Əlaqə Arxiv
news Image
2018.12.07
07:00
| A A A
Qərb yenə ikili standartlar sərgilədi
Nəzakət Məmmədova: “Avropa və ABŞ bəzi hallarda öz maraqları naminə hətta ən ali dəyər hesab etdikləri insan hüquqları və demokratiyanı qurban verə bilirlər” Elman Məmmədov: “Ən çox insan haqlarının pozulduğu yer məhz Ermənistandır”

Hakimiyyət dəyişikliyindən bu günə qədər  Ermənistanda siyasi sabitlik bərqərar olmayıb. Hətta dekabrın 9-da keçiriləcək parlament seçkilərindən sonra gərginliyin daha da artacağı istisna edilmir. Bu günlər ərzində isə Ermənistandakı mövcud hakimiyyət bacardığı qədər rəqiblərinə qarşı administrativ, inzibati metodlardan istifadə edir. Hətta həbs olunanlar da oldu. 

Belə məqamda diqqət çəkən odur ki, siyasi təqiblərə, qanun pozuntulara qarşı Qərbin, insan haqları ilə məşğul olan təşkilatların səsi çıxmır. Yəni, yenə də ikili standartlar, yenə də maraqlar ön sıradadır. Politoloq Nəzakət Məmmədova bildirir ki, Qərbə lazım olan onun İran və Rusiyaya qarşı Ermənistanı geosiyasi savaş poliqonuna çevrilməsinə imkan verə biləcək qüvvənin hakimiyyətə gəlməsidir: “Qərb bu səbəbdən hesab edir ki, böyük strateji və geosiyasi məqsədlər naminə bu cür hallara göz yummaq olar. Avropa və ABŞ bəzi hallarda öz maraqları naminə hətta ən ali dəyər hesab etdikləri insan hüquqları və demokratiyanı qurban verə bilirlər. Bu, təkcə Ermənistan nümunəsində deyil. Onilliklər boyunca Latın Amerikası, Afrika, Asiya, Yaxın Şərq ölkələrində bu, belə olub. Hətta burada çox məşhur bir hadisə yada düşür. ABŞ Nikaraquada çevriliş edib Paşinyan kimi birisini - Somosanı hakimiyyətə gətirir. Sonra həmin adamın az qala ölkəsində diktatura yaratması, demokratik azadlıqları boğması haqda xəbərlər gəlir. Onun barədə tədbir görüb-görməmək haqda müzakirələr olanda prezident Ruzvelt deyir: "Doğrudur, o, yaramazdır, əclafdır, amma axı o, bizim əclafdır!".
İndi Paşinyana da görünür, müəyyən azadlıqlar, kart-blanş verilib ki, o, Qərbin Ermənistanda möhkəmlənməsi üçün istənilən vasitədən istifadə etsin və məsələlərə Makiavelistcəsinə yanaşsın. Digər tərəfdən, axı, heç Rusiya da buraya gül-çiçəklə, demokratiya ilə gəlməyib ki, indi onu buradan elə demokratiya yolu ilə çıxarsınlar. Odur ki, geosiyasi maraqlara nail olmaq üçün demokratiya qurban verilib və indi də verilməkdədir. Biz Orta Şərqdə də görürük ki, enerji, geosiyasi nüfuz savaşında nəinki demokratik azadlıqlar, hətta milyonlarla insanların həyatı qurban verilir, dövlətlərin sərhədləri güc yolu ilə dəyişdirilir, terror təşkilatları yaradılır və s. Bunlar hamısı heç də hər zaman əsl demokratiya üçün yox, dediyimiz kimi strateji maraqların həyata keçməsi üçün edilir. Ermənistan da bu məsələdə istisna edilmir.
Qərb yaxşı bilir ki, ermənilər kriminala, separatizmə meylli xalqdır. Onların tarixi təkamülündə, siyasi mədəniyytində demokratiya anlayışı olmayıb, bu gün də yoxdur. Çünki işğal, separatizm ilə demokratiya bir araya sığan dəyərlər deyil. Avropa ölkələrinin malik olduğu demokratik dəyərləri burada qurmaq üçün yüzillər lazımdır. Ermənistanda bunun üçün zəmin yoxdur. Geosiyasi maraqlar isə gözləmir. İran, Rusiya, Türkiyəyə, Çinin qlobal layihələrinə qarşı Ermənistan plasdarm olaraq ABŞ-a lazımdır. Ona görə də özünün bu ölkədə möhkəmlənməsi üçün demokratiyanı arxa plana atmaqdan çəkinmir. Demokratiya gözləyə bilər, geosiyasi maraqlar isə hər an dəyişə bilər”.
Millət vəkili Elman Məmmədov bildirdi ki, Qərb institutları indi yox, heç vaxt Ermənistana qarşı cəza tədbiri görməyiblər: “Çünki, Ermənistana elə onlar havadarlıq edib. İşğal, soyqırım, insan haqlarının pozulması məsələlərində əlbidilər. Çünki Avropanın özü tarixi işğalla bağlıdır. Ermənilər də onların yolu ilə gedirlər. Ona görə də erməniləri həmişə müdafiə ediblər. 
Qərb hansısa dövlətin güclənməsini istəmədikdə, onun dövlətçilik maraqlarına zərbə vurmaq lazım gəldikdə oradakı insan haqlarından danışmağa başlayıb. Bu, onların hansısa dövlətdə çevriliş etmək üçün istifadə etdiyi ucuz üsullarından biridir. Halbuki, ən çox insan haqlarının pozulduğu yer məhz Ermənistandır. Bu fonda isə heç bir irad yoxdur”.
Millət vəkili əlavə etdi ki, Ermənistanda vəziyyət getdikcə gərginləşəcək: “Seçkilərdə hansı qüvvələrin qalib gəlməsi prosesi fonunda ciddi çaxnaşmalar qaçılmazdır. Əminəm ki, insan haqları ilə məşğul olan qurumlar ortaya heç bir mövqe qoymayacaqlar. Çünki Ermənistanın bütün şər əməllərinin ilhamvericisi onların özləridirlər”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz