT Ermənistan nümayəndəsi Yuri Xaçaturovun tutduğu vəzifədən kənarlaşdırılmasından sonra da, İrəvan daha iki il ərzində həmin quruma rəhbərlik edə bilərdi. Lakin yaranmış vəziyyətdən istifadə edib, nursultan Nazarbayev quruma Belarus təmsilçisinin rəhbərlik etməsini daha məqbul bildi. Güman edirəm ki, həmin məsələ Kremlin özü tərəfindən də razılaşdırılıb. Ən əsası KTMT-də olmalarına baxmayaraq, adını çəkdiyim dövlətlər Azərbaycanla əlaqələrə böyük önəm verir. Azərbaycan Prezidentinin Belarusa olan son səfəri də göstərdi ki, KTMT üzvü olmasına baxmayaraq, Minsk Bakı ilə ikitərəfli münasibətlərə daha böyük önəm verir. Çünki, Azərbaycanla münasibətlərdən Minskinin götürdüyü gəlir və mənfəət göz qabağındadır. 
Xatırladaq ki, bir neçə il öncə məhz Minskinin xahişilə Azərbaycan Belarusa 200 milyon dəyərində kredit də ayırmışdı. Yəni adını çəkdiyim dövlətlər Azərbaycanın hansı imkanlara malik olduğundan xəbərdardır. Onlar Bakının razılıq verəcəyi təqdirdə, onu da KTMT-də görmək istəyirlər. Lakin ölkəmizin bu qurumda təmsilçiliyi o zaman baş tuta bilər ki,  Moskva başda olmaqla qurumda ən yüksək səviyyədə Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli məsələsinin vacibliyi öz əksini tapsın. Belə olan halda Azərbaycan həmin təşkilatla münasibətlərin yeni formatına baxa bilər. Amma bütün hallarda Rusiyadan gələn bu kimi açıqlamalar Ermənistan iqtidarına təzyiq və xəbərdarlıqdır. O mənada ki, gələn ay Ermənistanda parlament seçkiləri keçiriləcək və Paşinyanın Qərb istiqamətində inteqrasiya prosesini sürətləndirməklə
bağlı mövqeyi Moksvanı qane etməyəcək. İrəvanın Rusiyadan asılılığı isə təkcə hərbi kontekstdə deyil, maliyyə, iqtisadi kontekstdə də bu asılılıq var. Belədə, Qərbin qısa zaman kəsiyində Ermənistanı Rusiyanın təsiri altından çıxarmaq üzrə planının həyata keçəcəyi hələlik şübhə altındadır. Bu mənada da sözügedən açıqlamalar İrəvana bir mesajdır”.
Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz