Əlaqə Arxiv
news Image
2018.11.22
10:21
| A A A
Azərbaycanın “Polonez” raketləri Ermənistanın ordumuzdan qorxusunu daha çox artırır
Ədalət Verdiyev: “Ermənistanın Belarusdan Azərbaycana hansısa yaylım atəş sistemlərinin çatdırılmasına qısqanclıqla yanaşması heç nəyi dəyişməyəcək” Vasif Əfəndi: “Azərbaycan KTMT-nın üzvü olmasa da, bu təşkilatda ölkəmizə qarşı hər hansı bir planın hazırlanması mümkün deyil”

“Hələ üç ay öncə “Polonez”lərin Azərbaycana çatdırılması ilə bağlı müqavilə imzalanmışdı, hərçənd, həmin vaxt KTMT-də baş katib Ermənistanın nümayəndəsi idi”. Bunun Ermənistanda baş nazir səlahiyyətini icra edən Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa səfəri zamanı bu ölkə ilə hərbi-texniki əməkdaşlıq haqqında memorandum imzalanmasına münasibət bildirkən deyib. 

O əlavə edib ki, biz bu sazişlərə qarşı çıxırıq: “Hesab edirik ki, KTMT-də əməkdaşlıq ruhuna və Ermənistanın maraqlarına ziddir. Bu məsələdə ən əhəmiyyətli məqam budur ki, biz izahatları almalıyıq, hər bir ölkə üçün tərəfdaşlığın öhdəlikləri aydın olmalıdır. Biz o ittifaqın öhdəliklərini yerinə yetiririk ki, burada bəzi tərəfdaşlarla tərəfdaşlıqdan danışmaq mümkün deyil”. 
Siyasilərin fikrincə, bu açıqlamalar KTMT-də Ermənistanın tam məğlubiyyətə uğradığının daha bir təsdiqidir. Həmçinin Azərbaycanın bu platformada uğurlu manevrlər etməsi, eləcə də Belarus ilə hərbi əməkdaşlıq memorandumunun imzalanması İrəvanın təcridini dərinləşdirəcək. Hərbi məsələlər üzrə ekspert Ədalət Verdiyev bildirir ki, Nikol Paşinyan tərəfindən daxili auditoriyaya hesablanmış seçkiqabağı bəyanatların səsləndirilməsinə vərdiş etmişik: “Azərbaycan Belarus ilə uzun müddətdir əməkdaşlıq edir. Belarus istəmədən son zamanlar KTMT ətrafında baş verən proseslərə cəlb edilib. Amma Azərbaycanın Belarus ilə olan münasibətləri Ermənistanın KTMT-nin sədri olmadığı müddətdə də eyni tərzdə davam edib. 
Ermənistanın Belarusdan Azərbaycana hansısa yaylım atəş sistemlərinin çatdırılmasına qısqanclıqla yanaşması heç nəyi dəyişməyəcək.  “Polnez” yaylım atəş sisteminin Azərbaycan maliyyə dəstəyinin köməyi ilə həyata keçirildiyi məlum olub. Lakin Ermənistanın inciməyə haqqı yoxdur. Görünür, Bakının uğurlu siyasəti N.Paşinyanın KTMT-də neytrallaşması ilə yekunlaşıb. 
Ermənistanın narahatçılıq yaşamasının səbəblərindən biri də ordusunun vərdiş etdiyi Sovet silahlarından fərqli silahlarla mübarizə apara bilməməsindən irəli gəlir. Ermənistanın KTMT-də qalıb-qalmaması, onlardan izahat tələb etməsi, tərəfdaş öhdəliyi ilə bağlı tənqid etməsi heç bir hüquqi əsaslara söykənmir. Onsuz da münaqişəsinin əvvəlindən Qazaxıstan, Belarus davamlı olaraq Azərbaycanı dəstəkləyiblər. Paşinyan bu iclaslarda təzədir. Belə zərbələrə alışacaq. Lakin hadisələrin gedişatı göstərir ki, KTMT-də Ermənistanın nüfuzu kifayət qədər aşağı düşüb. Azərbaycan tərəfindən atılan uğurlu addımlar İrəvanın getdikcə təcridini, bu da öz növbəsində Ermənistan ilə KTMT arasında uçurumu dərinləşdirəcək”.
Politoloq Vasif Əfəndi isə bildirdi ki, Azərbaycan ilə Belarus arasında müstəqillik dövrü ərzində diplomatik münasibətlər qurulmasından 25 il ötdü: “Bu illər ərzində hər iki ölkə maksimum dostluq və qardaşlıq prinsiplərinə sadiqlik nümayiş etdiriblər. İndiyə qədər ölkələrimiz arasında etimadsızlıq və ya hər hansısa diplomatik narazıqlıqlar baş verməyib. MDB-də təmsil olunmağımızla yanaşı, ikitərəfli münasibətlərimiz strateji müttəffiqlik səviyyəsinə qalxıb. Son bir neçə il ərzində bu münasibətlər daha da möhkəmlənib. 
Bundan başqa, hərbi əməkdaşlıq və Belarus istehsalı olan hərbi texnikaların alınması istiqamətinə mühüm addımlar atılıb. Bu yaxınlarda isə Belarus Prezidenti cənab Aleksandr Lukaşenko ölkəmizin səfirini qəbul edərək Kollektiv Təhlükəsizlik Müdafiə Təşkilatının işi barədə onu məlumatlandırması üzv olan Ermənistanın narazılığına səbəb olub. Ermənistanın  etirazı başadüşüləndir. Kollektiv Təhlükəsizlik Müdafiə Təşkilatı səlahiyyətlərinə aid məsələnin müzakirəsi Ermənistanı özündən çıxardıb”.
Politoloq əlavə etdiki, KTMT-də təmsil olunan dost ölkələr sayəsində bu təşkilatda qəbul edilən qərarlarla tanışlığımız çox vacibdir: “Azərbaycan KTMT-nın üzvü olmasa da, bu təşkilatda ölkəmizə qarşı hər hansı bir planın hazırlanması mümkün deyil. KTMT-nin ən fəal və aparıcı üzv dövlətləri Belarus və Qazaxıstan birmənalı şəkildə Azərbaycanın maraqlarını müdafiə edirlər. Belarus Respublikasının Prezidentinin bütün səviyyələrdə ölkəmizin maraqlarına toxunacaq qərarlarda iştirak etməyəcəyini  əminliklə demək mümkündür. Təbii ki,biz də öz növbəmizdə Belarusun dar günündə yanında olmuşuq”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz