news Image
2018.12.04
09:54
| A A A
Almaniya Qarabağ münaqişəsinin davam etməsini istəmir
Adıgözəl Məmmədov: “Tarixə nəzər salsaq, görərik ki, həmişə Almaniya Azərbaycanın maraqlarından çıxış edib” Vasif Əfəndi: “Almaniya-Azərbaycan münasibətləri kifayət qədər sabit və qarşılıqlı simpatiya ilə üzərində qurulub”

"Almaniya postsovet məkandakı münaqişələrə göz yuma bilməz". Bunu Almaniya kansleri Angela Merkel deyib. Onun sözlərinə görə, bu münaqişələr həmin ölkələrin istədikləri kimi inkişaf etməsinə əngəl törədir: "Buna göz yuma bilmərik”. 

Siyasilərin fikrincə, bu açıqlama Almaniyanın Qarabağ münaqişəsinin həllində fəallaşacağına işarə verir. Politoloq Adıgözəl Məmmədov bildirir ki, Almaniya artıq həm iqtisadi, həm də siyasi potensialına görə, anqlosakson siyasi çevrəsindən kənara çıxmağa başlayıb: “Özünün müstəqil siyasətini yeridir. ABŞ Rusiya karbohidrat yataqlarının Avropaya çıxarılmasının qarşısını almaq, Avropanın Rusiyadan asılılığının qarşısını almaq üçün Avropanı Rusiyaya ilə əməkdaşlıqdan qaçındırmağa çalışır. Ancaq hazırda ABŞ-ın milli maraqlarına qulluq etməyən iki dövlət varsa, biri Türkiyə, biri də Almaniyadır. Məsələn, “Türk Axını” layihəsinin həyata keçirilməsi ABŞ-ın regionda istəyinə qarşı demarş idi. Almaniya haqqında da eyni sözü demək olar. 
“Şimal Axını-1”  və “Şimal Axını-2” kəmərləri çəkilir. “Türk Axını”nın ötürücülük qabiliyyəti 32 milyard kubmetrdir. Lakin “Şimal Axını-2”in həcmi isə 56 milyard, “Şimal Axını-1”  isə 27 milyard kubmetrdir. Yəni, Almaniya bütün təzyiqlərə baxmayaraq, Rusiyadan qazı almaqda davam edir. Hətta Rusiyanın «Şimal Axını-2» layihəsinin təmin edilməsində alman şirkətləri investor kimi iştirak edir. Alamniya hətta bu kəmərin almandilli ölkələrə qədər uzadılmasına çalışır. Yəni, Almaniya regionda ABŞ-ın həyata keçirdiyi siyasətlə razı deyil. 
Almaniyanın regionda öz maraqları var. O, həmçiin ümumi Avropa maraqlarından çıxış edir. Bu gün Avropa Birliyinin yükünü Almaniya daşıyır. Lakin Qarabağ məsələsində gələcəkdə Almaniyanın mövqeyinin necə olacağını proqnoz etmək çətindir. Tarixə nəzər salsaq, görərik ki, həmişə Almaniya Azərbaycanın maraqlarından çıxış edib. Yəni, ədalətli mövqe sərgiləyib”.
Digər siyasi şərhçi Vasif Əfəndi bildirir ki, Angela Merkel hakimiyyəti dövründə Almaniya-Azərbaycan münasibətləri kifayət qədər sabit və qarşılıqlı simpatiya ilə üzərində qurulub: “Bu münasibətlər 2015-ci ildə daha da qabarıq şəkil aldı. 2015-ci ilin yanvar ayında Azərbaycan Prezidentinin Almaniya səfəri zamanı xanım Merkel cəsarətli bəyanat verərək, öz dəstəyini bildirmişdi. Baxmayaraq ki, ölkəmizə beynəlxalq qurumlar tərəfindən basqılar var idi. Həmin vaxt Merkel "Rusiya və Ermənistan Qarabağ məsələsində eyni mövqedən çıxış edir" deməklə, Qarabağın faktiki olaraq, Rusiya tərəfindən işğal olunmasını dilə gətirmişdi. O zaman ölkəmizə qarşı aparılan insan haqları ilə bağlı təzyiqlərin fonunda bu səfəri reallaşdırmaq böyük cəsarət və siyasi iradə tələb edirdi. Bütün bu iradlara baxmayaraq, Almaniya Azərbaycan Prezidentini yüksək səviyyədə qarşıladı. 
Son 3 ildə ölkələrimiz arasında iqtisadi və siyasi əlaqələrin arzuedilən səviyyədə olması üçün bu əlaqələrin daha da artacağı istiqamətdə mühüm işlər görülməkdədir. Almanlar Azərbaycanın infrastrukturunun bərpası və digər sahələrə investisiyalar qoymaq niyyətlərini gizlətmirlər. Bu fonda Azərbaycanın Qərblə münasibətlərinin korlanmasını istəyən qüvvələr  hələ də məyusdurlar. Onu da əlavə etmək lazımdır ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyini öz üzərinə götürən ölkədir”.
Politoloq əlavə etdi ki, Angela Merkelin Dağlıq Qarabağ məsələsi barədə yenidən danışması xarici siyasətimizin uğurudur: “Avropanın lokomotivi rolunda çıxış edən Almaniyanın Qarabağ probleminin həllinə öz töhfəsini vermək istəməsi yaxşı haldır. Eyni zamanda xanım Merkel bir neçə ildir Almaniyanın ATƏT-in Minsk qrupunun həmsədri olmaq barədə təklif səsləndirir. Xanım Merkelin son bəyanatı  bölgədə ciddi proseslərin gedəcəyinə işarədir. Belə ki, Gürcüstan və Ermənistanda baş qaldıran antirusiya hərakatı davam edəcək. 
Şübhəsiz ki, bu iki ölkə Ruisyanın təsir dairəsindən çıxacaq. Bu şəraitdə Azərbaycan Qərblə münasibətləri maksimim qoruyub saxlayaraq, Dağlıq Qarabağ probleminin həlli istiqamətində səylərini və Ermənistana təzyiqləri artırmalıdır. Beynəlxalq qurumların Ermənistanla münasibətləri yaxşılaşdırmalarını, problemin həlli ilə məşğul olmaq təkiliflərini qəbul etməmək lazımdır. İlk növbədə işğal olunmuş ərazilərin bir qismi azad edilməlidir və sonra Ermənistanla əlaqələrin yaxşılaşdırılması barədə düşünmək olar”.
Mübariz BAYRAMOV